Alanlar
Alanlar (q.türk As/Ar; q.yun. Ἀλανοί; lat. Alani) — İrandilli tayfalar.
== Tarixi ==
Eramızın ilk əsrlərində köçəri alan tayfaları Azovyanı və Ön Qafqazın çöl bozqır rayonlarında məskunlaşmışdılar. I - II əsrlərdə alan tayfaları Cənubi Qafqaz ölkələrinə - Qafqaz Albaniyasına, İberiyaya, habelə Atropatenaya, Kiçik Asiyaya və Roma imperiyasının bir sıra əyalətlərinə tez-tez talançı basqınlar edirdilər. IV əsrin ikinci yarısında tayfalar hunlar tərəfindən darmadağın olundular və qismən hun tayfa ittifaqına daxil edildilər. Bundan sonra alanların xeyli hissəsi onlarla birlikdə Avropaya hərəkət edərək Qalliyadan, İspaniyadan keçib Şimali Afrikada vandallara qarışdı. Alanların digər hissəsi isə hunların təzyiqi ilə Şimali Qafqaz dağlarına köçdü. IV əsrdən alan tayfaları burada oturaq həyata keçməyə başladılar. Şimali Qafqaz alanları bir neçə tayfa ittifaqına bölündülər ki, bunların da ən iriləri Şərqi və Qərbi ittifaqlar idilər.