Xantirmə xalçaları

Xantirmə xalçaları — Qarabağ tipinə aid olan xovlu xalça.

Xalça
Xantirmə xalçaları
Toxunması haqqında məlumatlar
Üslubu Qarabağ xalçaçılıq məktəbi

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Qarabağ tipinə aid olan "Xantirmə" xalçalarının əsas istehsal mərkəzləri Bərdə, Ağcabədi, Tərtər, o cümlədən, Dağlıq Qarabağda Hadrut, Qarabulaq, Köhnə Tağlar və başqalarıdır. Bu xalçaların əsas kompozisiyası mənşəyinə görə, hind tirməsinə bənzəyir. Əvvəllər, məlum olduğu kimi, xanların və aristokratların rəsmi səfərlər, mərasimlər və təntənəli görüşlər üçün libasları tirmədən hazırlanardı. Burdan da xalçanın adı əmələ gəlmişdir: "xan" və "tirmə".

"Xantirmə"nin orta sahəsinin kompozisiyasını şaquli olaraq yerləşmiş enli və nazik zolaqlar təşkil edir. Enli zolaqların bəzəyi buta və "ilanqac" formalı bükülən budaqlardır. Nazik zolaq–mədaxil enli zolaqlarla növbələşir. Bu mədaxil, həmçinin xalçanın əsas haşiyə zolağı–orta haşiyə xalçanın orta sahəsini əhatə edir. Sankt-Peterburqda "Ermitaj" muzeyində, Sankt–Peterburq etnoqrafik muzeyində, Bakıda İncəsənət Muzeyində qorunan xalçalar "Xantirmə"nin təsvirləri əsasında toxunan xalçalardır.

Texniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

"Xantirmə" xalçaları, başlıca olaraq, uzunsov formalı olur. Nadir hallarda namazlıqlara da rast gəlinir. Düyünlərin sıxlığı: hər kvadrat desimetrdə 40X40 düyün yerləşir (hər kvadrat metrdə 160 000 düyün). Xovun uzunluğu 6–8 mm-dir. "Xantirmə" xalçalarını orta kateqoriyalı Qarabağ xalçalarına aid etmək olar.