İstanbulda NATO sammiti (2004)

İstanbulda NATO sammiti — 28–29 iyun 2004-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilmiş sammit. Bu, NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizlik məsələlərinə dair rəsmi qərarlar qəbul etmək üçün bir araya gəldiyi XVII NATO sammiti idi. Ümumiyyətlə, sammit 2002-ci ildə Praqada keçirilən sammitdə başlanan transformasiya prosesinin davamı kimi qiymətləndirilir. Burada sovet təcavüzünə qarşı Soyuq müharibə dövründən qalma ittifaqdan yeni və xarici təhlükəsizlik təhdidlərinə qarşı XXI əsr koalisiyasına keçid yaratmaq ümid edilirdi.[1][2] Sammit dörd görüşdən ibarət olmuşdur.

İstanbulda NATO sammiti
Keçirilmə tarixi 28–29 iyun 2004
Keçirildiyi yer Türkiyə Lütfü Kırdar Konqres və Sərgi Sarayı, İstanbul, Türkiyə
Ardıcıllıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

NATO üzvləri Şimali Atlantik Şurasının iclası zamanı ittifaqın yeddi yeni üzvünü qarşılamış, ittifaqın Əfqanıstan müharibəsindəki iştirakını genişləndirmək və Bosniyadakı mövcudluğuna son qoymaq qərarına gəlmiş, İraqa təlimlərdə kömək etməyə razılaşmış, yeni tərəfdaşlıq təşəbbüsü başlatmış və NATO-nun əməliyyat imkanlarını təkmilləşdirmək üçün addımlar atmışdır.

NATO–Rusiya Şurasının iclası əsasən həm Rusiya Prezidenti Vladimir Putinin burada iştirak etməməsi, həm də Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin uyğunlaşdırılması haqqında Sazişin ratifikasiyası və ya Rusiya qoşunlarının GürcüstanMoldovadan çıxarılması istiqamətində irəliləyişin olmaması ilə diqqət çəkmişdir.[3] NATO liderləri həmçinin Ukraynanın NATO–Ukrayna Komissiyasına üzvlük istiqamətində irəliləyişini alqışlamış[4]Avro-Atlantik Tərəfdaşlıq Şurasının iclası zamanı NATO üzvü olmayan həmkarları ilə bəzi ümumi və əsasən simvolik mövzuları müzakirə etmişdir.

Türkiyə hökuməti potensial terror aktından çəkindiyinə görə sammit zamanı təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Dünyanın hər yerindən nümayişçilər Corc V. Buş administrasiyası dövründə NATO və Amerikanın xarici siyasətinə etiraz etmək üçün toplaşmış və sammitin özü sammitin ilk günündə, 28 iyunda İraqın suverenliyinin gözlənilməz şəkildə təhvil edilməsi ilə dünya mətbuatının əsas səhifələrində yer almamışdır.

Təhlükəsizlik tədbirləri

[redaktə | mənbəni redaktə et]
Sammitin keçirildiyi, İstanbulda yerləşən Lütfü Kırdar Konqres və Sərgi Sarayı.

Türkiyə hökuməti NATO sammitini terror hücumlarından qorumaq üçün misilsiz təhlükəsizlik tədbirləri görmüşdür.[5] Onlar xüsusilə 2003-cü ildə İstanbulda 60-dan çox insanın ölümünə səbəb olan terror aktının təkrarlanmasından ehtiyat edirdilər.[6] 2004-cü ilin may ayının əvvəllərində Bursa şəhərində sammiti bombalamağı planlaşdırmaqda şübhəli bilinən 16 nəfəri saxlanılmışdır.[7] Türkiyə polisi burada silahlar, partlayıcı maddələr, bomba hazırlama broşürləri və içərisində Üsamə bin Ladendən təlim tövsiyələri olan 4 min ədəd disk ələ keçirmiş, şübhəlilərin "Əl-Qaidə" ilə əlaqəsi olduğu güman edilən "Ənsar ul-İslam" radikal islamçı qruplaşmanın üzvləri olduğuna inandığını açıqlamışdır. 24 iyunda iki bomba partlamışdır. Bir bomba İstanbulda avtobusda partladışmış, nəticədə biri terrorçu olmaqla 4 nəfər həlak olmuş, digər partlayış isə Ankarada ABŞ Prezidenti Corc V. Buşun qalacağı otelin yaxınlığında baş vermişdir.[5][6] Bundan əlavə, 25 iyunda İstanbulun əsas hava limanında park edilmiş avtomobildə partlayıcı maddə aşkar edilmişdir.[8]

Təhlükəsizlik tədbirləri çərçivəsində Türkiyə hərbi gəmiləri və rezin qayıqlarda türk komandoları Bosfor boğazında patrul xidmətinə başlamış, "AWACS" kəşfiyyat təyyarələri və F-16 döyüş təyyarələri şəhər üzərində uçuşa qadağa zonasını müşahidə etmək üçün şəhər üzərində uçuşlar həyata keçirmmiş, həmçinin vertolyot və zirehli maşınlar tərəfindən dəstəklənən 23–24 min nəfər polis əməkdaşı əraziyə cəlb edilmişdir.[9][10] Bosfor boğazı neft tankerləri üçün bağlamılmış, yeraltı dəmir yolu sistemi dayandırılmış və şəhərin bütün rayonlardakı nəqliyyat yolları bağlanılmışdır.[11] Buna baxmayaraq, 29 iyunda, İstanbulun əsas hava limanında yerləşən, Türk Hava Yollarına məxsus boş təyyarədə işçilər onu təmizləyərkən kiçik bomba və ya partlayıcı qurğu partladılmışdır. Nəticədə, işçi yüngül xəsarət almışdır.[12]

Təhlükəsizlik tədbirlərinin səbəb olduğu pozuntu dərəcəsi Türkiyənin bir sıra qəzetləri tərəfindən tənqid edilmişdir. Məsələn, "Cümhuriyyət" qəzeti vəziyyəti "tamamilə biabırçılıq" adlandırmış və qeyd edib ki, İstanbul və Ankara bir neçə gün ərzində "insanları həbs edən, küçələri boşaltan və qayıqların üzməsinə mane olan xəyalət şəhər kimi görünür". Qəzet onu da əlavə etmişdir ki, insanlar təcili yardımların fəaliyyətsizliyi səbəbindən həlak omuşdur.[13]

İstanbulda keçirilən sammitə etiraz edənlər aksiyaçılar.

İyun ayında NATO-nun qarşıdan gələn sammitinə qarşı nümayişlər başlamışdır. Türkiyədə demək olar ki, hər gün etiraz aksiyaları keçirilmişdir.[14][15] Məsələn, 16 iyunda Türkiyə çevik polisi aksiya zamanı 40-a yaxın etirazçını saxlamış, 21 iyunda isə polis küçələrdə barrikada quran və "molotov kokteyli"ndən istifadə edən fəalları dağıtmaq üçün su şırnaqları, gözyaşardıcı qaz və zirehli maşınlardan istifadə etmişdir. İyun ayı ərzində dünyanın müxtəlif yerlərindən NATO əleyhdarı etirazçılar nümayiş keçirmək üçün İstanbula toplaşmışdır.[16]

Etirazlar ABŞ-nin xarici siyasətinə, xüsusən də ABŞ-nin Əfqanıstanda apardığı müharibəyəİraqdakı müharibəyə, NATO-nun Balkanlarda hərbi cəhətdən mövcudluğuna, NATO-nun özünə və ya NATO-nun yeni roluna, nüvə silahlarının mövcudluğuna qarşı idi. Etirazçılar iddia edirdi ki, ABŞ İraq, Yaxın ŞərqƏfqanıstandakı siyasətini dəstəklənsin deyə NATO-dan sui-istifadə etmişdir.[17][18]

Sammitdən bir gün əvvəl ABŞ Prezidenti Corc Buş Türkiyə liderləri ilə əvvəlcədən görüş keçirmək üçün Türkiyənin paytaxtı Ankara şəhərinə səfər etmişdir.[19] Bundan sonra və sammit zamanı nümayişlər genişlənmiş, on minlərlə türk İstanbul küçələrinə çıxmışdır. 28 iyunda nümayişçilər bütün şəhərdə eyni vaxtda bir neçə kütləvi nümayiş keçirərək NATO-nun iclasını pozmağa cəhd etmişdir.[20] Küçədə baş tutan çaxnaşmalarda etirazçılarla polis arasında toqquşma zamanı çevik qüvvət polisi NATO əleyhdarı nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etmişdir. Daş və molotov kokteyli atan NATO əleyhdarı nümayişçilər ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada beşi polis əməkdaşı olmaqla azı 30 nəfər yaralanmışdır. Bu etirazlar zamanı 20-yə yaxın adam saxlanılmışdır. Polis Mecidiyeköy rayonunda, sammitin keçiriləcəyi binadan təxminən 3 km cənubda ora doğru irəliləməyə cəhd edərkən ən azı altı nəfəri saxlayaraq daha kiçik kütləni dağıtmışdır. Qrinpis fəalları Bosfor boğazı üzərindəki körpüdəki ayrı bir etiraz aksiyasında dimdiyində nüvə raketi olan sülh göyərçininin təsviri və "nüvə silahları NATO-dan çıxarılsın" ifadəsi olan 30 metrlik pankart açmışdır.[21]

Sammit görüşləri

[redaktə | mənbəni redaktə et]

2004-cü ilin iyun ayı transatlantik münasibətlər tarixində ən gərgin sammit aylarından biri hesab edilir. 6 iyunda Fransanın Normandiya bölgəsində "Neptun" əməliyyatının 60-cı yubileyi keçirilmiş, 8–10 iyun tarixlərində ABŞ-nin Corciya ştatında XXX G8 samitti keçirilmiş, 24 iyunda isə İrlandiyanın paytaxtı Dublin şəhərində Avropa İttifaqı liderlərinin görüşü keçirilmişdir.[22]

Danimarkanın xarici işlər naziri Per Stiq Möller (solda) və Danimarkanın baş naziri Anders Foq Rasmussen (sağda) sammitdə iştirak edərkən.

2004-cü ildə keçirilən NATO sammiti hamısı İstanbul şəhərindəki Lütfü Kırdar Konqres və Sərgi Sarayında keçirilən dörd əsas iclasdan ibarət idi. Bunlara daxildir: Şimali Atlantik Şurası (NATO-nun ittifaqa üzv olan 26 ölkənin hər birinin dövlət və hökumət başçılarının daxil olduğu ali qərar qəbuledici orqanı); NATO–Rusiya Şurası (yalnız xarici işlər nazirləri səviyyəsində keçirilmişdir, çünki Rusiya Prezidenti Vladimir Putin burada iştirak etməmişdir. Bu, NATO ilə Rusiya arasında NATO-nun genişlənməsi və Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin uyğunlaşdırılması haqqında Saziş ilə bağlı davam edən gərginliyi əks etdirirdi); NATO–Ukrayna Komissiyası; Avro-Atlantik Tərəfdaşlıq Şurası (46 ölkə, o cümlədən keçmiş Şərq bloku və bir çox postsovet ölkəsi).[23]

Bu görüşlərə əlavə olaraq, 26 və 27 iyun tarixlərində bir sıra səfər və sual sessiyaları keçirilmişdir. Bundan əlavə, yuxarıda qeyd olunan görüşlərdən sonra və ya onların arasında hökumət və ya hökumət başçılarının bir neçə mətbuat konfransı keçirilmişdir.[24] 28 iyunda Şimali Atlantik Şurasının iclası yekunlaşdıqdan sonra "İstanbul Bəyannaməsi: Yeni dövrdə təhlükəsizliyimiz" başlıqlı bəyanat yayılmışdır. Bu bəyanatda dövlət rəhbərləri müzakirələrin əsas nəticələrini ümumiləşdirmişdir.[25]

Varşava Müqaviləsi Təşkilatından altı yeni üzv – Litva, Latviya, Estoniya, Slovakiya, BolqarıstanRumıniya, eləcə də Sloveniyanın 2004-cü ilin martında NATO-ya üzv olması və sammitdə formal olaraq ittifaqa qəbul edilməsi demək olar ki, mətbuatda işıqlandırılmamışdır.[26]

Şimali Atlantik Şurası

[redaktə | mənbəni redaktə et]

Sammitdən bir neçə gün əvvəl NATO-nun baş katibi Yaap de Hoop Sxeffer Əfqanıstanı "bir nömrəli prioritet" adlandırmışdır.[27] Sammit zamanı NATO üzvləri rəsmi olaraq razılaşmışdır ki, NATO-nun rəhbərlik etdiyi Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri (BTDQ) Məzari-Şərif, Meymənd, FeyzabadBəğlan şəhərlərində dörd əlavə Əyalət Yenidənqurma Qruplarına (ƏYQ) komandanlıq edəcək.[28] Buna baxmayaraq, bu, ilkin beş hədəfdən geri qalır.[29] Bundan əvvəl BTDQ yalnız paytaxt Kabil ətrafında təhlükəsizliyi təmin edirdi və Künduz şəhərində bir ƏYQ-yə komandanlıq edirdi. 26 üzv Əfqanıstan missiyası üçün əlavə 600 əsgər (hər ölkəyə təqribən 23 əsgər düşür) və üç helikopter verməyə razılaşmışdır. Türkiyədən üç helikopter gətirilmiş və üç ay ərzində geri qaytarılmışdır.[30] NATO həmçinin, 2004-cü ildə Əfqanıstanda keçirilən prezident seçkilərinin təhlükəsizliyini təmin etmək üçün Əfqanıstandakı sülhməramlı qüvvələrinin heyətinin sayını 6,500-dən 10 minə qədər artıracağını vəd etmişdir, lakin bu sayda əlavə qoşun üçün faktiki razılıq əldə olunmamışdır.[20]

Bosniya və Herseqovina

[redaktə | mənbəni redaktə et]

NATO üzvləri Bosniya və Herseqovinada 1996-cı ildə missiyasına başlayan, NATO-nun başçılıq etdiyi Stabilləşdirmə Qüvvələrini (SFOR) ləğv etmək barədə razılığa gəlmişdir. Buna baxmayaraq, NATO müdafiə islahatları və ya müharibə cinayətlərində ittiham olunanların təqibi kimi müəyyən sahələrdə yardım göstərmək üçün ölkədə mövcudluğunu davam etdirəcəyini vurğulamışdır.[31] Dövlət və hökumət başçıları həmçinin, Avropa İttifaqının NATO ilə Aİ arasında mövcud razılaşmalara uyğun olaraq 7,500 nəfərlik missiyanı öz üzərinə götürmək və NATO tərəfindən dəstəklənmək üçün növbəti missiyanın yaradılması qərarını alqışlamışdır.[32]

Sammit NATO-nun prioritetlərində Orta Şərqin işlərində daha fəal iştirakın da əlavə edilməsinə görə qeyd olunur. Orta Şərq strateji əhəmiyyət kəsb edən, təhlükəsizliyi və sabitliyi Avro-Atlantik təhlükəsizliyi ilə sıx bağlı hesab edilən bir region kimi qəbul edilir.[33] Mövcud Aralıq dənizi Dialoqu (MD) əməkdaşlığı genişləndirilmiş[34] və iki böyük yeni fəaliyyətə start verilib: İstanbul Əməkdaşlıq Təşəbbüsü (İƏT)[35] və İraq qoşunları üçün təlim missiyası.[36]

Sammitdə İraq müharibəsi ilə bağlı mübahisələr üstünlük təşkil edirdi. Nəticədə, NATO üzvləri yalnız İraq təhlükəsizlik qüvvələrinə təlim şəklində məhdud yardımla razılaşa bilmişdir. İraq qoşunlarının təlimi üçün NATO dəstəyi İraq Müvəqqəti Hökumətinin sorğusuna cavab, beynəlxalq və regional təşkilatlardan çoxmillətli qüvvələrə yardım göstərməyi xahiş edilən BMT Təhlükəsizlik Şurasının 1546 saylı qətnaməsinə uyğun olaraq həyata keçirilmişdir.[36] Hətta bu məhdud razılaşma mübahisəli sahələri ehtiva edirdi; Fransa yalnız İraqdan kənarda təlimlərə kömək edəcəyini təkid etmiş, ABŞ isə İraq daxilində təlimlərə üstünlük vermişdir.[23] Nəticədə, razılaşma qəsdən qeyri-müəyyən qalmış və NATO-nun İraqda iraqlı zabitlərə təlim keçməli, yoxsa ölkə hüdudlarından kənarda təlimlə məhdudlaşaraq milli səylər üçün klirinq evi kimi çıxış etməli olduğuna dair fikir ayrılığı qalmışdır.[9] Öhdəlik də qeyri-müəyyən idi, çünki təlim missiyasının ölçüsünün necə olacağı və ya dəqiq nə vaxt və harada baş tutacağı bəlli deyildi. Əvvəllər İraq müharibəsinə qarşı çıxması ilə tanınan Almaniya kansleri Gerhard Şröder demişdir ki, "NATO-nun fəaliyyəti yalnız və yalnız təlim üçündür. Biz açıq şəkildə bildirdik ki, İraqda alman əsgərlərini görmək istəmirik". Sammitdən sonra NATO-nun İraq qoşunlarına təlim keçmək öhdəliyi ilə bağlı ABŞ-nin zahiri optimist bəyanatlarına baxmayaraq, Fransa və Almaniya İraqdakı vəziyyətə görə məsuliyyət yükünü bölüşməkdən imtina etmiş, ABŞ və Birləşmiş Krallığın NATO qoşunlarının yerləşdirilməsi tələbini dəstəkləməmişdir. Başqa sözlə, İraqdakı çoxmillətli qüvvələrdə iştirak ittifaqın ayrı-ayrı üzvlərinin ixtiyarına buraxılmış və ABŞ könülsüz olaraq İraqdan kənarda qoşunların hazırlanmasına razılıq vermişdir. Nəticə etibarı ilə, NATO-nun zahirən birlik nümayiş etdirməsinə baxmayaraq, İraq mövzusunda parçalanma hələ də davam etmiş və ittifaq daxilində dövlətlərarası münasibətlərdəki gərginlik aradan qaldırılmamışdır.[37]

Aralıq dənizi Dialoqu

[redaktə | mənbəni redaktə et]

NATO liderləri Aralıq dənizi Dialoqu (AdD) üzrə tərəfdaşları – Əlcəzair, Misir, İsrail, İordaniya, Mavritaniya, MərakeşTunisi daha geniş və daha ibarəli əməkdaşlıq çərçivəsi yaratmaqla AdD-ni həqiqi tərəfdaşlıq səviyyəsinə yüksəltməyə dəvət etmişdir. Bu əməkdaşlıq birgə mülkiyyət prinsipi əsasında, onların xüsusi maraqları və ehtiyacları nəzərə alınmaqla həyata keçirilməsi nəzərdə tutulmuşdur.[38][39]

İstanbul Əməkdaşlıq Təşəbbüsü

[redaktə | mənbəni redaktə et]

NATO liderləri həmçinin Böyük Orta Şərqin ayrı-ayrı dövlətləri ilə İstanbul Əməkdaşlıq Təşəbbüsünü (İƏT) başlatmağa və bununla da Aralıq dənizi hövzəsindən kənara çıxmağa qərar vermişdir.[38][40] Təşəbbüs bu dövlətlərlə praktiki təhlükəsizlik sahəsində əməkdaşlıq fəaliyyəti ilə məşğul olmaq təklifindən ibarət idi[41] və buna əsasən, hər bir maraqlı ölkə Şimali Atlantik Şurası tərəfindən fərdi əsasda və öz mahiyyətinə uyğun olaraq nəzərdən keçiriləcəkdi.[38] İƏT sənədindəki "ölkə" və "ölkələr" sözləri Fələstin milli idarəsinin iştirakını istisna etmirdi, lakin bu cür tərəfdaşlıq, hər hansı digər tərəfdaşlıq kimi, Şimali Atlantik Şurasının təsdiqinə tabedir.[40]

Bu təşəbbüs NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramıAralıq dənizi Dialoqu ilə paralel getmişdir. NATO üzvləri bu tərəfdaşlıqları XXI əsrin yeni çağırışlarına cavab və Böyük Orta Şərq regionunda islahatlara çağırışları dəstəkləmək üçün G8 və ABŞ–Aİ qərarlarının tamamlayıcısı hesab etmişdir. İstanbul Əməkdaşlıq Təşəbbüsü Böyük Orta Şərqin maraqlanan ölkələri ilə aşağıdakı sahələrdə praktiki əməkdaşlıq təklif etmişdir: kütləvi qırğın silahlarına qarşı mübarizə, terrorizmlə mübarizə, təlim və təhsil, NATO təlimlərində iştirak, hərbi qarşılıqlı fəaliyyətin təşviqi, fəlakətlərə hazırlıq və mülki fövqəladə vəziyyətin planlaşdırılması, müdafiə islahatları və mülki-hərbi münasibətlər üzrə fərdi məsləhətləşmələr, narkotik, silah və insan alverinin qarşısını almaq üçün sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlıq.[42]

NATO liderləri lazım gəldikdə istənilən yerdə NATO-nun əməliyyatlar aparmaq qabiliyyətini təkmilləşdirmək üçün tədbirləri, ittifaqı yerləşdirilə bilən daimi mövcud aktiv və qüvvələrə malik olmasını təmin etmək üçün istənilən vaxt öz qüvvələrinin əksəriyyətini əməliyyatlarda yerləşdirmək və saxlamaq öhdəliyini təsdiqləmişdir. Onlar həmçinin, NATO-nun uzunmüddətli müdafiə planlaması prosesi daha çevik olacağı və bununla da üzv dövlətlərə daha da irəli, daha sürətli hərəkət edə bilən və hələ də bütün missiyaları yerinə yetirə bilən qüvvələr yaratmağa kömək edəcəyi ümidilə NATO-nun müdafiə planında dəyişiklikləri təsdiqləmişdir.[43]

NATO liderləri kəşfiyyat məlumatlarının mübadiləsini təkmilləşdirmək və terror hücumlarına qarşı yeni yüksək texnologiyalı müdafiə vasitələrini inkişaf etdirmək üçün razılaşma əldə etməklə ittifaqın terrorizmlə mübarizə səylərini artırmağa ümid edirdilər. NATO üzvləri Terror Təhdidləri Kəşfiyyat Qrupu vasitəsilə kəşfiyyat məlumatlarının mübadiləsini təkmilləşdirməyi öhdələrinə götürmüşdür. 11 sentyabr terror aktlarından sonra yaradılan bu qrup ardınca daimi olmuşdur. Onun funksiyası ümumi terror təhdidlərini, eləcə də daha konkret olaraq NATO-ya qarşı yönəlmiş təhlükələri təhlil etməkdir. NATO həmçinin, potensial və ya faktiki terror hücumları ilə mübarizədə hər hansı üzv ölkəyə kömək etməyə hazır olmağa söz vermişdir. Qərara görə, "AWACS" erkən xəbərdarlıq radar təyyarəsi və ittifaqın kimyəvi-bioloji, radioloji və nüvə müdafiə batalyonu bu cür yardım tələb edən hər hansı üzvə təqdim ediləcək. Dövlət və hökumət başçıları mülki əhalini və hərbi qüvvələri terror hücumlarından qorumaq üçün yüksək texnologiyalı vasitələr paketinin hazırlanmasını da tapşırmışdır.[44]

NATO–Rusiya Şurası

[redaktə | mənbəni redaktə et]

AASQHMUHS və ATƏT

[redaktə | mənbəni redaktə et]

Rusiya Prezidenti Vladimir Putinin iştirakı müqabilində NATO-nun güzəştlərə getməsi ilə bağlı Rusiya ilə müzakirələr sammitdən bir neçə ay əvvəl baş tutmuşdur və sammitin vaxtı yaxınlaşdıqca daha da intensivləşmişdir. 17 mayda NATO sammiti ərəfəsində NATO-nun baş katibi Yaap de Hoop Sxeffer çıxışında Putinin "şərtlər uyğun olarsa" sammitdə iştirak edə biləcəyini bildirmişdir.[45] Hansı şərtlərin müzakirə edildiyi bəlli deyil, lakin ehtimal edilir ki, Putinin şərtlərinə NATO–Rusiya Şurası (NRŞ) vasitəsilə NATO qərarlarının qəbulunda Rusiyanın rolunun gücləndirilməsi, NATO-nun Rusiyanın MoldovaGürcüstanda hərbi fəaliyyətini davam etdirməsinə razılıq verməsi (bu qoşunların geri çəkilməsi Rusiyanın 1999-cu ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İstanbul sammitində götürdüyü öhdəlik idi); NATO üzvlərinin həmin müqaviləni ratifikasiya etməsi və 2004-cü ilin martında NATO-ya qoşulmuş üç Baltikyanı dövlətə hərbi məhdudiyyətlər tətbiq etmək istəyi daxildir.[46][47] NATO sammiti ərəfəsində aparılan müzakirələr Putini qane etmədiyi üçün görüşdə iştirakdan imtina etmişdir. NATO rəsmiləri Putinin sammitdə iştirak etməyəcəyini bildirdikdə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2 iyunda cavab vermiş və Moskvanın NRŞ-dəki rolunun gücləndirilməsinə verdiyi əhəmiyyəti vurğulamış, Rusiyanın NRŞ iclasında iştirak etmək dəvətini rədd etmədiyini söyləmişdir. Putinin Lavrov ilə əvəz edilməsi ilə bağlı görüş dövlət və hökumət başçıları səviyyəsində deyil, xarici işlər nazirləri səviyyəsində keçirilmişdir.[23]

26 iyunda, sammitdən iki gün əvvəl ABŞ dövlət katibinin müavini Robert Nikolas Börns və ABŞ-nin Rusiyadakı səfiri Aleksandr Verşbou birgə yazdıqları qəzet məqaləsində NATO ilə Rusiya arasında münasibətlərin yaxşı olduğunu və NATO ilə Rusiyanın tərəfdaşlığında "kiçik, lakin yetkin böyük addım" atdığını qeyd etmişdir. Onlar burada, NATO-ya üzv və tərəfdaş olan 22 ölkədən 1,000-ə yaxın hərbçinin terrorizmə qarşı cavab təlimində iştirak etdiyi 2004-cü il Kalininqrad təlimini nəzərdə tuturdu.[48] Praktikada Rusiya ilə NATO arasında bəzi fikir ayrılıqları görünürdü ki, bu, sammit zamanı daha da böyümüşdür. Fikir ayrılıqlarından biri NATO-nun Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin uyğunlaşdırılması haqqında Sazişi ratifikasiya etməməsi və Rusiyanın ATƏT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməsi, o cümlədən Rusiya qoşunlarının MoldovaGürcüstandan çıxarılması ilə bağlı olmuşdur. Hələ sammit başlamazdan əvvəl ABŞ müdafiə naziri Donald Ramsfeldin İstanbula gedərkən Moldovada dayanaraq rus qoşunlarının ölkədən çıxarılmasını tələb edən zaman parçalanma görünməyə başlamışdır.[49] Gərginliyin digər səbəbi 2004-cü ilin martında yeddi Şərqi Avropa dövlətinin NATO-ya daxil olması, eləcə də NATO-nun digər Şərqi Avropa və Cənubi Qafqaz dövlətləri ilə əməkdaşlığının genişləndirilməsi olmuşdur. 27 iyunda Rusiya NATO-ya təhlükəsizlik maraqlarına hörmətlə yanaşması barədə xəbərdarlıq etmiş, NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiyada fəallığının artması ilə bağlı narahatlığını bildirmişdir.[50]

NRŞ-nın iclası zamanı NATO liderləri və NATO baş katibi Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin uyğunlaşdırılması haqqında Sazişin ratifikasiyasını açıq şəkildə rus qoşunlarının Moldova və Gürcüstandan çıxarılması ilə əlaqələndirmiş və Rusiyanın müqavilənin tezliklə qüvvəyə minməsi və sammit ərəfəsində Rusiya tərəfindən ratifikasiya edilməsi ilə bağlı təkliflərini nəzərə almamışdır.[3][37] Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, bu geri çəkilmə tələbləri yanlış idi, çünki "siyasi razılaşmalar fiziki fəaliyyət üçün heç bir müddət təyin etməmişdir". Başqa sözlə, Rusiya 2002-ci ildən bəri davam etdirdiyi siyasətlə[3] Gürcüstan və Moldovadan qoşunlarını çıxarmaq üçün açıq öhdəliklər götürdüyünü təkzib etmiş,[a] Gürcüstanda Rusiya hərbi bazalarının statusu və fəaliyyəti ilə bağlı Gürcüstanla ikitərəfli razılaşma əldə etmək siyasətini bir daha təsdiqləmişdir. Bundan əlavə, Rusiya cənub sərhədlərində yeni təhlükələrlə üzləşdiyini iddia etmişdir: İrandan raket hücumları ehtimalı və islamçı terrorizmin genişlənməsi Rusiyanın baxış bucağında Rusiyanın Gürcüstan və Ermənistanda hərbi fəaliyyətini zəruri hala gətirmişdi. Rusiyanın Hərbi Proqnozlaşdırma Mərkəzinin rəhbəri, polkovnik Anatoli Tesiqanuk hesab etmişdir ki, NATO Rusiyanın mövqeyindən xəbərsizdir, çünki NATO liderləri hələ də Soyuq müharibə dövründə formalaşmış eyni zehni stereotiplərə sadiqdirlər. O, bildirmişdir ki, Qərb elitasının böyük hissəsi hələ də Rusiyaya bir növ SSRİ kimi baxır, Rusiyanın təkcə yeni sərhədləri deyil, həm də yeni istəkləri, yeni beynəlxalq tərəfdaşları və yeni təhdidlərinə məhəl qoymur. Tesiqanuka görə, bu stereotiplər bilərəkdən və ya bilməyərəkdən Rusiya–NATO Şurasındakı münasibətlərə təsir edə bilər.[37]

İraq və Əfqanıstan

[redaktə | mənbəni redaktə et]

Sergey Lavrov İraqla bağlı İraqın bütün siyasi qüvvələrinin, o cümlədən bütün müxalif qüvvələrin, o cümlədən "işğala silahlı müqavimət"in, İraqın qonşu dövlətlərinin və beynəlxalq ictimaiyyətin, o cümlədən Rusiyanın iştirakı ilə ümumi konfrans keçirməyi təklif etmişdir. Əfqanıstanla bağlı Lavrov Rusiyanın və Müstəqil Dövlətlər Birliyinin digər üzvlərinin terrorizmin qarşısını almaqda maraqlı olduğunu bildirmiş və NATO ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasında "əlaqələrin qurulmasına" və "əməkdaşlığın inkişafına" çağırış etmişdir. Hər iki təklifə NATO liderləri ən yaxşı halda ilıq cavab vermişdir.[3]

NATO–Ukrayna Komissiyası

[redaktə | mənbəni redaktə et]

NATO liderləri ilə Ukrayna Prezidenti Leonid Kuçma arasında NATO–Ukrayna Komissiyasının iclası keçirilmişdir. NATO üzvləri Ukraynaya KFOR kimi NATO-nun və digər beynəlxalq sülhməramlı səylərə verdiyi töhfəyə görə minnətdarlıqlarını bildirmişdir. Ukrayna həmçinin, Aralıq dənizində terrorçuların və ya kütləvi qırğın silahlarının hərəkətinin qarşısını almaq üçün nəzərdə tutulmuş NATO dəniz əməliyyatı olan "Aktiv cəhd" əməliyyatına dəstək verməyi təklif etmişdir. NATO ilə Ukrayna arasında müdafiə sahəsində əməkdaşlıq nəzərdən keçirilmiş və Ukraynaya artıq döyüş sursatlarının, atıcı silahların və yüngül silahların məhv edilməsinə kömək etmək üçün Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun potensial olaraq yaradılması müzakirə edilmişdir.[4]

NATO həmçinin, Ukraynanın NATO-ya tam inteqrasiyasına nail olmaq istəklərini alqışlamışdır, lakin bunun əsgər töhfələri və hərbi islahatlardan daha çox şey tələb edəcəyini vurğulamışdır. Burada, Ukraynanın 2002-ci ildə, Praqa sammitində qəbul edilmiş NATO–Ukrayna Fəaliyyət Planında təsbit edilən demokratiya, hüququn aliliyi, sözmətbuat azadlığı, ədalətli seçkilər kimi ittifaqın əsasını təşkil edən dəyərlərə sadiqlik nümayiş etdirmək tələb olunmuşdur. NATO-nun baş katibi Yaap de Hoop Sxeffer xüsusilə də Kuçmanın prezidentliyi dövründə mətbuat azadlığı və 2004-cü ilin noyabrında Ukraynada keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı hesabatını tənqid etmişdir.[29]

Avro-Atlantik Tərəfdaşlıq Şurasının iclası

[redaktə | mənbəni redaktə et]

Avro-Atlantik Tərəfdaşlıq Şurasının (AATŞ) iclası daha çox simvolik xarakter daşımış, burada konkret təklif və ya nəticəsi olmamışdır. Bununla belə, bəzi siyasətlər və ya əvvəlki qərarlar təsdiqlənmiş və ya vurğulanmışdır. İlk olaraq Avro-Atlantik Tərəfdaşlıq Şurasının dövlət və hökumət başçıları Əfqanıstan Keçid Hökumətinin prezidenti Hamid Kərzai ilə görüşmüşdür. Onlar Əfqanıstanda irəliləyişi müzakirə etmiş və Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrini təşkil edən həm müttəfiqlərin, həm də tərəfdaşların oynadığı roldan danışmış, eyni zamanda Əfqanıstanın beynəlxalq ictimaiyyətə tam inteqrasiya olunmuş sülhsevər və sabit ölkəyə çevrilməsi üçün hələ çox iş görülməli olduğunu vurğulamışdır. İkincisi, Avro-Atlantik icmanın Balkanlarda sülh, təhlükəsizlik və sabitliyə sadiqliyi bir daha təsdiqlənmişdir. Bundan əlavə, Bosniya və Herseqovina, Serbiya və Monteneqro dövlət başçılarının görüşdə müşahidəçi qismində iştirakı alqışlanmış və bu liderlər Sülh Naminə Tərəfdaşlıq proqramına üzvlük üçün müttəfiqlər tərəfindən qoyulmuş müstəsna şərtlərə əməl etməyə çağırılmışdır. Üçüncüsü, terrorizmlə mübarizə əzmi bir daha təsdiqlənmiş və AATŞ-nin bu mübarizəyə töhfəsini artırmaq üçün bəzi təşəbbüslər irəli sürülmüş və bununla da terrorizmə qarşı Tərəfdaşlıq Fəaliyyət Planının gələcək həyata keçirilməsi təsdiq edilmişdir.[51]

Dördüncüsü, tərəfdaşlığın siyasi dialoq və praktiki əməkdaşlıq, Avro-Atlantik regionda demokratik dəyərlərin təşviqi, NATO-nun rəhbərlik etdiyi əməliyyatlarda iştirak üçün maraqlı tərəfdaşların hazırlanması və ittifaqa qoşulmaq istəyən tərəfdaşların dəstəklənməsi kimi əsas məqsədlərini əks etdirən Avro-Atlantik Tərəfdaşlığın gələcək inkişafına dair əsas hesabat dəstəklənmişdir. Beşincisi, ayrı-ayrı tərəfdaşların müxtəlif ehtiyaclarına uyğunlaşdırılacaq tərəfdaşlığın yaradılması öhdəliyi bir daha təsdiqləndi. Bu baxımdan, NATO-nun Cənubi QafqazMərkəzi Asiya dövlətləri ilə münasibətlərə xüsusi diqqət yetirmək niyyəti, o cümlədən alyansın hər region üçün bir əlaqə zabiti təyin etmək qərarı alqışlanmışdır. Onlar həmçinin, iki regionda bir neçə dövlət tərəfindən Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı prosesinin başlanmasını alqışlamışdır. Altıncısı, AATŞ tərəfdaşları ilə məsləhətləşmələr əsasında hazırlanmış NATO-nun İnsan Alverinə Qarşı Mübarizə Siyasəti təsdiq edilmişdir.[51]

Ermənistan Prezidenti Robert Köçəryanın iclasda iştirak etməməsi mətbuatın diqqətini çəkmimşdir. Köçəryan ittifaqın diqqətini Ermənistan–Türkiyə münasibətlərdəki problemlərə, xüsusilə də Türkiyənin Birinci Dünya müharibəsi zamanı bir milyona yaxın erməninin öldürülməsini soyqırım hesab etməkdən imtina etməsinə cəlb etmək üçün sammitdə iştirakdan imtina etmişdir.[52]

İraqın suverenliyinin təhvili

[redaktə | mənbəni redaktə et]
Prezident Buş Raysın suverenliyin İraq hökumətinə təhvil verilməsi haqqında qeydi üzərində "Qoy azadlıq hökm sürsün!" yazmışdır.

Sammit zamanı İraqın suverenliyinin təhvil verilməsinə qərar verilməsə də, bu təhvilin sammit ilə müəyyən əlaqəsi var idi. Birincisi, gözlənilməz təhvil xəbəri sammit zamanı açıqlanımışdır. "BBC News" xəbərinə görə, İraqın xarici işlər naziri Hoşyar Zəbari 28 iyunda İstanbulda Birləşmiş Krallığın baş naziri Toni Bleyr ilə səhər yeməyindən sonra çıxış edərkən suverenliyin İraqa təhvil verilməsinin bu görüşə təsadüf etməli olduğunu vaxtından əvvəl qeyd etmişdir.[53] Həmin gün ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Kondoliza Rays sammit zamanı ABŞ Prezidenti Corc V. Buşa aşağıdakı qeydi vermişdir: "Cənab prezident, İraq suverendir. Pol Bremerin məktubu İraq vaxtı ilə saat 10:26-da çatdırılmışdır". Prezident Buş bu qeydin kənarına cızma-qara ilə yazmışdır: "Qoy azadlıq hökm sürsün!".[54][55] Bundan sonra Buş yanında əyləşən Toni Bleyrə üz tutub təhvilin baş tutduğunu pıçıldamış və iki şəxs əl sıxmışdır.[56] Buş və Bleyr həmin gün təhvili alqışlamaq üçün birgə mətbuat konfransı keçirmişdir.[54] İkincisi, təhvil xəbəri sammitin mətbuatda daha az işıqlandırılmasına səbəb olmuşdur.[23]

İstanbulda qırıcılar NATO-nun iki günlük sammitinin başlaması şərəfinə sammitin keçiriləcəyi məkanın üzərindən formasiya ilə uçurlar.

Beynəlxalq mətbuat NATO liderlərinin İraq müharibəsi ilə bağlı vəziyyəti gərginləşdirməkdən qaçınmaq istədikləri üçün uğurlu sammit gözləntilərinin qəsdən azaldığını bildirmişdir. Beləliklə, onlar ittifaqın Əfqanıstanı sabitləşdirmək cəhdi ilə artıq qarşısına qoyduğu təvazökar məqsədləri yerinə yetirməyə razılaşmış və Buş administrasiyasının ərəb dünyasında modernləşmə və demokratiyanı təşviq etmək təşəbbüsünün ilıq versiyasını dəstəkləmişdir. Qəzetlər daha sonra qeyd etmişdir ki, "sammit bir növ "Qodonu gözləyərkən" keyfiyyətinə malik idi – Avropa liderləri noyabrda ABŞ-də keçiriləcək seçkilərin onları Buşla məşğul olmaq ilə İraq və NATO-nun daha da qarışıqlığa sürüklənməsi arasında seçimdən xilas etməsi ümidilə böhran yaratmadan və hasarları düzəltmədən vaxt yemişdilər".[22] Digər təhlillər daha tənqidi idi: "Elə NATO sammitləri var idi ki, orada nə xüsusi hadisə tanınır, nə də xüsusi əhəmiyyət kəsb edən qərarlar alınırdı. Buna misal olaraq 2004-cü ildə İstanbulda keçirilən NATO sammitini göstərmək olar. Burada görülən tədbirlər, demək olar ki, dövlət və hökumət başçılarının görüşünü tələb etmirdi və mətbuatın iştirakı razılaşdırılmış qətnamələrlə əsaslandırılmamışdı".[57] Bununla belə, ABŞ və digər hökumət rəsmiləri vurğulamışdır ki, sammit ittifaqın ənənəvi Şimali Atlantika diqqət mərkəzindən kənarda görünməmiş genişlənməsi və dünyada yeni çağırışların həlli üçün güc planlaşdırmasına aqressiv diqqət yetirməsi baxımından əhəmiyyətlidir.[58]

Sammit öz məzmununa görə əlamətdar sayılsa da, sayılmasa da, görüşün müəyyən simvolik əhəmiyyəti var idi. Birincisi, bu, Soyuq müharibədə onilliklər davam edən gərginlikdən sonra nəhayət bir ittifaqda birləşən Şimali AmerikaQərbi Avropa dövlətlərinin, eləcə də Şərqi Avropa dövlətlərinin liderləri arasında keçirilən ilk NATO sammiti idi. Bu yeni üzvlərin sammit zamanı mətbuatda işıqlandırılması NATO-nun məqsədi, qəbul edilən təhdidlər və onun 26 üzvü arasında gələcək sərhədlər barədə hələ də konsensusun olub-olmaması ilə bağlı ictimai müzakirələrə səbəb olmuşdur. Bunun belə olmadığı 2006-cı il Riqa sammiti ərəfəsində aydın olmuşdur. İkincisi, sammitin İstanbulda keçirilməsi onu NATO tarixinin ən şərqdə keçirilən sammitinə çevirmişdir. Bu, Cənubi QafqazOrta Şərqdəki gərginlik və münaqişə bölgələrinə yaxın yerləşdiyinə görə Türkiyənin əsas strateji mərkəz kimi artan rolunu qeyd etmişdir. Sammitin keçirildiyi yer açıq şəkildə göstərmişdir ki, NATO-nun təhlükəsizlik maraqları Avropa qitəsinin cənub-şərq hissəsinə doğru dəyişmişdir. Şərqə doğru hərəkət etməklə ittifaqın ağırlıq mərkəzi Soyuq müharibə zamanı NATO hərbi qüvvələrinin diqqətini cəmlədiyi bölgələrdən çox fərqli ərazilərə keçmişdir.[59]

2004-cü ildə İstanbulda keçirilən NATO sammiti həm də sammit öncəsi diplomatiyadan və Soyuq müharibədən sonra keçirilən digər sammitlərdən fərqli olaraq, İstanbulda keçirilən etiraz aksiyalarına baxmayaraq, nüvə siyasəti və silahların qarşısının alınması mövzusunda səssizliyi ilə diqqət cəlb etmişdir. 2004-cü ilin iyununda, sammitdən az əvvəl NATO nüvə siyasətinə dair iki məlumat vərəqini dərc etmişdir. Bu sənədlər 2005-ci ildə Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsinin İcmal Konfransına qədər NATO daxilində baş verənləri müsbət müstəvidə əks etdirirdi. Praktikada Soyuq müharibə bitdikdən sonra heç bir real dəyişiklik baş verməmişdir, çünki ABŞ-nin Avropada yerləşən nüvə silahlarının sayı ABŞ-nin nüvə siyasətinə 1994-cü ildə keçirilən "Nuclear Posture Review"dən və 1960-cı illərə qədər gedib çıxan, hələ də mövcud olan Soyuq müharibə dövrünün nüvə bölüşdürülməsi razılaşmalarından sonra dəyişməz qalmışdır. Bundan əlavə, 1999-cu ildə Strateji Konsepsiyanın qəbulundan sonra ittifaqın nüvə siyasətində heç bir dəyişiklik edilməmişdir.[23]

  1. Bir neçə gün sonra, 8 iyulda Avropa İnsan Haqları Məhkəməsinin verdiyi qərarda qeyd edilmişdir ki, Rusiya ordusunun "Moldova ərazisində yerləşdirilməsi Rusiyanın 1999 və 2001-ci illərdə ATƏT-in sammitlərində özlərinin tamamilə geri çəkilməsi ilə bağlı götürdüyü öhdəlikləri pozur". Bax: AİHM, İlasu və başqaları Moldova və Rusiyaya qarşı işində Böyük Palatanın Qərarı, 8 iyul 2004.
  1. UNITED STATES MISSION TO NATO, NATO Summit, n.d. Arxiv surəti 27 sentyabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 27 sentyabr 2007 at the Wayback Machine
  2. F. BONNART, "Istanbul summit : NATO could find its new purpose in Iraq" in The International Herald Tribune, 26 June 2004, [1] Arxivləşdirilib 2011-05-20 at the Wayback Machine
  3. 1 2 3 4 Vladimir Socor, "Putin fails to win concessions from NATO: Russia at the NATO summit: cooperative rhetoric, zero-sum practice NATO" in Eurasia Daily Monitor, 1, (2004), 43, "Russia, NATO Summit - CDI RW 2 July 2004". 9 May 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 May 2007.
  4. 1 2 NATO, Press Conference by NATO Secretary General, Jaap de Hoop Scheffer and Leonid Kuchma, President of Ukraine following the NATO-Ukraine Commission, 29 June 2004, [2] Arxivləşdirilib 2007-05-09 at the Wayback Machine
  5. 1 2 "BBC NEWS, Turkey boosts security after bomb, June 25, 2004". August 13, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 26, 2022.
  6. 1 2 A. YACKLEY, "Explosions in Turkey kill three" in The Scotsman, 25 June 2004, [3] Arxivləşdirilib 2004-09-05 at the Wayback Machine
  7. "BBC NEWS, Turkey 'foils Nato summit attack' , May 3, 2004". July 17, 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 26, 2022.
  8. "BBC NEWS, Blast on plane at Istanbul airport, June 28, 2004". March 3, 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 26, 2022.
  9. 1 2 CNN, U.S. welcomes NATO pledge to train Iraqi troops, 28 June 2004, [4] Arxivləşdirilib 2008-04-18 at the Wayback Machine
  10. "BBC NEWS, Istanbul gears up for summit, June 27, 2004". June 29, 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 26, 2022.
  11. China Daily, Bombs explode in Turkey before Bush, NATO summit, 25 June 2006, [5] Arxivləşdirilib 2018-03-25 at the Wayback Machine
  12. S. SACHS, "Afghan Asks NATO to Protect Officials Registering Voters" in The New York Times, 29 June 2004, [6] Arxivləşdirilib 2014-08-11 at the Wayback Machine
  13. "BBC NEWS, Nato summit sparks Turkish press debate, June 30, 2004". July 3, 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 26, 2022.
  14. Agence France-Presse, Some 40 detained in Turkish demo against upcoming NATO summit, 16 June 2004, [7] Arxivləşdirilib 2011-06-07 at the Wayback Machine
  15. TURKISH-AMERICAN BUSINESS ASSOCIATION, Excerpts from Turkish media: CNNTURK, 27 June 2004, [8]
  16. SEE EUROPE, Anti-NATO Protesters Gather From Around The World, 21 June 2004, "Anti-NATO Protesters Gather From Around The World". 9 October 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 May 2007.
  17. STOPUSA, 26–29 June 2004: Demonstrations and Activities against the NATO Summit in Istanbul, s.d., "Istanbul closes its doors to NATO". 9 October 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 March 2010.
  18. Comité de Surveillance OTAN, Initiative against the NATO summit in Istanbul, 25 February, [9] Arxivləşdirilib 2007-09-29 at the Wayback Machine
  19. CNN, Bush, NATO focus on Iraq, 28 June, [10] Arxivləşdirilib 2005-09-11 at the Wayback Machine
  20. 1 2 REUTERS, "Violence marks NATO summit" in The Tribune, 28 June 2004, [11] Arxivləşdirilib 2017-05-01 at the Wayback Machine
  21. "Greenpeace Members Detained in NATO Protest". Anadolu Agentliyi (ingilis). 28 iyun 2004 – Bianet vasitəsilə.
  22. 1 2 P.H. GORDON & J. SHAPIRO, "Istanbul Summit: An Alliance Waiting for November", in The International Herald Tribune, 28 June 2004, "Istanbul Summit: An Alliance Waiting for November". 15 April 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 May 2007.
  23. 1 2 3 4 5 N. BUTLER, "Deep Divisions over Iraq at NATO's Istanbul Summit" in Disarmament Diplomacy, (2004), 78, [12] Arxiv surəti 20 avqust 2010 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 20 avqust 2010 at the Wayback Machine
  24. For an extensive list of all activities, see: NATO, Documents, webcasts & multimedia, 2004, [13] Arxivləşdirilib 2011-11-16 at the Wayback Machine
  25. NATO, The Istanbul Declaration: Our security in a new era, 28 June 2004, [14] Arxivləşdirilib 2007-05-09 at the Wayback Machine
  26. X, "NATO's Istanbul summit: Alliance under a cloud" in The International Institute for Strategic Studies, 10, (2004), 5, "International Institute for Strategic Studies - NATO's Istanbul summit - Volume 10, Issue 5 - June 2004". 10 May 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 May 2007.
  27. R. NORTON-TAYLOR, " NATO to send more troops to Afghanistan" in The Hindu, 27 June 2004, [15]
  28. "NATO, NATO expands presence in Afghanistan, June 29, 2004". May 9, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 1, 2022.
  29. 1 2 A. LOBJAKAS, "NATO: Summit Wrapup – Iraq, Afghanistan Are Subjects Of Alliance Agreements" in Radio Free Europe, 29 June 2004, [16] Arxivləşdirilib 2007-05-15 at the Wayback Machine
  30. "Blair is Right on Troops". 2015-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-01.
  31. "NATO, SFOR to be terminated at the end of the year, June 29, 2004". May 9, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 1, 2022.
  32. "EU troops prepare for Bosnia swap". BBC. 23 October 2004. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2022.
  33. A. BIN, "NATO – Arab World" in CERMAM, 2005, "CERMAM | Issues | NATO – Arab World". 28 September 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 May 2007.
  34. "2004 Mediterranean Dialogue Work Programme". 2022-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-01.
  35. "Istanbul Cooperation Initiative (ICI)". 2020-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-01.
  36. 1 2 "NATO, Alliance to support Iraq with troop training, June 29, 2004". May 8, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 1, 2022.
  37. 1 2 3 A.D. TSYGANOK, "NATO's Istanbul Summit and Problems of the Russia-NATO Council" in Military Thought, 13, (2004), 4, p. 205.
  38. 1 2 3 "NATO, Istanbul Cooperation Initiative, June 28, 2004". May 9, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 1, 2022.
  39. "NATO, NATO Mediterranean Dialogue, May 18, 2007". May 9, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 1, 2022.
  40. 1 2 NATO, NATO elevates Mediterranean Dialogue to a genuine partnership, launches Istanbul Cooperation Initiative, 29 June 2004, [17] Arxivləşdirilib 2016-09-16 at the Wayback Machine
  41. WHITE HOUSE, Fact Sheet: The Istanbul Cooperation Initiative , June 2004, [18] Arxivləşdirilib 2018-01-01 at the Wayback Machine
  42. "Mediterranean Dialogue". 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-01.
  43. "NATO, NATO enhances operational capabilities, June 29, 2004". May 9, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 1, 2022.
  44. NATO, Heads of State and Government strengthen NATO's anti-terrorism efforts, 29 June 2004, [19] Arxivləşdirilib 2007-05-09 at the Wayback Machine
  45. NATO press release, 17 May 2004.
  46. V. SOCOR, "The Istanbul summit and NATO's two flank struggle over CFE" in Eurasia Daily Monitor, 1, (2004), 16, "The Jamestown Foundation". 30 September 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 May 2007.
  47. V. SOCOR, "Putin to boycott NATO summit" in Eurasia Daily Monitor, 1, (2004), 27, "The Jamestown Foundation". 30 September 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 May 2007.
  48. R. Nicholas Burns & Alexander Vershbow, "Istanbul summit : Building a partnership with Russia" in The International Herald Tribune, 26 June 2004, [20]
  49. Vladimir Socor, Missing in Istanbul: NATO almost bypassed the Black Sea-South Caucasus region, 28 September 2004, "Missing In Istanbul: NATO Almost Bypassed The Black Sea-South Caucasus Region - Eurasia Daily Monitor". 19 September 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 May 2007.
  50. Vladimir Radyuhin, " Russia warns NATO ahead of summit" in The Hindu, 27 June 2004, [21]
  51. 1 2 NATO, Chairman's statement of the meeting of the Euro-Atlantic Partnership Council at Summit level Istanbul, Turkey, 29 June 2004, [22] Arxivləşdirilib 2007-05-09 at the Wayback Machine
  52. TABDC, Relations with Turkey might hinder Armenia-NATO cooperation, 25 May 2004, "TABDC.ORG". 10 February 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 May 2007.
  53. "BBC NEWS, How Iraq handover 'slipped out' , June 28, 2004". July 22, 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 2, 2022.
  54. 1 2 WHITE HOUSE, President Bush Discusses Early Transfer of Iraqi Sovereignty, 28 June 2004, [23] Arxivləşdirilib 2017-10-25 at the Wayback Machine
  55. "CNN, INSIGHT: Sovereignty in Iraq, June 28, 2004". September 2, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 2, 2022.
  56. "CNN, Bush: Iraqis 'have their country back' , June 28, 2004". March 22, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 2, 2022.
  57. K. KAMP, Why This Summit? No Vital Issue Awaits NATO Leaders in Latvia, Defense News, 19 June 2006, [24][ölü keçid]
  58. "D. MILES, Istanbul Summit Marks Milestones for NATO, June 28, 2004". May 11, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 2, 2022.
  59. J. DUFOURCQ, "Introduction" in After Istanbul: A Preliminary Assessment, NATO Defense College, 2004, pp. 12–17, [25] Arxivləşdirilib 2007-03-27 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]