Tuğay Məlik — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
Azərbaycanın bir çox bölgələrində müxtəlif vaxtlarda uşaq və gənclər arasında tez-tez oynanılan "Tuğay Məlik" oyunu da çox maraqlıdır.
"Tuğay Məlik" mahnısını vaxtilə toy gecəsi, gəlin gərdəyinin qabağında da oxuyarmışlar:
Çay aşağı işim var, Tuğay Məlik!
Zərgərdə gümüşüm var, Salaməleyküm!
Qaydaya görə, bu oyunda da iştirakçılar iki dəstəyə bölünər, 5–10 (bəzən 20–30 nəfər) nəfərdən ibarət olan dəstələr sıra ilə qarşı-qarşıya durardı. Birinci dəstə qaval və əl çala-çala rəqs edər, oxuya-oxuya o biri dəstəyə yaxınlaşardı. Oyunda böyük bir canlanma, şux əhvali-ruhiyyə yaranardı:
Qara atın nalıyam, Tuğay Məlik!
Üstü ipək xalıyam, Salaməleyküm!
Dəymə, dolaşma, oğlan, Tuğay Məlik!
Mən özgənin malıyam, Salaməleyküm!
Birinci dəstə şeri oxuyub geri qayıdardı. İkinci dəstə "öz" şerini oxuya-oxuya birinci dəstəyə tərəf yaxınlaşar və cavab olaraq oxuyardı:
Qara at, minnəm səni, Tuğay Məlik!
Yorğayla sürrəm səni, Salaməleyküm!
Məni yara yetirsən, Tuğay Məlik!
Məxmər çullaram səni, Salaməleyküm!
Oyun beləcə davam edərdi. Ənənəyə görə, cavab sözü tapmayan dəstənin bir üzvü o biri dəstəyə, yəni qalib dəstəyə keçərdi. Üzvünü itirmiş məğlub dəstə "Ay zəri" adlı mahnı ifa edərdi:
Ay zəri, zəri, zəri,
Vay zəri, zəri, zəri,
Qızılgüllər içində
İtirdim nazlı yarı.
Oyunun sonunda iştirakçılarını itirmiş dəstə oyunu uduzmuş sayılırdı. Onun son iştirakçısı qalib dəstədən xahiş edərdi:
Sizə diləyə gəlmişəm,
Bizə diləyə gəlmişəm.
Qızıl sünbüllər gətirib,
Qıza diləyə gəlmişəm.
Qalib dəstə bir nəfəri geri qaytarardı. Bu iki iştirakçı yuxarıdakı bəndi təkrar edərdi. İtirilmiş iştirakçıların hamısı geri qaytarılanadək oyun davam etdirilərdi. Üzvlərin sayı bərabərləşəndən sonra oyun yenidən başlanardı.