Azərbaycanda heykəltəraşlıq

Azərbaycanda heykəltaraşlıqAzərbaycan təsviri sənətinin növlərindən biri. Heykəltaraşlıqda insan və ya hər hansı təsvir obyekti həcmli formada yaradılır. Adətən, insan, bəzən isə heyvan təsvir edən (animalistik janr) heykəltaraşlığın imkanları boyakarlığa nisbətən bir qədər məhdud olur. Heykəllər əsasən 2 növə ayrılır: Həcmli və ya dəyirmi heykəllər; relyef heykəllər.

Heykəlin daha yaxşı alınması üçün əsas plan, işıq müstəvisi, kütlə və həcm böyük rol oynayır. Heykəllərin hazırlanmasında müxtəlf materiallardan istifadə olunur: daş (mərmər, əhəngdaşı, qumdaşı, qranit və s.), taxta, sümük, metal (bürünc, dəmir, tunc və s.), gil, yanmış gil, keramika (terrakota, mayolika, saxsı, çini və s.) gips və digər materaillar. Ənənəvi materiallarla yanaşı, müasir heykəltaraşlıqda tamamilə fərqli materiallardan da istifadə olunur: şüşədən, buzdan, qardan, kağızdan da abidə hazırlayanlar var.

Ümumilikdə, heykəltaraşlıq sənətinin 3 sahəsi məlumdur. Onlar – Monumental, dekorativ və dəzgah heykəltaraşlığı

Heykəltaraşlığın ən ibtidai forması – daşdan hazırlanan fiqurlardır. Orta əsrlərə aid edilən, Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış daş insan fiqurları heykəltaraşlığımızın daha təkmilləşmiş nümunəsi hesab edilir. Bayıl qəsrindəki daşoyma nümunələri (XIII əsr), məzarlar üzərinə qoyulan at və qoç fiqurlarını (XV–XIX əsrlər) da heykəltaraşlığın yeni və yaddaqalan səhifəsi saymaq mümkündür. Naxçıvanın Оrdubad bölgəsinin Biləv kəndində hicri 1088-ci ildə (miladi 1677–1678 illər) vəfat etmiş Səfərəlinin xatirəsinə hazırlanmış daş qоç fiquru var. Abidə üzərində qоyulan imzadan belə məlum оlur ki, qоç heykəlini Abid hazırlayıb. İndiyədək kənddəki qəbristanlıqda qalan və XVII yüzilliyə aid оlan çоxsaylı daş qоç fiquru tipli qəbirüstü xatirə abidələrinin bir hissəsini də həmin yüzillikdə yaşamış bu heykəltaraş — Abid hazırlayıb. Heykəltaraşlıq sənətinin ən məşhur nümunələri arasında XIII əsrdə Bakı limanında tikilmiş Şirvanşahların "Bayıl qəsri", yaxud "Səbayıl" adlanan memarlıq abidəsini göstərmək olar. Bu abidələr üzərindəki yazı və qabartma təsvirləri binanın dekorativ tərtibində həlledici rol oynayıb. "Bayıl daşlarında" yazılarla birlikdə insan və heyvan (pələng, dəvə, at, öküz, quş) təsvirləri dərin oyma üslubunda işlənilib. Friz xarakteri daşıyan "Bayıl daşları" vaxtilə quruda yerləşən möhtəşəm memarlıq abidəsinin dekorativ elementini təşkil edib.

Heykəltaraşlığın bugünkü mənzərəsinin yaranmasında Bakıda açılan rəssamlıq məktəbi və yerli kadrların SSRİ-nin müxtəlif mərkəzi şəhərlərində heykəltaraşlıq sənətinə yiyələnmələri böyük rol oynayıb. Azərbaycan heykəltaraşlarının bir araya gətirilməsi və onların bir təşkilat ətrafında birləşdirilməsi Sovet dövrünün payına düşüb. Lakin bundan qabaq da Azərbaycanda plastika sənətinin biliciləri olmuşdur. Son illərin araşdırmaları sübut edir ki, 1920-ci ilə qədər də Azərbaycanda heykəltaraşlıq əsərləri yaradılıb. Bu nümunələr həm xalq sənətkarları, həm də Rusiyada və Avropada təhsil almış peşəkar heykəltaraşlar, sənətşünaslar tərəfindən hazırlanıb. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə də hələlik adları məlum olmayan heykəltaraşlar fəaliyyət göstəriblər. Qısa müddətdə fəaliyyət göstərmiş AXC-də bütün layihələrin həyata keçirilə bilməməsi səbəbindən nə əsərlərin özü, nə də müəlliflər barədə dəqiq məlumatlar yoxdur. Lakin bu layihələrin mövcudluğu haqqında mənbələrdə kifayət qədər informasiyalar gedib. Məsələn, dövlət gerbinin, bir sıra orden və medalların hazırlanmasında ilk peşəkar heykəltaraş Zeynal Əlizadənin fəal iştirakı olub. Azərbaycan müasir peşəkar heykəltaraşlığının təşəkkülü ilə bağlı Bakıda bir sıra monumental abidələr qoyulmuş, milli heykəltaraşlıq kadrları yetişmişdir. 1920–30-cu illərdə ilk azərbaycanlı heykəltaraşlardan İbrahim Quliyev, eləcə də Azərbaycanda yaşayan Yelizaveta Tripolskaya, Pinxos Sabsay və b. heykəltaraşların iştirakı ilə Bakıda heykəllər qoyulmağa başladı. Əvvəllər Azərbaycan Dövlət İncəsənət Universitetinin nəzdində olan heykəltaraşlıq bölməsi adıçəkilən təhsil ocağından ayrılıb və Azərbaycan Rəssamlıq Akademiyası yaradılıb. Hazırda akademik Ömər Eldarovun rektorluq etdiyi həmin ali məktəbdə istedadlı heykəltaraşlar yetişdirilir. Rəssamlar İttifaqının 100–120 nəfər heykəltaraş üzvü arasında həm peşəkar, həm də xalq yaradıcılığı bölməsində təmsil olunan heykəltaraşlar da var. Sonuncular qranit, mərmər və digər vasitələr üzərində təsvirlər yaratmaq və başqa işlər görməklə məşğuldurlar. Rəssamlar İttifaqına üzv olmaq istəyən heykəltaraşın azı 5–6 fərdi sərgisi keçirilməlidir.

Azərbaycan heykəltaraşları

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın professional heykəltaraşlığı XX əsrin əvvəlində formalaşaraq inkişaf etmişdir.Daha dəqiq, milli heykəltaraşlığımızın əsas inkişafı 1930–1940-cı illərə təsadüf edir. Cəlal Qaryağdı, Fuad Əbdürəhmanov, Pinxos Sabsay, Mirəli Mirqasımov, Tokay Məmmədov, Ömər Eldarovun adı ilən bağlı olmuşdur.

Fuad Əbdürəhmanov hələ otuzuncu illərdə yaratdığı obrazlarda monumental formalara üstünlük verirdi[1][2] . Firdovsinin Şahnamə poemasındakısurətlərdən biri "Ox atan gənc" fiquru buna gözəl nümünə ola bilər. Fuad Əbdürəhmanovun "Nizami" abidəsi xüsusilə diqqət çəkəndir.

Cəlal Qaryağdının yaradıcılığında "Xosrov və Şirin" poemasının motivləri əsasında "Fərhad dağı yarır" qorelyefini xüsusi qeyd etmək lazımdır.

Azərbaycan monumental heykəltaraşlığının sonrakı inkişafı 1950–1960-cı illərə təsadüf edir. Bu dövr heykəltaraşlar arasında T.Məmmədov, Ö.Eldarov , M.Mirqsımovla yanaşı E.Hüseynova, E.Şamilov və başqalarının adını qeyd etmək olar[3].

T.Məmmədovun Ö.Eldarovla birlikdə 1963-cü ildə işlədiyi Məhəmməd Füzulinin abidəsi Azərbaycan heykəltaraşlığının böyük nailiyyəti sayılır[4][5]. Bu illərdə yaradılmış maraqlı monumentl heykəltaraşlıq sənətinin nümünələri sırasına İ.Zeynalovun "Şah İsmayıl Xətai" , A.Əsgərovun "Akademik Y.Məmmədəliyev" abidələrini aid etmək olar.

Azərbaycan heykəltaraşları monumental janrla yanşı, portret janrı sahəsində də yüksək nailiyyətlər əldə etmişlər.Ö.Eldarovun , T.Məmmədovun , M.Mirqasımovun , F.Nəcəfovun, A.Əsgərovun bu sahədə adını qeyd etmək olar. Ö.Eldarovun ağacdan yonulmuş "Səttar Bəhlulzadə","Şairə Natəvan", T.Məmmədovun "Nizami Gəncəvi" , "Səməd Vurğun" portretləri nümünə göstərmək olar .

Azərbaycan heykəltaraşları 1970–1990-cı illərdə müxtəlif materiallardan düzəldilmiş kiçik plastika sahəsində xeyli nailiyyətlər əldə etmişlər. Bu janrda yaradılmış əsərlər üzərində A.Əsgərova , N.Əliyev , N.Dadaşov, X.Əhmədov çox fəal yaradıcılıq işləri aparmışlar.

Müasir dövr Azərbaycan heykəltaraşlığı XX əsr heykəltaraşlıq ənənlələrindən bəhrələnərək yeni formalar axtarışındadır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Наджафов М. Ф. Абдурахманов. — М., 1955.
  2. Новрузова Дж. Фуад Абдурахманов. — Баку, 2004.
  3. Дж. Г. Новрузова. Монументальная скульптура Советского Азербайджана, Баку, 1960.
  4. Şeyxov, Yusif. Tokay Məmmədov (Sərvət silsiləsi). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013.
  5. Qacar, Gülrəna. Ömər Eldarov (Sərvət silsiləsi). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013.