Astragalus bakuensis
Bakı gəvəni (lat. Astragalus bakuensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" CR B1ab (i, ii, iii, iv, v). Regional IUCN Statusu - CR B1ab (i, ii, iii, iv, v).
Gövdəsiz, cüzi tüklü qabarmış, 5-15 sm hündürlükdə, otvari çoxillik bitkidir. Yarpaqları 4-22 sm uzunluğunda, 12-20 cüt, yumurtavari, dəyirmi-yumurtavari və ya uzunsov-ellipsşəkillidir. Salxım çiçək qrupu 4-6 çiçəklidir. Kasacıq borucuqlu, xətti-bizvari dişlidir, borucuğa nisbətən 4 dəfə kiçikdir. Tac 30 mm uzunluğunda; Lövhə bayraqvari, oval şəklindədir və ya tərs yumurtavari, uzunsov ellipsşəkillidir, tünd-qırmızı, qəhvəyidir. Yumurtalıq 8 sm uzunluğunda, tüklü, uzun ayaqcıqlıdır.