Xantirmə xalçaları
Xantirmə xalçaları — Qarabağ tipinə aid olan xovlu xalça.
Qarabağ tipinə aid olan "Xantirmə" xalçalarının əsas istehsal mərkəzləri Bərdə, Ağcabədi, Tərtər, o cümlədən, Dağlıq Qarabağda Hadrut, Qarabulaq, Köhnə Tağlar və başqalarıdır. Bu xalçaların əsas kompozisiyası mənşəyinə görə, hind tirməsinə bənzəyir. Əvvəllər, məlum olduğu kimi, xanların və aristokratların rəsmi səfərlər, mərasimlər və təntənəli görüşlər üçün libasları tirmədən hazırlanardı. Burdan da xalçanın adı əmələ gəlmişdir: "xan" və "tirmə".
"Xantirmə"nin orta sahəsinin kompozisiyasını şaquli olaraq yerləşmiş enli və nazik zolaqlar təşkil edir. Enli zolaqların bəzəyi buta və "ilanqac" formalı bükülən budaqlardır. Nazik zolaq–mədaxil enli zolaqlarla növbələşir. Bu mədaxil, həmçinin xalçanın əsas haşiyə zolağı–orta haşiyə xalçanın orta sahəsini əhatə edir. Sankt-Peterburqda "Ermitaj" muzeyində, Sankt–Peterburq etnoqrafik muzeyində, Bakıda İncəsənət Muzeyində qorunan xalçalar "Xantirmə"nin təsvirləri əsasında toxunan xalçalardır.