Abbasəli bəy Makinski
Abbasəli bəy Bəhram bəy oğlu Makinski (4 (16) iyun 1888, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 22 mart 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — hüquqşünas, ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin müvəkkili, Xarici İşlər Nazirliyinin tərcüməçisi.
== Həyatı ==
Abbasəli bəy Bəhram bəy oğlu Makinski 1888-ci il iyunun 16-da (köhnə təqvimlə 4-də) İrəvan quberniyasının mərkəzi İrəvan şəhərində anadan olub. O, Makinskilər soyunun nümayəndələrindən biridir. Onun soy adı Makinski bu gün İran İslam Respublikasının Qərbi Azərbaycan ostanındakı kiçik Maku şəhərindən alınıb.
=== Təhsili ===
Abbasəli bəy Makinski ilk təhsilini doğulduğu İrəvan şəhərindəki realnı məktəbdə, sonra isə Tiflisdəki klassik gimnaziyada alıb. Abbasəli bəy Makinski ali təhsil almaq üçün 1908-ci ildə Kiyev şəhərinə gedir. Ədəbiyyata böyük marağı olsa da Kiyev Universitetinin Hüquq fakültəsində oxumağa üstünlük verir. Yalnız hüquq təhsili almaqla kifayətlənmir, böyük həvəslə fransız, alman və ingilis dillərində danışmağı, latın dilində yazılmış mətnləri oxumağı öyrənir.
Tələbəlik illərində özündən bir kurs aşağıda oxuyan, sonralar yazıçı Yusif Vəzir Çəmənzəminli kimi tanınan Yusif Vəzirovla dostlaşır. Onlar birlikdə Kiyevdə oxuyan azərbaycanlı tələbələrin "Zemlyaçestvo" ("Azərbaycan həmyerlilər təşkilatı") yaradırlar.