Elçin (yazıçı)
Elçin (tam adı: Elçin İlyas oğlu Əfəndiyev; 13 may 1943, Bakı) — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının xalq yazıçısı (1998), "İstiqlal" ordenli (2003), Azərbaycan Respublikası Baş Nazirinin keçmiş müavini (1993–2018).
== Həyatı ==
Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə cavab verir: "Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım…" İlk hekayəsi 16 yaşı olarkən, 1959-cu ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1968) bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə" mövzusunda namizədlik, "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. "Min gecədən biri" adlı ilk hekayələr kitabı 1965-ci ildə çapdan çıxıb. Bundan sonra Elçinin dünyanın müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr olunub, əsərləri ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, polyak, xorvat, gürcü, litva, moldovan, türkmən, özbək, qazax, tacik, serb və sairə dillərə tərcümə edilib.