Astrokimya
Astrokimya — ulduzlararası mühitin və protoplanet disklərinin kimyəvi tərkibini, həmçinin onlarda gedən kimyəvi prosesləri öyrənən astronomik tədqiqatlar istiqaməti. Astrokimya bir neçə bölməyə ayrılır.
1) Hissəciklərin konsentrasiyası 100 sm–3 tərtibində və temperaturu bir neçə yüz kelvin olan diffuz (ulduzlararası) buludların astrokimyası. Kosmik şüalar və ulduzların kəskin şüalanması belə buludlara asan nüfuz etdiyindən burada molekulların dağılması tez gedir və çoxatomlu molekulların əmələ gəlməsi olduqca çətindir.
2) Hissəciklərin konsentrasiyasi 104 sm–3-dən az olmayan və temperaturu bir neçə onlarla kelvindən yüksək olmayan sıx molekulyar buludların astrokimyası. Belə buludların dərin qatlarında ultrabənövşəyi şüalanma təsir etmədiyindən burada (əsasən, toz zərrəciklərinin səthində) üzvi molekullar daxil olmaqla ən mürəkkəb çoxatomlu molekullar yarana bilər.
3) Protoplanet disklərinin astrokimyası. Ulduzların və planet sistemlərinin sıx buludlardan yaranma prosesinin öyrənilməsi Günəş sisteminin və həyatın mənşəyinin öyrənilməsi ilə sıx əlaqəlidir: məsələn, mövcud təsəvvürlərə görə üzvi komponentlər erkən Yerə kometlərlə və ya protoplanet disklərinin tərkibinə daxil olan digər bərk cismlərlə gətirilmişdir.
4) Zərbə dalğalarının astrokimyası. Cavan ulduz obyektlərindən gələn molekulyar axınların ətraf maddələrlə qarşılıqlı təsir sahələrində ən mühüm proseslər toz zərrəciklərinin səthində molekulların itkisi, həmçinin yüksək temperaturda gedən reaksiyalardır.