Nelli Zaks (alm. Nelly Sachs; 10 dekabr 1891[1][2][…] – 12 may 1970[1][2][…]) — alman şairə, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (Şmuel Yosef Aqnon ilə birlikdə) (1966).
Nelli Zaks | |
---|---|
alm. Nelly Sachs | |
Doğum adı | Leonie Sachs |
Doğum tarixi | 10 dekabr 1891[1][2][…] |
Vəfat tarixi | 12 may 1970[1][2][…] (78 yaşında) |
Vəfat səbəbi | bağıraq xərçəngi[d] |
Fəaliyyəti | şair, dramaturq, tərcüməçi, yazıçı |
Əsərlərinin dili | alman dili |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Berlində doğulan yəhudi əsilli alman şairəsi Nelli Zaks iri mədən sahibi və ixtiraçı Vilyam Saksın qızı idi. Ailədə tək uşaq olan Nelli əvvəlcə evlərində özəl müəllimlərdən təhsil almış, sonra isə Berlinin imtiyazlı qız məktəbində oxumuşdu. O, kiçik yaşlarından qapalılığı, daxili dünyasına çəkilməsi ilə seçilirdi. Nelli ədəbiyyat və musiqi ilə maraqlanırdı, hətta bir müddət balerina olmaq fikrinə düşmüşdü. Yaşa dolandan sonra da qapalı həyat tərzini davam etdirmiş və ailə qurmamışdı. Bir sıra şeirləri gənc yaşlarında vurulduğu, müharibə dövründə faşist ölüm düşərgələrindən birində məhv edilən naməlum gəncə həsr olunmuşdur.
Nobel mükafatı laureatı Selma Laqerlöfün "Yest Belinq haqqında saqa" romanını 15 yaşında oxuyan Nelli Zaks müəllifə heyranlıq dolu məktub ünvanlamışdı. Beləliklə də, onların arasında Laqerlöfün ölümünə qədər, təxminən 35 il davam edən məktublaşma başlamışdı. Bu qiyabi tanışlığın üzərindən illər keçəndən sonra Nelli Zaks nasist Almaniyasındakı təqiblərdən və real ölüm təhlükəsindən məhz Selma Laqerlöfün yardımı ilə xilas ola bilmişdi.
Nelli mifoloji mövzular və təbiət təsvirləri ilə zəngin olan ilk şeirlərini 18 yaşında yazmışdı. Həmin dövrdə Avropada sürrealist və ekspressionist poeziya çox dəbdə olduğundan bu şeirlər məzmun və forma ənənəviliyi ilə hətta Stefan Sveyq kimi sənətkarların da diqqətini çəkə bilmişdi. Lakin müəllif özü sonralar heç vaxt ilk qələm təcrübələrinə önəm verməmiş, onları yeni kitablarına daxil etməmişdi.
Şeirləri 20-30-cu illərdə nüfuzlu nəşrlərə yol tapsa da, Nelli Zaks uzun müddət özünü şair hesab etmirdi. O, ədəbi aləmdən kənarda qalmağı daha üstün tuturdu. 1930-cu ildə atasının ölümündən sonra iki qadının — anası ilə özünün həyatı daha qapalı xarakter almışdı. Hitler hakimiyyətə gələndən sonra Zaks ailəsinin bəzi dostlarının izsiz-soraqsız yoxa çıxması bu qapalılığı daha da artırmışdı. Nelli Zaksın həmin dövrdə yəhudi və xristian mistikası, Əhdi-Ətiqdəki öncəgörmələr, Kabbala və xasidizmlə maraqlamnası təsadüfi sayılmamalıdır.
Yəhudilərə qarşı təqiblərin xüsusilə gücləndiyi 1940-cı ildə Nelli ilə anası Selma Laqerlöfün vasitəçiliyi sayəsində İsveç kral ailəsindən dəvət almış və Almaniyanı tərk edə bilmişdilər. Bu ərəfədə Laqerlöf vəfat etdiyindən uzun illər qiyabi əlaqə saxlasalar da, onların görüşləri baş tutmamışdı. Çətin maddi durumda qalan Nelli Zaks yalnız İsveç dilini öyrənməsi və bu dildən almancaya tərcümələri sayəsində özünün və anasının mütəvazi həyatını təmin edə bilmişdi.
Onun İsveçdə yazdığı şeirlər yəhudilərin ölüm düşərgələrində kütləvi məhvinə sakit, səssiz etiraz idi. Müəlifin "Ölüm məskənində" adlı ilk kitabı yalnız 1946-cı ildə Şərqi Almaniyada çap olunmuşdu. Bunun ardınca Nelli Zaksın "Ulduzların batması" (1949), "Sonra nə olacağını heç kim bilmir" (1957), "Qaçış və dəyişilmə" (1959) adlı poetik məcmuələri çıxmışdı.
Müharibədən sonra Nelli Zaks qələmini dram yaradıcılığında da sınamışdı. Onun "İsrailin əzabları haqqında misteriya" (1951) pyesinin qəhrəmanı adi küçə çəkməçisidir. Çəkməçi bütün pyes boyu gənc polyak qızını öldürən alman əsgərini axtarır. Əsər Almaniya səhnəsində uğurla tamaşaya qoyulmuşdu. İsveç bəstəkarı Mozes Perqament isə pyesin motivləri əsasında opera bəstələmişdi.
Almaniyanı tərk edəndən yalnız 20 il sonra Nelli Zaks tarixi vətənində yada düşmüşdü. 1960-cı ildə ona Anetta fon Droste Hollşofun adını daşıyan ədəbi mükafat təqdim olunmuşdu. Bir il sonra isə Dortmund şəhərinin hakimiyyət orqanları Nelli Zaks adına mükafat təsis etmişdi.
1966-cı ildə Nelli Zaks İsraildən olan yəhudi şairi Şmuel Yosef Aqnonla birlikdə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüşdü. Mükafat ona "yəhudi xalqının taleyini tədqiq edən lirik və dramatik əsərlərinə görə" verilmişdi. İsveç Akademiyasının üzvü Anders Esterlinq təqdimat mərasimindəki çıxışında "yəhudi xalqının faciəvi fəryadlarının Nelli Zaksın əsərlərində müstəsna bir qüdrətlə səsləndiyini" bildirmiş, eyni zamanda yəhudi əsilli şairənin həmişə humanist mövqedə dayandığını, heç zaman revanşizm, nifrət və intiqam əhvali-ruhiyyəsinə uymadığını vurğulamışdı.
Nelli Zaks cavab nitqində Nobel mükafatı almasını şirin bir nağıla bənzətmişdi. Eyni zamanda "Aqnon İsrail dövlətini, mən isə yəhudi xalqının faciəsini təmsil edirəm", — sözlərini nitqinə əlavə etmişdi.
Həyatının sonuna qədər o, Stokholmda, iki otaqlı sadə mənzildə yaşamışdı. Anasının vəfatından sonra hətta öz məişətini qurmaq üçün heç bir hazırlığı olmayan bu uşaq təbiətli yaşlı qadının həyatı daha da ağırlaşmışdı.