is. [
ər. ]
1. klas. Təqdim etmə, önünə qoyma, göstərmə; izhar.
□ Ərz etmək (qılmaq) – təqdim etmək.
Daşə çəkmiş xəlq üçün Fərhad Şirin surətin; Ərz qılmış xəlqə məhbubin, əcəb biar imiş. Füzuli.
2. köhn. dan. Söylənilən, nəzərdə tutulan fikir, söz, mətləb. Ərzimi başa düşmədin. Ərzimə mültəfit ol. Ərzimə qulaq ver.
□ Ərz etmək (eləmək) – bildirmək, anlatmaq, məlum etmək, ifadə etmək. Əhvalatı ərz etdi.
– [Həsən bəy:] Xeyr, Məşədi İbad, ərz eylədim ki, çirkindir. Ü.Hacıbəyov.
Yazıq muzdur qolu boynunda sınıqçıdan qayıdıb birbaşa öz xozeyninin yanına gəldi və başına gələn qəziyyəni ərz etdi. S.M.Qənizadə.
[Məşədi Qədir:] Bəli, ərz eləyirəm, yatmışıq, heç şeydən xəbərimiz yoxdur. T.Ş.Simurq.
Ərz olsun… – məlum edirəm ki, nəzərinizə çatdırıram ki… (hörmətlə müraciət).
Ərz olsun, məlaikələr padşahının qızı bir birə olub, Qəmərin qoynuna girdi, onu sancdı. (Nağıl).
Ərz olunmaq – deyilmək, anladılmaq, məlum edilmək, ifadə olunmaq.
3. Acizanə şikayət, xahiş, rica. Ərzim var. Ərzimə qulaq as.
– Mixək əkdim mərzə mən; Bağlamadım dərzə mən; Bivəfa yar əlindən; Kimə gedim ərzə mən? (Bayatı).
Bizdən həqqə ərzlər yetirdin; Həqdən bizə müjdələr gətirdin. Füzuli.
[Dilmanc:] …Qoy ərzin qalsın sonraya və bu saat get, oğlun Süleymanı gətir nəçərnikin qulluğuna. C.Məmmədquluzadə.