FETÖ

Gülənçilik[1] (türk. Gülen hareketi) və ya "Gülən camaatı" (türk. Gülen cemaati) və ya "Xidmət hərəkatı" (türk. Hizmet hareketi[2]) — fəaliyyətini Türkiyə və digər ölkələrdə həyata keçirən dini-ideoloji cərəyan[1].

Gülənçilik Fətullah Gülənin başçılığı ilə 1960-cı ilin sonlarında Türkiyə Respublikasının İzmir şəhərində ortaya çıxmış[1], sonradan fəaliyyətlərini bütün Türkiyə ərazisində və bir sıra digər ölkələrdə həyata keçirməyə başlamışlar.

Gülənçilər klassik nurçuluq içərisində meydana çıxsa da, daha sonra onlardan ayrılmış bir qoldur. Bəzən neo-nurçu cərəyanı kimi də tanınırlar[1]. Türkiyədə baş vermiş 15 iyul hadisələrindən sonra 65-ci Türkiyə hakimiyyəti tərəfindən terror təşkilatı (Fəthullahçı terror örgütü - FETÖ) olaraq elan edilmişdir[1].

Fətullah Gülən

Fətullah Gülən klassik nurçuların içində yetişməsinə baxmayaraq, özünü nurçu adlandırmır və bu addan da narahatlığını gizlətmir[1]. Eyni zamanda, onun camaatı özünü "Xidmət hərəkatı" kimi təqdim edir, Səid Nursinin əsərlərindən daha çox "xoca əfəndi" adlandırdıqları Fətullah Gülənin kitablarını oxuyurlar. Əgər Səid Nursi "Nur mədrəsələri", "Nur şagirdləri", "Nur müridləri" ifadələrini tez-tez işlədirdisə, Fətullah Gülənin əsərlərində "İşıq evləri", "İşıq süvariləri", "Altun nəsil" kimi ifadələr xüsusi məna daşıyır[1].

Fəaliyyət forması, camaatın quruluşu və hədəfləri baxımından da gülənçilərlə klassik nurçular fərqlənir[1]. Məsələn, klassik nurçuluqda iyerarxiya yoxdur, lakin onlardan fərqli olaraq gülənçilər ordu kimi nizam-intizamlı, təşkilatlanmış şəkildə fəaliyyət göstərirlər[1]. Klassik nurçuluq siyasətdən uzaq olsa da, gülənçilər siyasi məsələlərə müdaxilə etməkdən çəkinmir, dövlət qurumlarına nüfuz etmək, öz adamlarını strateji strukturlarda yerləşdirmək istiqamətində ciddi səylə çalışırlar[1].

Klassik nurçuluqda ilkin hədəf dinin təbliğidir, gülənçilərin ilkin hədəfi isə "demokratik yol"la dövlət idarəetməsini ələ keçirməkdir. Bu baxımdan klassik nurçuların təbliğatları əsasən müsəlmanlar yaşayan ölkələrdə dərsxanalar yaratmaq və həmin dərsxanalarda yalnız Səid Nursinin "Risale-i Nur" külliyyatının tədrisini həyata keçirməklə məhdudlaşır[1]. Lakin gülənçilər müsəlman olub-olmamasına baxmayaraq, dünyanın əksər ölkəsində universitet, lisey və hazırlıq kursları açır, KİV-in və internetin imkanlarından istifadə edir, eləcə də Fətullah Gülənin kitablarını yayırlar[1].

Gülənçilərin əsas məqsədi dövlətin bütün sistemlərində İslam hökmlərinin işləməsinə nail olaraq, teokratik İslam diktaturasının qurulmasını reallaşdırmaqdır[1].

Fətullah Gülən ilkin olaraq dünyəvi, demokratik və sosial-hüquqi dövlət olan Türkiyə Respublikasına son qoyub, şəriət qanunlarının hakim olduğu İslam dövlətini yaratmaq arzusundadır[1].

Dövlət və hökumət təşkilatlarına sızaraq idarəçiliyin ələ keçirilməsi, dini sahədə mütləq hakimiyyətin nəzarətdə saxlanılması, Gülən prinsiplərinə uyğun dövlət idarəçiliyinin tətbiq edilməsi, rəhbərinin tapşırıqlarının qeyd-şərtsiz yerinə yetirilməsi, Türkiyə ilə yanaşı türkdilli və müsəlman ölkələrdə məqsədlərinin icrası hədəfini güdən gülənçilərin qurduğu şəbəkə dövlət rejimini istismar edən, dini və siyasi fəaliyyətini daima aktiv şəkildə qoruyub saxlamağı bacaran, mənbəyi məlum olmayan maliyyə qaynağı ilə Türkiyə və digər ölkələrdə güclü təşkilati əsaslara malik olan bir qurumdur[1].

Fətullah Gülən daim öz şəxsiyyəti ətrafında demokratik insan, təsirli və elmli İslam alimi fikrini yaratmağa çalışmışdır. Lakin Türkiyədə baş vermiş 15 iyul hadisələri onu göstərdi ki, gülənçilər öz planlarını həyata keçirmək üçün radikal addımlar da ata bilirlər. Belə ki, onlar silaha əl atır, çevriliş və qiyam etməkdən çəkinmirlər[1].

Türkiyənin timsalında gülənçilərin dini siyasiləşdirmə meyli, ölkədəki sabitliyi pozmaq və insanlara qarşı silahlı hücumlara əl ataraq, öz niyyətlərinə çatmaq istəmələri bu cərəyanın nə qədər təhlükəli olduğunun sübutudur[1].

Fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]

Gülənçilər Orta AsiyaAzərbaycanda da nüfuz dairəsini genişləndirmək üçün fəaliyyət göstərirlər. Din pərdəsi altında siyasi planlarını həyata keçirmək istəyən gülənçilərin ən aktiv olduğu sahə təhsil sahəsidir. Məqsəd maarifləndirmə yolu ilə beyinləri ələ keçirməkdir[1]. Məlumatlara görə, gülənçilər Türkiyədə 300-dən çox, dünyada isə 1000-dən artıq məktəb və digər təhsil ocaqları açmışlar[1].

Gülənçilərin əsas fəaliyyət istiqamətlərini ümumiləşdirdikdə, dövlətin bütün orqanlarında, əsasən təhsil və hüquq-mühafizə orqanlarında öz adamlarını yerləşdirmək, nəzarətlərində olan təhsil müəssisələrinin bütün məzunlarının vahid mərkəzdən idarə olunmasını təmin etmək, hərəkatın fəaliyyətinə maddi dəstək verə biləcək, sərmayə qoyuluşlarını təmin edəcək, xaricdə onlara simpatiya göstərilməsinə nail olacaq xüsusi iş adamları hazırlamaq, cəmiyyətin savadlı qismini müxtəlif variantlarla nəzarət altına almaq, gülənçilərin nəzarətində olan kütləvi informasiya vasitələri ilə cəmiyyətdə təbliğat aparmaq və s. olduğunu demək olar[1].