Veyllənən ruh əməliyyatı
Veyllənən ruh əməliyyatı (ing. Operation Wandering Soul) — Vyetnam müharibəsi zamanı ABŞ qüvvələri tərəfindən həyata keçirilən təbliğat kampaniyası və psixoloji müharibə səyləri. Bu, Vyetkonq qüvvələrində fərarilik hallarını artırmaq və onların mənəviyyatını zəiflətmək cəhdi idi.
Əksər mədəniyyətlərdə olduğu kimi, Vyetnam mədəniyyətində də ölülərə ehtiram göstərmək haqqında inanclar və mərasimlər var. Vyetnam mədəniyyəti mərhumun nəşinin düzgün formada dəfn edilməsini tələb edir və güman edilir ki, bu baş verməsə, mərhumun ruhu yer üzündə dolaşmağa davam edir və beləliklə, o, bir ruha bərabər olan "veyllənən ruh"a çevrilir. İnanca görə, onlarla bəzən ölüm ildönümündə və öldüyü yerin yaxınlığında əlaqə saxlamaq mümkündür. Vyetnamlılar bu ölü ruhları bayram günlərində vəfat etdikləri yeri ziyarət edərək ehtiram göstərirlər. ABŞ Vyetnam müharibəsində bundan öz xeyrinə istifadə etmiş və ölmüş dostlarının səs yazısını səsucaldıcılarına verməklə Vyetkonq qüvvələrini aldatmağa çalışmışdır.
ABŞ mühəndisləri öldürülən Vyetkonq əsgərlərinin rolunu daşıyan qorxunc və dəyişdirilmiş səsləri lentə yazmaq üçün həftələr sərf etmişdilər. ABŞ komandanlığı həmçinin, etibarlılığı artırmaq məqsədilə səsyazılarını lentə almaq üçün Cənubi Vyetnam əsgərlərindən istifadə etmişdir.