Xuan Ximenes

Xuan Ramon Ximenes (isp. Juan Ramón Jiménez; 23 dekabr 1881[1][2][…]29 may 1958[3][4][…], San-Xuan[3]) — ispan şair, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1956)

Xuan Ximenes
isp. Juan Ramón Jiménez Mantecón
Doğum adı Juan Ramón Jiménez Mantecón
Doğum tarixi 23 dekabr 1881(1881-12-23)[1][2][…]
Vəfat tarixi 29 may 1958(1958-05-29)[3][4][…] (76 yaşında)
Vəfat yeri
Fəaliyyəti şair, yazıçı
Əsərlərinin dili ispan dili
Janrlar poeziya
Mükafatları ədəbiyyat üzrə Nobel mükafatı
İmza
fundacion-jrj.es
Vikimənbənin loqosu Xuan Ximenes Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İspan şairi Xuan Ramon Ximenes Mantekon Əndəlisdə, bankir ailəsində dünyaya gəlmişdi. Atası onu hüquqşünas kimi görmək istəyirdi. Bu səbəbdən də Xuan arzusuna baxmayaraq Seviliya universitetində hüquqşünaslığı öyrənməyə başlamışdı. Lakin o, vaxtının çoxunu şəkil çəkməyə, kitab oxumağa, şeir yazmağa sərf edir, alman və fransız romantik poeziyasına maraq göstərirdi. 17 yaşında artıq Madrid mətbuatındakı silsilə şeirləri ilə diqqəti cəlb etmişdi. Onu təkidlə əyalətdən paytaxta çağırırdılar. Seçim qarşısında qalan Xuan Roman poeziyanın lehinə qərar vermiş və universiteti ataraq ədəbi şöhrət dalınca Madridə yollanmışdı.

Gənc ispan şair və yazıçıları ilə birlikdə o, modernist istiqamətli "Helios" və "Renacimento" ("Dirçəliş") jurnallarının təsisində iştirak etmişdi. 19 yaşında "Bənövşələrin ürəyi" adlı ilk şeirlər kitabı çap olunmuşdu. Bu şeirlər bir sıra hallarda təqlidçi xarakterinə, sentimental əhvali-ruhiyyəsinə baxmayaraq üslub gözəlliyi və incə lirizmi ilə diqqəti cəlb edirdi.

Özünü xoşbəxt saydığı belə bir vaxtda atasının ölüm xəbərini alması Xuan Ximenesə sarsıdıcı zərbə olmuşdu. O, ciddi ruhi sarsıntı keçirmişdi. Müalicədən sonra özünə gəlsə də laubali halı həyatının sonuna qədər davam etmişdi.

Otuz yaşında Ximenes artıq ondan çox kitabın müəllifi idi. Şeirlərində modernist poeziyaya xas ümidsizlik, dünya kədəri əhvali-ruhiyyəsi həmişəki kimi aparıcı yer tuturdu. Lakin ənənəvi mövzuların arxasında şairin orijinal, təkrarsız və özünəməxsus səsini eşitməmək mümkün deyildi.

Xuan Ximenes 1912-ci ildə Madriddə ispan mənşəli amerikan şairəsi (1887-1956) Zenobiya Kamprubi ilə tanış olmuşdu. Onlar birlikdə Rabindranat Taqorun şeirlərini ispan dilinə çevirirdilər. Tezliklə iki yaradıcı insanın arasındakı ədəbi iş birliyi böyük sevgiyə çevrildi. Ximenesin "Yay" (1915) kitabındakı bütün şeirlər sevdiyi qadına – Zenobiyaya həsr edilmişdi. 1915-ci ildə onlar evləndilər və sonrakı qırx il ərzində həyatda da, poeziyada da eyni yolu getdilər.

XX əsr ispan ədəbiyyatı tarixində Xuan Ximenes təkcə görkəmli şair deyil, həm də tənqidçi və naşir kimi yaxşı tanınır. O, müxtəlif ədəbi jurnalların fəaliyyətində müəllif və redaktor kimi yaxından iştirak etmişdi. Başqa sözlə desək, Ximenes təkcə yeni, novator şeirlər yazmaqla kifayətlənməmiş, həm də yeni şeirin fəlsəfəsi və nəzəriyyəsi ilə yaxından məşğul olmuşdu.

İspaniyada vətəndaş müharibəsinin başlanması minlərlə həmvətəni kimi Ximenesin də həyatını dəyişdi. O, öz seçimini etdi və respublikaçıların tərəfində dayandı. Respublika hökuməti isə öz növbəsində, İspaniyanın, bəlkə də ən tanınmış şairinin həyatını xilas etməyə çalışaraq onu ABŞ-yə, mədəniyyət məsələləri üzrə fəxri attaşe vəzifəsinə göndərdi. 1939-cu ildə Franko bütün İspaniya üzərində nəzarəti ələ keçirəndən sonra Ximenes vətəninə dönməmək qərarına gəldi. İspaniyadan uzaqda keçirdiyi illərdə şairin yaradıcılığında müəyyən süstlüyün meydana çıxdığını sezməmək qeyri-mümkündür. Ximenes az yazırdı. Lakin bu, onun arasıkəsilməz poetik axtarışlarından əl çəkməsi anlamına gəlməməlidir.

Müəllifin on illik yaradıcılıq axtarışlarının bəhrəsi olan "Ürəyin dərinliklərindəki vəhşi" (1949) şeirlər kitabı, amerikan tənqidçilərinin fikrincə, Ximenesin mənəvi avtobioqrafiyası, onun poetik ideallarının təcəssümü idi.

1951-ci ildən şair ispandilli Puerto-Rikoda yaşayırdı. Burada həm pedaqoji fəaliyyətlə məşğul olur, həm də "Ürəyin dərinliklərindəki vəhşi" kitabının davamı kimi düşündüyü "Arzulanan və arzulayan allah" əsəri üzərində işləyirdi.

Tam əsasla 1956-cı ili bir insan və şair kimi Xuan Ximenesin faciə və təntənə dövrü adlandırmaq olar. Həmin il, Nobel laureatı olandan iki gün sonra o, həyatda özünə ən yaxın insan saydığı xanımı Zenobiya Kamprubini itirmişdi. Mükafat artıq iyirmi ilə yaxın müddət ərzində İspaniyadan uzaqlarda yaşayan şairə "ispan poeziyasında bədii saflığın və yüksək mənəviyyatın təcəssümü olan lirikasına görə" verilmişdi. Yalmar Qulberqin dediyi kimi, İsveç Akademiyası onun şəxsində böyük ispan ədəbiyyatının bütöv bir epoxasını mükafatlandırmışdı.

Xanımının ölüm yatağının başında olan Ximenes təbii ki, təqdimat mərasiminə qatıla bilməmişdi. Onun Puerto-Riko universitetinin rektoru tərəfindən oxunan qısa təşəkkür məktubunda isə deyilirdi: "Nobel mükafatı əslində xanımım Zenobiyaya verilməli idi. Əgər onun köməyi olmasaydı, əgər həyatımda və əsərlərimdə onun ilhamverici təsiri olmasaydı, mən bu qırx il ərzində yazıb-yarada bilməzdim. İndi tamamilə tənha və köməksizəm".

Nobel laureatı olduqdan sonra Ximenes cəmisi iki il yaşamış və İspaniyadan uzaqlarda — Puerto-Rikoda vəfat etmişdi.

  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]