Yorqos Seferis (əsl soyadı Seferiadis) (yun. Γιώργος Σεφέρης) — müasir yunan ədəbiyyatının ən görkəmli şairlərindən biri, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı.
Yorqos Seferis | |
---|---|
yun. Γιώργος Σεφέρης | |
Doğum adı | Γεώργιος Σεφεριάδης |
Təxəllüsü | Γιώργος Σεφέρης[4] |
Doğum tarixi | 13 mart 1900[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 20 sentyabr 1971[1][3][…] (71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | şair, diplomat, tərcüməçi, yazıçı |
İstiqamət | 1930-cu illər nəsli |
Vikianbarda əlaqəli mediafayllar |
Yunan şairi və diplomatı Yorqos Seferis Osmanlı İmperiyasında, İzmir yaxınlığındakı Urla qəsəbəsində, zəngin ailədə doğulmuşdur. Vəkilliklə məşğul olan atası həm də canlı danışıq ənənələrinə əsaslanan yeni yunan dilində – demotikdə şeirlər yazırdı. Türkiyə-Yunanıstan münasibətlərinin daha da kəskinləşdiyi Birinci Dünya müharibəsi dövründə Seferiadislər ailəsi Afinaya köçmüşdür. Yorqos burada ginmaziyaya daxil olmuş, klassik yunan dilini öyrənmiş və vətəninin qədim mədəniyyət tarixi ilə yaxından maraqlanmışdır.
1918-ci ildə beynəlxalq hüququ öyrənmək məqsədi ilə Parisə yollanan atası ilə birlikdə Yorqos Seferis də Fransa paytaxtına gəlmişdir. O, ali təhsilini Sorbonnanın hüquq məktəbində davam etdirmişdir. Fransız simvolistlərinin, klassik və müasir yunan şairlərinin əsərlərini diqqətlə öyrənmişdir. Özü də fransız və yeni yunan dilində şeirlər yazmışdır. Sorbonnanı başa vurduqdan sonra hüquq magistri dərəcəsi alan Seferis təhsilini bir müddət Londonda təkmilləşdirmişdir.
Atatürkün rəhbərliyi ilə Qurtuluş Savaşına başlayan türk ordularının yunan işğalı altındakı İzmiri azad etmələri və onu yenidən Türkiyənin tərkibinə qaytarmaları Seferisə sarsıdıcı təsir göstərmişdir. Bu, yunan şairində vətənsizlik sindromu yaratmış və onun bir çox şeirlərinin əsas mövzusuna çevrilmişdir.
Yorqos Seferis 1926-cı ildən Yunanıstan xarici işlər nazirliyində fəaliyyətə başlamış və 35 ildən çox diplomatiya sahəsində çalışmışdır. Ölkəsinin Albaniya, Britaniya və Türkiyədəki səfirliklərində konsul və müşavir, Livan, Suriya, İraq və İordaniyada səfir, BMT-dəki Yunanıstan Daimi nümayəndəliyinin rəhbəri olmuşdur. Diplomatik xidmətini 1962-ci ildə Böyük Britaniyada səfir kimi başa vurmuşdur.
İlk kitabı "Sətirlər" 1931-ci ildə məhdud tirajla çap edilmişdir. Həmvətəni, tənqidçi Antoni Zaxareosun fikrincə, "bu məcmuə yunan poeziyasında yeni istiqamətin başlanğıcı" olmuşdur. Şeirlərində fransız simvolistlərinin, ilk növbədə, Pol Valerinin təsiri aydın hiss edilirdi. Müəllif özü isə Tomas Eliot və Ezra Paund kimi ingilis şairlərinin yaradıcılığından öyrəndiyini və təsirləndiyini etiraf etmişdir. Londonda yazdığı şeirlərin toplandığı "Su hövzəsi" (1932) kitabında da Seferis modernist ənənələrlə sadə xalq dilinin və təsvir üsullarının sintezinə çalışmışdır. O, həm də Tomas Eliotun şeirlərini yunan dilinə çevirmişdir.
Tədqiqatçıların fikrincə, "Mifik tarix" (1936) poemasından başlayaraq Seferisin poetik üslubu daha sərbəst və təbii şəkil almışdır. Bu poemanın məzmunu da maraqlı idi. Müəllif "Odisseya" qəhrəmanlarını və müasir didərginləri bir araya gətirmiş, sanki bu yolla da yunan antikliyi ilə müasirliyi arasında körpü salmışdır.
İninci Dünya müharibəsi dövründə Yorqos Seferis Xarici İşlər Nazirliyinin yüksək çinli məmuru kimi mühacir yunan hökumətinin üzvləri ilə birlikdə Krit adasında, Misirdə, Cənubi Afrikada və İtaliyada yaşamışdır. Bu illərdə həm də şeir və esselərdən ibarət iki kitab çap etdirmişdir. Yalnız 40-cı illərin sonunda yunan şairi Avropa ədəbi ictimaiyyətinə təqdim olunmuşdur. 1948-ci ildə "Çar Asian və başqa şeirlər" kitabı ingilis dilinə tərcümə edilmişdir. Lakin kitab hansısa gözlənilməz effekt yaratmamışdır. Britaniyada Seferis şair kimi yalnız ölkədə səfir işlədiyi dövrdə tanınmışdır. Bu da Edmund Kili və Filip Şerrardın tərtib və tərcüməsi ilə hazırlanan "Müasir Yunanıstanın altı şairi" (1961) kitabı işıq üzü gördükdən sonra mümkün olmuşdur.
Seferis yunan müəllifləri arasında ilk dəfə olaraq 1963-cü ildə "qədim Ellin dünyası qarşısında pərəstiş hissi ilə yazılmış diqqətəlayiq lirik əsərlərinə görə" Nobel mükafatı almışdır. Laureat öz Nobel mühazirəsini qədim yunan mədəniyyəti ənənələrinin dirçəldilməsi məsələlərinə həsr etmişdir.
1968-ci ildən etibarən Seferis ABŞ-nin Prinston Universitetindəki fundamental tədqiqatlar mərkəzində işləyirdi. O, ölkənin müxtəlif yerlərinə səfərləri zamanı əsasən şeirlərini oxuyur, Yunanıstanda bir il əvvəl hakimiyyəti qəsb etmiş hərbi xuntanın – "qara polkovniklər"in əməllərinə isə toxunmamağa çalışırdı. Lakin şair BBC radiosuna verdiyi müsahibədəki – "Bu biabırçılığa son qoyulmalıdır!" çağırışı, habelə 1969-cu ildə Afinaya qayıtdığı zaman diktaturaya kəskin etirazını bildirməsi ilə Yunanıstan gəncliyi arasında böyük nüfuz qazanmışdır. Onun dəfni ölkə üçün demokratik azadlıqlar və sərbəst seçim istəyən insanların qüdrətli nümayişinə çevrilmişdir.
Diplomat və şair kimi beynəlxalq aləmdə yaxşı tanınan Seferis Oksford, Kembric, Saloniki və Prinston universitetlərinin fəxri doktoru idi. Amerikalı tənqidçi Ceyms Qudmenin fikrincə, XX əsrdə Yunanıstan qədər faciəli tarixə malik ölkə, Yunanıstanda isə bu faciələri Yorqos Seferis kimi bütün dərinliyi və sarsıntıları ilə əks etdirən sənətkar olmamışdır.