Abbasəli bəy Makinski

Abbasəli bəy Bəhram bəy oğlu Makinski (4 (16) iyun 1888, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası22 mart 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — hüquqşünas, ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin müvəkkili, Xarici İşlər Nazirliyinin tərcüməçisi.[1]

Abbasəli bəy Makinski
Abbasəli bəy Bəhram bəy oğlu Makinski
Şəxsi məlumatlar
Doğum tarixi 4 (16) iyun 1888
Doğum yeri
Vəfat tarixi 22 mart 1938(1938-03-22) (49 yaşında)
Vəfat yeri
Vəfat səbəbi siyasi repressiya
Təhsili
Fəaliyyəti vəkil, bürokrat, siyasətçi
Həyat yoldaşları Xanımnaz xanım Sadıqova
Sara xanım Atamalıbəyova
Uşaqları Bəhram bəy Makinski
Cəmilə xanım Makinski
Təyyar bəy Makinski
Dini islam

Abbasəli bəy Bəhram bəy oğlu Makinski 1888-ci il iyunun 16-da (köhnə təqvimlə 4-də)[2] İrəvan quberniyasının mərkəzi İrəvan şəhərində anadan olub.[1][3] O, Makinskilər soyunun nümayəndələrindən biridir. Onun soy adı Makinski bu gün İran İslam Respublikasının Qərbi Azərbaycan ostanındakı kiçik Maku şəhərindən alınıb.

Abbasəli bəy Makinski ilk təhsilini doğulduğu İrəvan şəhərindəki realnı məktəbdə, sonra isə Tiflisdəki klassik gimnaziyada alıb.[4] Abbasəli bəy Makinski ali təhsil almaq üçün 1908-ci ildə Kiyev şəhərinə gedir. Ədəbiyyata böyük marağı olsa da Kiyev Universitetinin Hüquq fakültəsində oxumağa üstünlük verir. Yalnız hüquq təhsili almaqla kifayətlənmir, böyük həvəslə fransız, almaningilis dillərində danışmağı, latın dilində yazılmış mətnləri oxumağı öyrənir.[3]

Tələbəlik illərində özündən bir kurs aşağıda oxuyan, sonralar yazıçı Yusif Vəzir Çəmənzəminli kimi tanınan Yusif Vəzirovla dostlaşır. Onlar birlikdə Kiyevdə oxuyan azərbaycanlı tələbələrin "Zemlyaçestvo" ("Azərbaycan həmyerlilər təşkilatı") yaradırlar. Həmin təşkilatda ən fəal üzvlərdən olan Abbasəli bəy 1913-cü ildə universiteti əla qiymətlərlə bitirir. Ona universitetdə qalaraq müəllim işləməyi təklif etsələr də, Vətənə qayıtmağa, milləti ilə bir yerdə olmağa, xalqına xidmət etməyə üstünlük verir.

Abbasəli bəy Makinski bolşeviklər hakimiyyətə gəldikdən sonra özünün və ailəsinin həyatının təhlükə qarşısında qaldığını görüb Bakıya köçməli olur. Həmin dövrdə onu işlə təmin etmirlər. Abbasəli bəy Makinksi 1922–1923-cü illərdə İstanbulda Azərbaycan konsulxanasında çalışır. Daha sonra yenidən Bakıya qayıdır. Bakıda da keçmiş fəaliyyətinə görə bolşeviklərin təqib və təzyiqlərinə məruz qalır. Son iş yeri isə Azərnəşrdə hüquq məsləhətçisi olur.

1938-ci il yanvar 31-də Abbasəli bəy Makinskinin həbs olunması haqqında sənəd hazırlanır. Azərbaycan SSR Vəkillər Kollegiyasının üzvü Abbasəli bəy Makinski əksinqilabi fəaliyyətdə günahlandırılaraq martın 14-də həbs edilir. Martın 22-dən 23-nə keçən gecə güllələnib.[3]

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Abbasəli bəy Makinski o dövrdə Qafqazın mərkəzi sayılan, canişinlik yerləşən Tiflisə qayıdır. Tiflisin mədəni-maarif və xeyriyyə işlərində yaxından iştirak edir, "Molla Nəsrəddin" jurnalının naşiri Mirzə Cəlil Məmmədquluzadə ilə dostlaşır.

Rusiyada Romanovlar sülaləsinə son qoyulması, ölkəni bürüyən qarışıqlıq Abbasəli bəyi İrəvana – qohumlarının yanına dönməyə məcbur edir.

Azərbaycanın hökuməti Məhəmməd xan Təkinskini İrəvandakı səlahiyyətli nümayəndəsi, Abbasəli bəy Makinskini də nümayəndə köməkçisi təyin edir. Onlar xidməti dövrləri boyunca Amerika, alman, fransızingilis diplomatları, missionerləri və hərbçilərlə danışıqlar aparmalı olurlar.

Abbasəli bəyin atası Bəhram bəy, qardaşları İsmayıl bəy və Bəhmən bəy İrəvanda, eyni zamanda Tiflisdə tanınmış, nüfuzlu şəxslər olublar. Bəhram bəy uzun illər İrəvanın, Tiflisin maliyyə-kredit orqanlarında yüksək vəzifələrdə çalışıb.

Gimnaziya təhsilindən sonra Xanımnaz Sadiqova ilə ailə qurub və Bəhram adlı oğlu dünyaya gəlib. Həyat yoldaşı erkən vəfat edib.

Abbasəli bəy Makinski Tiflisdə xeyriyyə təşkilatlarının işində yaxından iştirak etdiyindən cəmiyyətin sayılıb-seçilənlərindən olan ailələrlə yaxından tanış olur. Belə nüfuzlu ailələrdən birinin, Zaqatala qəzasının general-qubernatoru, şamaxılı Seyfulla bəy Atamalıbəyovun qızı, Azərbaycan siyasi mühacirətinin tanınmış nümayəndəsi Abbas bəy Atamalıbəyovun bacısı həkim Sara xanım ilə ailə həyatı qurur. Bu nikahdan Cəmilə və Təyyar adlı övladları dünyaya gəlir.

  1. 1 2 "Fransa Müqavimət Hərəkatının iştirakçıları: Makinski qardaşları" (az.). www.525.az. 2020-05-07. 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-16.
  2. Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. C. 5 M. Bakı: Təhsil. 2021. səh. 63.
  3. 1 2 3 "Naxçıvan Araz-Türk Respublikasının qurucularından biri – Abbasəli bəy Makinski" (az.). www.anl.az. 2012-04-03. 2020-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-16.
  4. Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 186. ISBN 978-9952-5455-010.