Adamcıl

Adamcıltürk xalqlarının, o cümlədən azərbaycanlıların mifologiyasında qurd şəklində bədheybət. Türk mifologiyasında "Qurd Qadın" da adlandırılır. Azərbaycan demonoloji (şeytani ruhlarla bağlı) inanclarında "Bizdən yaxşılar" olaraq qeyd edilən cinlərdən biri hesab edilir. Türk demonoloji inanclarında yarı-şeytani varlıqlar arasında sayılır.[1]

Adamcıl
Xarici görünüşü iri buynuzlar, uzun caynaqlar və tüklü bədən
Vasitələri Qurd dərisi,
alovsayağı işıq
Qidası Heyvan və insan əti (uşaq əti və təzəlikcə qəbiristanlıqda basdırılmış ölülərin əti daxil olmaqla)
Zəif cəhətləri Qurd dərisinin yandırılması
İnsan bədəninə təsiri xəstəlik (halsızlıq, iştahsızlıq və lallıq daxil olmaqla),
on günə qədər gecikdirilən ölüm

Azərbaycan mifoloji mətnlərində təsviri

[redaktə | mənbəni redaktə et]

İnsanların adamcıla çevrilmə səbəbləri başlarına (ola bilsin ki, tikanlı) qurd donu düşməsidir. Başa qurd dərisi düşməzdən əvvəl insanın alovsayağı bir işıqla əhatə edilməsi halı da İrəvan mətnində qeyd edilmişdir.[2] Qadınlar gecə vaxtı, xüsusilə yuyunduqdan sonra başı açıq dolananda qurd donu üstlərinə düşür.[i 1] Həmçinin hamilə qadının navdan altında oturanda başına qurd dərisi düşdüyü, bundan sonra adamcıla çevrilərək uşaq əti yediyi ilə bağlı mif vardır.[i 2]

Bəzi mətnlərdə Adamcıl donu təndirdə geyinərək çölə çıxır. O, heyvaninsan əti yeyir. Bədheybət bütün gecəni çöldə keçirdikdən sonra insan cildinə qayıdıb evə gəlir. Adamcılın donunu yandıranda o, ölür və ya adamcıllıqdan çıxaraq insan olur. Qurd donu yandırılarkən insan təndir ətrafında dəli kimi fırlanır və nərə çəkir. Don yandırılandan sonra isə insan xəstə yatır, heç nə yemir və danışmır. Bir neçə gün sonra insan sağalır. Bir mətndə insanın on gün yaşadıqdan sonra öldüyü qeyd edilmişdir.[i 3]

Mətnlərin birində Adamcılın qəbri qazıb insanı çıxardığı təsvir edilir. Ancaq bu insan ölü deyil, səhvən ölü hesab edilərək basdırılmışdır. İnsanlar basdırılmış adamı xilas etmək üçün adamcılı yaralayır və yandıraraq öldürürlər. Bu mətndə Adamcıl iri buynuzları, uzun caynaqları və tüklü bədəni ilə təsvir edilmişdir.[i 4]

Adamcılın ölü insan əti yeməsi halı sadəcə İrəvan mətnində qeyd edilmişdir. Burada Adamcıla çevrilən qız kənddə kimsə ölən kimi onun qəbrinə gedib, ölünü çıxardaraq yeyir.[2]

Yayıldığı ərazilər

[redaktə | mənbəni redaktə et]

Şəki mifoloji mətnlərinə görə üstü açıq yerdə çimən qız qurda çevrilir. Mətndə qurd Adamcıl adlandırılmır. Qurda çevrilmə ilə bağlı daha üç mətn Naxçıvan, Gəncəbasar və İrəvan azərbaycanlılarına aid folklor nümunələrində rast gəlinir.[2]

İlkin mənbələr

[redaktə | mənbəni redaktə et]
  1. Əsatirlər, əfsanə və rəvayətlər, 2005. səh. 139–144.
  2. Əsatirlər, əfsanə və rəvayətlər, 2005. səh. 240.
  3. Əsatirlər, əfsanə və rəvayətlər, 2005. səh. 139–144.
  4. Əsatirlər, əfsanə və rəvayətlər, 2005. səh. 181.

İkinci dərəcəli mənbələr

[redaktə | mənbəni redaktə et]
  1. Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, Yurt Yayınevi (türk.)
  2. 1 2 3 Ləman Vaqif qızı Süleymanova. Şəki folklor mühiti, Bakı, 2012. – 248 səh.