Çömçəxatun

Çömçəxatun və ya Çömçəgəlin (türk. Çümçe gelin) — AzərbaycanAnadolu türklərində mifoloji qəhrəman. Bu qəhrəmanla bağlı olaraq Azərbaycanda ən çox yağış yağmayanda, bayramqabağı günlərdə, eləcə də digər vaxtlarda əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim mərasim tipli oyun vardır.

Çömçəxatun
az.-əski. چؤمچه خاتون
türk. Çümçe gelin
Yaşı 14-15 (insan formasında)
Növü İnsan
Dönərgə (ağac)
İyə (ruh)
Sehrli gücləri Havaya təsir etmə,
qut (müqəddəs enerji),
şəklini dəyişmə (dönərgəlik)
Təmsilçiləri
  • Çömçəgəzdirən və çömçə
  • Çömçəxatun geyimində 14-15 yaşlı qız uşağı və çömçə
  • Çömçəxatun oyuncağı
Mərasiminin yayıldığı xalqlar Azərbaycanlılar
Anadolu türkləri
Məlumat
Peşə Yağış iyəsi
Əlaqələri Yağış tanrısı (qurban getdiyi tanrı)

Gözəl və mömin bir qız olan Çömçəxatunun hörməti Allah qatında hamıdan üstün idi. Ona qut verilmişdi və Allahdan nə istəsə gerçək olurdu.[1]

Quraqlıq ilində bütün heyvanlar kəsilib, insanlar qırılmaq mərhələsinə çatanda bir təpəyə çıxır, üzünü göyə tutub yağış üçün dua edir. Allah onun duasını eşidib yağış yağdırır. Ancaq Çömçəxatun yağışın altından getmir, axırda çox islanır və yamyaşıl bir ağaca çevrilir. Bu hadisədən sonra Çömçəxatun xalq arasında müqəddəs hesab edilir və il quraq keçəndə onun adına mərasimlər təşkil edilir.[1][i 1]

Çömçəxatun od istər,
Çəmənlərdə ot istər.
Ağaclarda bol məhsul,
Meyvəsin dolu istər.
Anam-bacım götür gəl!
Çömçəyə pay gətir gəl!
Yağış gətir, bizə gəl!
Çömçəyə pay gətir gəl.
Çömçəxatun nə istər?
Tanrıdan yağış istər.
Çömçəxatun gül istər,
Çaylar dolu sel istər.
Zəmiləri saçaxlı,
Məhsulunu bol istər.
— Çömçəgəzdirən[2]

Bu oyunda çömçəgəzdirən gənclər arasından seçilir. O, tanınmamaq üçün köhnə paltar geyinir, xurcununa yaşıl ot və güllərlə bəzədilmiş taxta çömçə qoyur və ata minir. Bütün kəndi gəzib evlərdən pay istəyir. Getdiyi evlərdə hamı onun çömçəsinə su tökür, çantasına düyü-buğda qoyur. Evlərdən yığılan su ağacların altına tökülür, düyü kasıblara verilir, buğda isə quşlara səpilir. Mərasim bitdikdən sonra bolluq və bərəkət rəmzi olan barlı ağaca çömçə asılır.[1]

Naxçıvanın Culfa rayonunun kəndlərində yağışı çağırmaq üçün Çömçəxatun mərasimi keçirilir. 14–15 yaşlı qız uşağının tanınmaması üçün üzü boyanır, köhnə paltar geyindirilir, əlinə boş çömçə verilib ata mindirilir. Qız ata mindirildikdən sonra onun əlinə xəmir sürtülür. Bəzəkli qız xalq arasında "Çömçəxatun" kimi tanınır. Bir adam atın üstündə olan "Çömçəxatun"a rəhbərlik edir. "Çömçəxatun" at belində bütün kəndi gəzir, əllərindəki xəmiri yumaq üçün evlərdən su istəyir, yağış üçün dua edir. Getdiyi evlərdə hamı onun qabına su tökür, uşaqlar da onları müşayiət edir. "Çömçəxatun" yoldaşları ilə əkin sahələrini, bulaqları, çeşmələri gəzib yağış duasını edir və mahnısını oxuyur. Mərasim kəndi gəzib qurtardıqdan sonra başa çatır. Qazana tökülən su ilə qız əlinin xəmirini və atının başını yuyur.[1]

Bu oyun Azərbaycanın bölgələrində, xüsusən Naxçıvan və Lənkəran əkinçiləri tərəfindən "çömçəxatun gəzdirmək" adı ilə icra olunardı. Naxçıvanın Ordubad bölgəsində yağış çağırmaq üçün çömçəni yaşlı qadınlardan biri gəzdirərdi.[2]

Yağış dayandırma

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda yağışın qarşısını almaq üçün Çömçəxatun oyuncağı hazırlanır və uşaqlar onu qapı-qapı gəzdirir, ancaq xatunun geyindiyi paltarlar qırmızıdır və üzərinə su əvəzinə kül atılır.[3]

Çömçəxatun mifində verilən verilən qız qurban, onun dua etdiyi Allah isə yağış tanrısıdır. Tanrı yağış yağdırır, qız isə ona qurban gedir.[4]

Çömçəxatun mərasiminin sonunda suyun ağacın altına tökülməsi və çömçənin ağacdan asılması bu obrazın su və ağac kultları ilə bağlılığı ilə əlaqədardır. Bu mərasimlər göstərir ki, göllərin, çayların sahibi (əyəsi) olduğu kimi yağışın da əyəsi var. Onun qadın şəklində təsəvvür edilən Çömçəxatun olduğunu düşünmək olar. Çünki su ilə bağlı əyələr, su pəriləri, məleykələr qadın şəklində təsəvvür edilir.[4]

Çömçəxatun Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestrində "Çömçəgəlin" adı ilə qeydiyyata alınmışdır.[5]

İlkin mənbələr

[redaktə | mənbəni redaktə et]
  1. Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, "Şərq-Qərb", 2005. anl.az

İkinci dərəcəli mənbələr

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Türkan ARIK. "Azerbaycan'in Nahçivan Bölgesi̇nde Yağmurla İlgi̇li̇ İnanişlar ve Yağmur Çağirma Merasi̇mleri̇". Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi. 2018. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-06.
  2. 1 2 Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 483. ISBN 978-9952-34-152-2
  3. TÜRK HALK TAKVİMİ VE METEOROLOJİSİ İLE İLGİLİ İNANIŞ VE RİTÜELLER. "Elif ORAL". 2019. (#accessdate_missing_url)
  4. 1 2 Aynur Babək. Azərbaycan folklorunda su ilə bağlı inamlar. Bakı "Nurlan", 2011. – 212 səh.
  5. AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 218 saylı 28.04.2010 tarixli Əmri ilə təsdiq edilmişdir, 25.08.2011, 28.03.2012, 18.10.2012, 15.05.2013, 03.02.2014, 27.01.2015, 17.02.2016, 12.05.2016, 24.10.2018, 09.04.2019, 09.12.2020 tarixli əlavələrlə. Online access: ICH inventory — Azerbaijan: Azerbaijani/English in Craftsmanship of mother of pearl inlay Arxivləşdirilib 2023-12-08 at the Wayback Machine