Antoniu di Oliveyra Salazar
Antoniu di Oliveyra Salazar (port. António de Oliveira Salazar; 28 aprel 1889 — 27 iyul 1970) — portuqal dövlət və siyasi xadimi, 1932-1968-ci illərdə Portuqaliyanın diktatoru.
== Hakimiyyətə yüksəlişi ==
1917-ci ildən Salazar Koimbra Universitetinin siyasi-iqtisad üzrə professoru, 1928-ci ildən 1932-ci ilədək Portuqaliyanın maliyyə naziri olmuşdur. 1932-ci ildə o, baş nazir vəzifəsini tutur. Əksər tarixçilər onun hakimiyyət müddətini diktatura kimi xarakterizə edirlər. 1933-cü ildə o, ölkədə yeni konstitusiya tətbiq edir. Bu konstitusiya Salazara hədsiz hakimiyyət hüququ verməklə yanaşı, həm də ölkədə avtoritar faşist rejimini bərqərar edir.
== "Estado Novo" ==
Salazara baş nazir postunu prezident Oskar Karmona cəmiyyətin müxtəlif təbəqələrinin dəstəyi ilə vermişdi. Anarxiyanın hökm sürdüyü respublika dövrü elə vəziyyət yaratmışdı ki, ordu, kilsə, monarxistlər, orta təbəqə, aristokratlar və sağçılar - hamı Salazar rejimini əvvəlki xuntalardan üstün tuturdu.
Salazar korporativizm doktrinası üzərində qurulmuş "Yeni dövlət" (Estado Novo) konsepsiyasını irəli sürdü və sabitliyi öz hakimiyyətinin məqsədi elan etdi.