Antuan Anri Bekkerel (fr. Antoine Henri Becquerel; 15 dekabr 1852[1][2][…], Paris[7][8] – 25 avqust 1908[1][3][…], Pen Kastel malikanəsi[d], Kruazik[d]) — tanınmış Fransa fiziki, 1903-cü il Fizika üzrə Nobel mükafatı laureatı. Radioaktivlik sahəsində aktivliyin ölçülməsi — Bekkerel ölçü vahidinə əsaslanır ki, bu da Antuan Anri Bekkerelin adı ilə bağlıdır.
Antuan Anri Bekkerel | |
---|---|
fr. Antoine Henri Becquerel | |
Doğum adı | Antoine Henri Becquerel . |
Doğum tarixi | 15 dekabr 1852[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 25 avqust 1908[1][3][…] (55 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Elm sahələri | fizika, kimya |
Elmi dərəcələri | |
İş yerləri |
|
Təhsili |
|
Tanınmış yetirməsi | Mariya Küri |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Antuan Anri Bekkerel 1852-ci ildə Parisdə dünyaya göz açmışdır. Atası və babası tanınmış fizik olmuşlar. Bekkerel orta təhsilini Böyük Lüdoviq litseyində almış, 1872-ci ildə Politexnik məktəbinə daxil olmuşdur. İki ildən sonra isə Körpülər və Yollar Ali Məktəbinə daxil olmuş və mühəndis təhsili almışdır. Tələbəlik illərində müəllimlik də etmişdir. Daha sonra Milli Təbiətşünaslıq Muzeyində atasının assistenti vəzifəsində çalışmışdır. Burada işığın polyarlaşmasına dair təcrübələr aparmış, həmçinin Yer kürəsinin temperaturu haqqında elmi məqalələr üzərində işləmişdir. 1888-ci ildə Paris Universitetinin təbiət elmləri fakültəsində işığın kristallarda udulması haqqında yazdığı dissertasiyaya görə doktor elmi dərəcəsinə layiq görülmüşdür.
Vilhelm Rentgenin kəşfindən sonra Bekkerel işıqla aktivləşdirilən lüminsə edilmiş materialların rentgen şüası buraxıb-buraxmaması üzərində tədqiqat aparmağa başlamışdır. O, uran-kalium sulfatını (uran duzlarından biridir) qalın, qara kağıza bükərək, fotoqraf plastinlərinin üzərinə qoymuş və onu bir neçə saat günəş şüası altında saxlamışdır. Nəticədə uran duzunun rentgen şüaları buraxdığı aşkar edilmişdir. Lakin qaranlıq məkanda təcrübə keçirərkən də eyni hal müşahidə edən Bekkerel sonralar yalnız uran birləşmələrinin özbaşına şüa buraxdığını aşkarlamışdır. 1896-cı ildə isə saf uranın uran duzundan üç-dörd dəfə daha artıq şüalanma mənbəyi olduğunu aşkar edən alimin şərəfinə, bu şüalar Bekkerel şüaları adlandırılmışdır.
Bu təbiət hadisəsi sonralar dünya fizikləri tərəfindən öyrənilən radiasiya elm sahəsi idi. Sonrakı illər ərzində alimlərin apardıqları tədqiqatlar nəticəsində radiasiya ilə bağlı bir sıra suallar cavabını tapmışdır. Bir müddət keçdikdən sonra Bekkerel bu şüaların elektronlardan ibarət olduğu qənaətinə gəlmişdir. Mariya və Pyer Küri toriumda da bu xassəni müşahidə etmiş, daha sonra isə polonium və radium adlı iki yeni elementi kəşf etmişdilər.
1903-cü ildə Antuan Anri Bekkerel Mariya və Pyer Küri ilə bərabər, "Radiasiyanın araşdırılması sahəsində fövqəladə xidmətlərinə görə" fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Mərasim zamanı mükafatı təqdim edən akademik Terneblad hər üç laureatın xüsusi növ şüalanmanı kəşf etməsinə görə elm qarşısındakı xidmətlərini yüksək qiymətləndirmiş, həmçinin bu şüaların öyrənilməsini gələcəyin işi, yeni enerji mənbəyi olacağını bildirmişdir.
Bekkerel ömrünün qalan hissəsini elmi araşdırmalarla və tədris işinə həsr etmişdir. O, 1908-ci ildə Fransanın Bretan əyalətinin Le-Kruazik şəhərində vəfat etmişdir.