Azərbaycan mədəniyyəti |
---|
Dil • Yazı sistemi • Folklor • Dastanlar • Ədəbiyyat • Fəlsəfə • Mifologiya • Memarlıq • Ev • Bağ • Təsviri incəsənət • Miniatür • Kalliqrafiya • Keramika • Xalçaçılıq • Heykəltəraşlıq • Milli geyim • Kosmetika • Musiqi • Muğam • Aşıq sənəti • Rəqs • Balet • Teatr • Yumor • Kino • Animasiya • Mətbuat • Radio • Televiziya • Təhsil • İdman • Döyüş sənətləri • Oyunlar • Dövlət bayramları • Festivallar • Tarixi təqvimlər • Mərasimlər • Milli Yeni il • Evlilik • Atəşfəşanlıq • Kulinariya • Çay mədəniyyəti • Şərabçılıq • Köçərilik • Ziyarətgahlar • Xalq təbabəti • Mentalitet • Milli kimlik • Tayfa quruluşu • Aristokratiya |
Azərbaycanda narçılıq — Azərbaycan Respublikasında narın istehsalı ilə məşğul olan kənd təsərrüfatı sahəsi.
Azərbaycanda ümumi nar bağının sahəsi 24.000 hektara yaxın təşkil edir. Azərbaycanda nar istehsal edən iqtisadi rayonlar sırasında Gəncə-Qazax və Aran iqtisadi rayonunda Çəhrayı gülöyşə, Bala Mürsəl, Azərbaycan gülöyşəsi, Nazik qabıq, Vələs, İri gilə və sair sortlar becərilir.
Ən yaxşı nar sortları meyvəsinin kütləsi 800-1000 qrama, orta çəkisi isə 200-400 qrama çatır. Narın homoloji sortlarının məhsuldarlığı da eyni deyildir. Nar sortlarından Məhsəti, Bala Mürsəl və Qırmızı qabıq sortları ən yüksək məhsuldarlığa malikdir. Sortlar üzrə onların məhsuldarlığı 100-160 sentner təşkil edir. Azərbaycanda 70-ə yaxın nar sortları mövcuddur.
Azərbaycanda ən çox rast gəlinən nar sortları aşağıdakılardır.
Azərbaycanın unikal iqliminə görə burada demək olar ki, bütün nar növləri becərilir. Ölkənin bağlarında hər il 40 min tona yaxın şirin nar yığılır. Narın 65 faizi yeməli, tərkibindəki şirəsi isə 84%-ə qədər ola bilər. Nar dənələrinin pulpasında çoxlu minerallar, amin turşuları və vitaminlər var. Əsl nar şirəsi zəngin tünd qırmızı rəngdədir, günəş işığında yarı şəffafdır. Azərbaycan milli mətbəxində nar müxtəlif xörəklərdə istifadə olunur.
Azərbaycanın bəzi bölgələrində fərqli bir ənənə var: Toy korteji zamanı bəy gəlini yeni evinin astanasında qarşılamalı və ona nar atmalıdır. Gəlin tutsa, evdə hökmranlıq edəcək, əks halda ərinə itaətkarlıqla itaət etməli olacaq.
Fenq Şui-yə görə, nar güclü ailənin simvoludur. Özünüzdə və ətrafınızdakı dünyada harmoniya axtarışına əsaslanan böyük tarazlıq nəzəriyyəsinə inanırsınızsa, evinizdə nar şəkli olmalıdır. Məsələn, ailənin yeni üzvünü gözləyirsinizsə və doğuşun sağlam keçməsini istəyirsinizsə, mənzilin şimal hissəsinə ortadan bölünmüş şirəli nar qoyun
Bir çox azərbaycanlı rəssamlar öz yaradıcılıqlarında nar mövzusuna müraciət ediblər. Onlardan biri də görkəmli Azərbaycan rəssamı Toğrul Nərimanbəyovdur ki, onun yaradıcılıq simvolunu əminliklə nar adlandırmaq olar. Nar mövzusunda ilk əsərlərdən biri "Göyçay bağlarında" adlanır.
Azərbaycanda narçılıq sahəsində ən böyük tədbirlərdən biri "Nar bayramı"dır. Bu bayram ilk dəfə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 3 noyabr 2006-cı ildə Göyçayda keçirilmişdir.
Nar 2015-ci ildə ilk Avropa Oyunlarının simvolu oldu. Azərbaycan təbiətinin və mədəni irsinin simvolu kimi Ceyran və Nar təsvirləri 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarının rəsmi talismanları kimi təqdim edilib.
Ceyran qonaqlara Azərbaycanın zəngin irsinə nəzər salmağı təklif etməklə Oyunların mədəniyyət elçisi olub. Qafqaz dağlarından tutmuş Xəzər dənizinin sahillərinədək Ceyran qonaqlara ölkə boyu bələdçilik edib və onlara Azərbaycanın gözəlliklərini nümayiş etdirib. Ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın simvolu və Azərbaycanda qorunan heyvan növlərindən biridir.
Nar günəşi sevən, Göyçay şəhərində bitən meyvədir. Həyat eşqi və enerji ilə aşıb-daşan Nar yeni idman növlərində iştirak etməyi sevir və Avropa Oyunları tədbirinə qoşulacaq. Nar Azərbaycan folklorunda birliyi tərənnüm edir və rəngarəng Bakı 2015 brendində əks olunaraq artıq şəhərimizdə geniş şəkildə nümayiş etdirilib.
Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Bizim simvollar ilk Avropa Oyunları üçün çox əhəmiyyətlidir və onları Bakı 2015 ailəsində salamlamağa çox şadıq. Ceyran Oyunların və Azərbaycanın zəngin irsinin zərif mədəniyyət elçisi olacaq. Nar Oyunların enerjisini, həyəcanını və əyləncəsini təmsil edir və idman sahələrində keçirilən yarışlarda iştirak edəcək".[1][2][3][4][5]
Azərbaycanda narçılıq sahəsində fəaliyyət göstərən bir sıra təşkilatlar var ki, onlardan Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası[6] 2016-cı ildə yaradılmışdır.
Azərbaycan narı hər il Rusiya, Belarus, Kanada, Yeni Zelandiya, Gürcüstan, BƏƏ, Cənubi Koreya və başqa ölkələrə ixrac olunur[7].
Hələ XX əsrin 20-ci illərinin əvvəllərində Göyçay qəzasından aparılmış tinglərlə ABŞ-nin Kaliforniya ştatında böyük plantasiyalar salınmışdır[7].
Hazırda da müxtəlif ölkələr Azərbaycanda narçılıq təcrübəsini öyrənməyə çalışırlar. Məsələn, 2017-ci ildə Kolumbiya Respublikasının xarici işlər naziri Mariya Anxela Olqin Azərbaycanda səfərdə olarkən narçılıq təsərrüfatları ilə tanış olmaq və öz ölkəsində bu cür təsərrüfatlar yaratmaq imkanlarını öyrənmək məqsədilə Kürdəmir rayonunda olmuşdur[7].
2018-ci ildə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası tərəfindən Azərbaycan Respublikasında narçılığın inkişafında xidməti və əməyi olan şəxslərin təltif edilməsi məqsədilə "Azərbaycan Narı" döş nişanı təsis edilmişdir[8].