antroposentrist
antroposofiya
OBASTAN VİKİ
Antroposentrizm
Antroposentrizm (yun. ἄνθρωπος – insan + lat. centrum – mərkəz) – insanı kainatın mərkəzi, varlığın və biliyin başlanğıcı, üzərində heç bir ali qüvvə olmayan müstəqil yaradıcı kimi nəzərdən keçirən dini-fəlsəfi təmayül. == Ümumi məlumat == Antroposentrizm dünyagörüşü tipi kimi İntibah dövründə formalaşmış və yeni Avropa təfəkkürünün xarakterini müəyyənləşdirmişdir. Antik dövrdə insan, bir tərəfdən, kosmik-təbiət həyatı ilə vəhdətdə götürülür, digər tərəfdən canlı sosiumun tərkib hissəsi kimi nəzərdən keçirilirdi (insan şüurlu və ictimai heyvan kimi). Orta əsrlərin dini dünyagörüşündə insan təbiətlə deyil, daha çox fövqəltəbii qüvvə – Allahla əlaqələndirilirdi. Xristian ilahiyyatçıları hesab edirdilər ki, insanın mənəvi-ruhani dünyası o qədər dərindir ki, onu Allahdan başqa heç kim dərk edə bilməz. İnsan günahabatma nəticəsində Allahla vəhdətini və ilkin təmizliyini itirərək, daxilən ikiləşmişdir. Bu təzad yalnız allah - insan İsa Məsihin insanların bağışlanması naminə özünü qurban verməsi ilə aradan qalxmışdır. 15–16-cı əsrlərdə sekulyarlaşma prosesləri dərinləşdikcə, dünyagörüşündə baş verən irəliləyişlər insanın günahkar olması hissinin zəifləməsi, sonradan tam aradan çıxması, insanla ilahi Yaradan arasındakı məsafənin azalması ilə nəticələnir.