Əsənboğa hava limanında terror aktı
Əsənboğa hava limanında terror aktı — 1982-ci il avqustun 7-də Ankaradakı Əsənboğa Beynəlxalq Hava Limanında ASALA tərəfindən həyata keçirilən terror aktı.
Terror aktının birbaşa icraçıları Zöhrab Sarkisyan və Levon Əkməkcyan olmuşlar. Onlar ağzınacan insanla dolu gözləmə zalının ortasında bomba partlatdıqdan sonra pasport nəzarəti əməkdaşlarına və KLM-in (Hollandiya aviaşirkəti) reysinə minmək üçün növbədə dayanan sərnişinlərə avtomatdan atəş açmağa başlamışlar. Şahidlərin dediyinə görə terrorçulardan biri qaçıb canını qurtarmaq istəyən sərnişinlərə atəş açarkən qışqırırmış: "Bizimkilərdən 1 milyondan çoxu ölüb, sizinkilərdən 25-nin ölməsiylə nə olacaq ki?"
Bundan sonra terrorçular kafeyə girərək 20 nəfəri əsir götürmüşlər. Türk xüsusi təyinatlılarının əsirləri azad etmək üçün keçirdikləri əməliyyat zamanı Sarkisyan öldürülmüş, Əkməkcyan isə yaralanmış və həbs olunmuşdur.
Terror aktı və iki saatlıq atışma zamanı 9 nəfər dünyasını dəyişmiş, 72 nəfər isə yaralanmışdır. Ölənlər arasında ABŞ-dən olan qadın, Qərbi Almaniyadan olan mühəndis, 3 türk polisi, eləcə də sərnişinlər və hava limanı əməkdaşları vardı. ABŞ Dövlət Departamenti Cin Bosuortun kürəyindən aldığı güllə yarasından vəfat etdiyini, onun əri C. F. Bosuortun isə ağır yaralandığını təsdiq etmişdir. Ankaradakı hospitalın əməkdaşlarının bildirdiyinə görə onların hər ikisinin yaşı 60-dan çox imiş.
ASALA terror aktına görə məsuliyyəti öz üzərinə götürmüş və bunun "türk faşistləri tərəfindən bizim torpağların işğalına" etiraz olduğunu bəyan etmişdir.