Bu səhifə və ya bölmənin müəlliflik hüququ pozuntusu olduğu güman edilir. |
İordaniya coğrafiyası — İordaniya dövləti Cənubi-Qərbi Asiyada Aralıq dənizinin şərqində yerləşmişdir.
Ərəbcə Məmləkə-Əl Ürdüniyyə adlanan İordaniya dövləti Cənubi-Qərbi Asiyada Aralıq dənizinin şərqində yerləşmişdir.
Sahəsi 89,2 min kvadrat km-dir. Sahəsinin böyüklüyünə görə dünya dövlətləri arasında 110-cu yeri tutur. Ölkə Suriya, İraq, Səudiyyə Ərəbistan və İsraillə həmsərhəddir. Əslində İordaniyanın Fələstinlə də dövlət sərhədi olmalı idi. BMT-nin müstəqil Fələstin dövləti üçün hələ 1947-ci ildə ayırdığı torpaqları İsrail zəbt etdiyindən hələlik bu sərhəd rəsmi dövlət səviyəsində mövcud deyil. Ölkənin cənubdan kiçik məsafədə Qırmızı dənizin Əqəbə körfəzinə çıxışı var.
İordaniyanın təbiəti ilk baxışda yeknəsəq görünsə də onun özünəməxsus çalarları, gözəllikləri və qəribə təzadları vardır. Ölkə ərazisinin çox hissəsini əsasən şərqə doğru alçalan səhra və yarımsəhralar tutur. Şərqdəki qumlu səhralaradan qərbə getdikcə relyef tədricən dəyişir, yəni hündürlük 400-500 metrdən 1200-1800 metrə qədər yüksəlir. Nisbətən hündür dağlar ərazinin cənubundadır. Məsələn, Ram dağının hündürlüyü 1754 m, Əş-Şəranın hündürlüyü isə 1734 metrə bərabərdir.
Ölkənin səth qurluşundakı təzadlardan biri də ondan ibarətdir ki, Şərq hissədəki səhra və yarımsəhralar zonasını, qərbdəki, qismən dağlıq ərazini şimaldan cənuba doğru meridian istiqamətində uzanan Qhor tektonik çökəkliyi ayırır. Bu çökəkliyin cənub davamını əlƏrəb vadisi təşkil edir. Ölkənin, demək olar ki, yeganə çayı olan İordan bu çökəkliklə axır və dünya ədəbiyyatında məşhurlaşan Ölü dənizə tökülür. Qhor çökəkliyi planetimizin ən dərin çökəkliyi hesab edilir. Dərinliyi okean səviyyəsindən 793 metr aşağıdır. Eni 7–8 km, bəzi yerlərdə 20–25 km-ə çatır.[1].
İordaniya faydalı qazıntılarla o qədər də zəngin deyil. Ölkə ərazisinin çox hissəsi, xüsusilə şərq bölgəsində faydalı qazıntıları aşkar etməkdən ötrü geoloji kəşfiyyat işlərini aparmaq nisbətən çətindir, çünki bu bölgədə su mənbələri, demək olar ki, yox dərəcəsində olmaqla yanaşı mövcud yeraltı sərvətlər yaşayış məntəqələrindən və ya magistral yollardan uzaqda yerləşmişdir. Buna görə də ölkədəki təbii sərvətlər o qədər də yaxşı öyrənilməmişdir. Ölkənin ən mühüm faydalı qazıntısı ərazinin əksər yerlərində rast gəlinən yüksək keyfiyyətli fosforit yataqlarıdır.
Fosforit ehtiyatına görə Ürdün regionda birinci, dünyada isə beşinci yeri tutur. Ürdündə fasforiti «boz qızıl» adlandırırlar. Ölkənin ən böyük fosforit yataqları Ər-Rüseyf, Ən-Həsa və Şeydidə cəmləşmişdir. Bu yataqlar içərisində ən perspektivlisi Şeydi yatağıdır. Fosforitlə yanaşı ölkə mineral duzlar və tikinti materialları ilə də zəngindir. Ölü dəniz müxtəlif duz ehtiyatının xəzinəsidir. Burada duzun ehtiyatı 40 mln. tondan artıqdır. Ölü dənizin təbii sərvətlərindən səmərəli istifadə etmək məqsədilə 1982-ci ildə Lisan yarımadasında emaledici müəssisə tikilib istifadəyə verilmişdir.
Ürdün tədricən dünyanın iri gübrə istehsalçılarından birinə çevrilə bilər. Fosfor və duzlardan əlavə ölkədə ehtiyatı böyük olmayan dəmir, mis, manqan filizləri və uran yataqları aşkar edilmişdir.
İordaniya ərazicə kiçik dövlət olsa da, relyefinin müxtəlifliyi, həmçinin ölkənin yerləşdiyi coğrafi enlik burada yayı isti və quru, qışı yumşaq və nisbətən rütubətli keçən subtropik iqlimin formalaşmasına səbəb olmuşdur. İlin təqribən 6-7 ayında havalar çox isti və quru olur. Bəzi aylarda heç bir damla da yağış yağmır. Yağıntılara yalnız oktyabrdan-aprelə qədər təsadüf edilir. Orta illik yağıntının miqdarı ərazinin şimal-qərbində 400–500 mm, şərqində isə 100–120 mm-dir.
Ölkənin müxtəlif rayonlarındakı iqlim şəraiti relyefin müxtəlifliyi ilə izah olunur. Bu səbəbdən şərq bölgədə havanın orta temperaturu yanvarda 7-9 dərəcə C (İordan çayının sahillərində 15-16 dərəcə C), iyulda 28-38 dərəcə C (Qhor vadisində 48-50 dərəcə C) arasında dəyişir.[1]. Ölkənin şərqindəki səhra zonasında bu iqlim göstəricilərinin kəmiyyəti bir qədər yüksək olur. Yəni sutkalıq və aylıq amplituda artdığından iqlim sərtləşir. Ölkənin bütün ərazisi üçün yay mövsümündə qeyri-müntəzəm və daima əsən qərb küləkləri səciyyəvidir. Ərəbistan yarımadasındakı səhralardan əraziyə «Sirokko» adlanan qızmar külək əsir. Sirokko otları, əkinləri yandırır məhv edir, qum fırtınaları yaradır. Bu səbəbdən də ölkədə bitki örtüyü çox kasıbdır. Yalnız səth axınları olan yerlərdə xurma və zeytun plantasiyaları salınmışdır.
Ölkədə həqiqi mənada su mənbəyi olan cəmi bir çay var. Bu, daimi axara malik olan İordan çayıdır. Bundan əlavə vadilər, quru dərələr, payızda yağışlar mövsümü zamanı sulu olurlar. Bu yağış sularını toplayıb suvarmada istifadə etmək ötrü ölkədə bəndlər tikilmişdir.
İordan çayı ölkədə daimi axarlı su arteriyasıdır. Çayın ümumi uzunluğu 252 km-dir. Mənbəyini Hərmun dağ massivindəki Cəbələş-Şeyl silsiləsindən götürən çay Qhor cökəkliyi ilə axaraq Huma və Təbəriyyə göllərindən keçib Ölü dənizə tökülür. Çay öz axarı boyunca çoxlu astanalar əmələ gətirmişdir.[1]. Bu çay üzərində su elektrik stansiyası da tikilmişdir. Maraqlı cəhətlərdən biri də budur ki, xristianların və müsəlmanların müqəddəs yazılarında İordan çayı haqqında çoxlu əfsanələr, rəvayətlər mövcuddur. Xristianların müqəddəs yazılarında göstərilir ki, İsa Peyğəmbər (İisus Xristos) İordan çayında xaç suyuna salınmış, yəni xristianlığı qəbul etmişdir.[2]
Ürdünü məşhurlaşdıran təkcə təbiətindəki müxtəliflik deyil, həm də milyon illərlə burada qərar tutan Ölü dənizdir. İordan çayı, səthə çıxan bulaqlar və digər kiçik axarlar həyat mənbəyi, yaşıllıqlara təkan verən amil olduğu halda, ölkədəki nadir su hovuzu olan Ölü dəniz hər şeyi məhv edib duza döndərir.
Ölü dəniz Cənub-Qərbi Asiyanın axarsız göllərindən biridir. Mənası öz adını ifadə edir. Cünki bəzi bakteriyalar istisna olmaqla onun suyunda heç bir canlı varlıq yaşaya bilməz. Ölü dənizdəki duz məhlullarının qalıqları dünya okeanı suyundan 7,5 dəfə artıqdır. Suyun səthində uzanan adamlar duzun xışıltısını eşidir. Ölü dənizdə suyun orta duzluluğu 260-270 promilldir. İordan çayındakı balıqlardan təsadüfi üzüb gölə gələnlər dərhal ölür və duzun içərisində daş kimi bərkiyir. Dənizin sahəsi 1050 kv. km, uzunluğu 76 km, maksimum dərinliyi 356 metrdir. Ürdünlülər Ölü dənizi müqəddəs sayır və onun haqqında çoxlu əfsanələr söyləyirlər. Arxeoloqlar 1955-ci ildə Ölü dənizin yaxınlığında aşkar etdikləri mağaradan dulusçuluq əşyaları və məişətdə işlədilən digər əşyalar tapmışlar. 1960-cı ildə dənizdə tədqiqat aparan arxeoloji ekspedisiyanın mütəxəssisləri 70 metr dərinlikdə qədim zamanlarda yoxa çıxan iki qədim şəhərin – Sadoma və Qomorra şəhərlərinin xarabalıqlarını və eni təqribən 4 metr olan yol aşkar etdilər. Mənbələrdən görüldüyü kimi 3-4 min əvvəl Ölü dənizin səviyyəsinin ən aşağı düşdüyü vaxtlarda romalılar burada yol çəkmişlər.
Dənizin suyundakı duz adamların dərisindəki yara-xoranı sürətlə azaltmaq xassəsinə malikdir. Əfsanəyə görə İbrahim peyğəmbərin Lut adlı nəvəsini Sadoma və Qomorra dağılarkən mələklər ölümdən xilas edib, o burada sığınacaq tapıb. Hətta indinin özündə də aydın və sakit havada ən yüksək təpədən baxanda dənizin dibində həmin şəhərlərin xarabalıqlarını görmək olar.
Ürdündə iri su mənbələri, göllər olduqca azdır. Nisbətən iri və sulu gölü Əl-Əzraqdır. Bu gölün suyu borular vasitəsilə ölkədə içməli suyun çatışmadığı onlarca yaşayış məntəqəsini təmin etməyə imkan verir. Bu gölün yerləşdiyi bölgə milli park elan edilmişdir. Bu bölgədə məskunlaşan fauna və flora aləmi dövlət tərəfindən qorunur.
Ölkə ərazisində isti su mənbələri də mövcuddur. Zərqameyn qaynar bulağı bu qəbildəndir. Əfsanəyə görə vaxtilə burada çar Böyük İrodun hamamı yerləşərmiş. Bu qaynar bulaq eyni zamanda böyük müalicə ocağıdır. Turistlər bu ekzotik İrod hamamında özlərini buğa vermək və müalicə olmaq fürsətini əldən vermirlər. Lakin turistləri qorumaq üçün polislər növbə çəkirlər. Çünki özlərinin ənənələrinə sadiq qalan bədəvilər əksər hallarda alt paltarında çimirlər. Buna görə də paltarını tam soyunub lüt çimən avropalıları daşa basır, təhqir edirlər.
Nisbətən rütubətli sahələrdə təbii şəkildə bitən yulğun kollarına rast gəlmək olar. Ölkədə qısaömürlü elə gül növləri var ki, onlar qızmar hava şəraitində çiçəkləyib kürəciklər əmələ gətirirlər. Kürəciklər torpağa quma düşüb rütubətli mövsüm başlayana qədər qalır, sonra isə yenidən göyərirlər.
Dəvətikanı səhraların maraqlı bitkilərindəndir. Bu bitki qızmar günəş istisində kiçik yarpaq açıb yaşıl rəng alır. Maraqlı burasıdır ki, digər səhra bitkiləri istiyə, susuzluğa davam gətirməyib məhv olduğu halda dəvətikanı 20 m-dən aptıq dərinliyə kök atır və qrunt suları ilə qidalanır. Ölkədə bitki örtüyü kimi fauna aləmi də kasıbdır.
Bəzən ölkə ərazisindəki çökək, alçaq səthlərdə su, rütubət, nəmlik nişanələri, həmçinin qrunt sularının səthə yaxın olduğu ərazilərdə səhraların yaşıl «gözcükləri» əmələ gəlir. Amma bir müddətdən sonra bunlar günəşin qızmar istisinə dözməyib məhv olub gedir. Daimi yaşıllıqlara yalnız ölkənin qərb hissəsində, yəni İordan çayının sahillərində rast gəlmək olar.