Paris zuavları (fr. Zouaves Paris, ZVP) — Fransada zorakı neonasist qruplaşma. 2018-ci ildə təsis edilmişdir və 2022-ci ilin yanvarında hökumətin qərarı ilə ləğv olunana qədər Parisdə fəaliyyət göstərmişdir. Bu, "Birlik Müdafiə Qrupu" və xuliqan hərəkatından yaranmışdır. Qrupun üzvləri İkinci Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələri tərəfində vuruşmuş[1] və faktla bağlı Azərbaycanda qruplaşmanın rəhbəri Mark de Kokerey-Valmenyenin haqqında cinayət işi başlanılmışdır.[2]
Paris zuavları | |
---|---|
Zouaves Paris | |
Yaranma tarixi | 2018 |
Ləğvolma tarixi | 5 yanvar 2022 |
Sədr | Mark de Kokerey-Valmenye |
Fransada 1968-ci il may hadisələrindən sonra qurulmuş "Birlik Müdafiə Qrupu" (BMQ) 2017-ci ildə yenidən strukturlaşdırılmış və "Sosial qala"ya çevrilmişdir. Əsasən Lionda fəaliyyət göstərən yeni qruplaşma Parisdən başqa altı şəhəri bir araya gətirmişdi. Bununla belə, paytaxt daxilində Birlik Müdafiə Qrupu artıq bir neçə tendensiyaya bölünmüşdü və yaraqlılar onun kimliyinə və tarixinə bağlı qalmışdılar. Neonasist ideologiyasını daşıyan[3] "Paris zuavları" bu əsaslar üzərində yaradılmışdır.[4][5]
Qeyri-rəsmi qruplaşma BMQ-nin radikal elementlərindən, həmçinin Fransa Hərəkatının identitarları və royalistlərindən ibarət idi,[4] digərləri isə xuliqanizm hərəkatından gəlmişdilər.[6] Onlar ilk dəfə 2018-ci ilin aprelində ictimaiyyət qarşısında çıxış etmişdilər.[7] Sonrakı ay ərzində onun üzvləri Futbol üzrə Dünya Kuboku zamanı Əlcəzair tərəfdarlarına hücumda məsuliyyəti öz üzərilərinə götürmüşdülər. Onlar 1 dekabr 2018-ci ildə Yelisey meydanında "Sarı jiletlər" hərəkatının toqquşmasında iştirak etmişdilər. Qruplaşmanın üzvləri 26 yanvar 2019-cu ildə Yeni Antikapitalist Partiyasına hücum etmiş[4] və həmin ay şəxsiyyət yürüşü zamanı antifaşist fəallar ilə toqquşmuşdular.[8] "Paris zuavları" 2019-cu ilin oktyabrında onları tənqid edən ifrat sağçı reper "Amalek"ə,[9] növbəti ay isə Paris Qərb – Nanter-lya-Defans Univerworktinin Mərakeş bayrağının rənglərində pencək geyinmiş tələbəsinə,[4][10] habelə "Nəsil Kimliyi"nin manifesti oxunan zaman solçu fəallara[10] fiziki hücum etmişdilər. 2020-ci ilin yanvar ayında onlar lezbiyanlara tibbi yardımlı çoxalma imkanlarının açılmasına qarşı olan "Hamı üçün nümayiş" paradını işıqlandıran "France Inter" radiosunun jurnalistinə hücum etmişdilər.[4]
2020-ci ilin payızında yerli məhkəmələr tərəfindən qruplaşmanın lideri hesab edilən Mark de Kokerey-Valmenye İkinci Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələri tərəfində Azərbaycana qarşı iştirak vuruşmuşdur.[1] Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılmışdır.[2]
"Paris zuavları" 5 yanvar 2022-ci ildə Fransa hökumətinin qərarı ilə ləğv edilmişdir.[11] Ləğv prosedurunun irqçi mətnlərin yayılması, "çoxsaylı və təkrarlanan zorakılıq aktlarında" iştirak və nasist ideologiyasının simvollarından istifadə səbəbindən edildiyi açıqlanmışdır[12] Mark de Kokerey-Valmenye 21 yanvar 2022-ci ildə antifaşist hərəkatının simvolu olan bir Paris barına 2020-ci ildə hücum etdiyinə görə bir il həbs cəzasına məhkum olunmuşdur.[13] Hökumətin fərmanı ilə ləğv edildikdən sonra ZVP 2022-ci ildə yeni BMQ qurumu altında yenidən strukturlaşmışdır.[14][15]
"Paris zuavları"nın aydın iyerarxiyası yoxdur. "Marc Hassin" kimi tanınan Mark de Kokerey-Valmenye bir neçə aksiyada iştirak etmiş və qrupun lideri hesab olunur. Normandiyanın zadəgan Kakkere ailəsinə mənsubdur. O,Fransa Hərəkatının nümayəndəsi olmuş, sonradan hərəkətdən qovulmuşdur.[4] Kakkere özünü faşist adlandırır.[16] 2019-cu ildə "France-Soir" ZVP-ni milli inqilabçı kimi təsvir etmişdir.[17] "Paris zuavları" özlərini nasist ("Sieg Heil", svastika) və faşist (kelt xaçı) simvolları ilə nümayiş etdirirlər.[4]
Onlar bir qrup "Reyms" FK xuliqanları olan "Mes Os" ilə əlaqələr saxlayırlar.[18] Onlar həmçinin, "İdentitaristlər"dən çıxan "Nəsil Kimliyi" təşkilatının üzvləri ilə mübarizə aparırlar.[4]
Fransanın ifrat sağçılarının əksəriyyətindən fərqli olaraq, "Paris zuavları" rusiyapərəst mövqe sərgiləmək əvəzinə Avromeydanı və Azov alayını ilham mənbəyi kimi görür.[19]