Yunanların deportasiyası (1914)
Yunanların deportasiyası — İttihat və Tərəqqi Komitəsi tərəfindən 1914-cü ilin may və iyun aylarında Şərqi Frakiya və Anadolunun Egey sahillərində yaşayan təxminən 150,000–300,000 Osmanlı yunanının zorla qovulması. Deportasiyalar Yunanıstan və Osmanlı imperiyası arasında müharibəyə səbəb olacaqdı. Bu, Erməni soyqırımının mühüm xəbərçisi hesab edilir.
1909-cu ildə Yunanıstanın Kriti ilhaq etməsindən sonra Osmanlı boykot hərəkatı ilkin olaraq Yunanıstan vətəndaşlarını hədəf almağa başlamış, eyni zamanda Yunanıstan vətəndaşlığı olan Osmanlı yunanlarına və nəticədə bütün Osmanlı yunanlarına təsir etmişdir. Tezliklə zorakılıq və talan xəbərləri yayılmışdır. Boykotda məqsəd yunanların Anadoluda yaşamasını qeyri-mümkün hala salmaq, həmçinin xristianları iqtisadiyyatdan sıxışdırıb müsəlman türklərin hakim olduğu milli iqtisadiyyat yaratmaq idi. Bu yeni iqtisadi sinif təkcə etnik-dini xüsusiyyətlərinə görə yox, həm də dövlət tərəfindən rəqabətin aradan qaldırılmasına görə özünü dövlətə borclu hiss etməsi səbəbilə dövlətə daha sədaqətli olaraq qəbul edilirdi. Bir çox Osmanlı yunanı boykot nəticəsində iqtisadi cəhətdən məhv olmuş, lakin onlar ayrılmaq istəmirdilər. Bəziləri müvəqqəti olaraq getmiş və boykot sona çatanda geri dönmüşdü. Balkan müharibələrindən sonra boykot güclənməyə davam etmiş və birbaşa hakim partiya olan " (İTK) tərəfindən təşkil edilmişdir.