İmperator Avqustun adı ilə bağlıdır, iyul və avqust bir-birinin ardınca gəlsə də, hər biri 31 gündən ibarətdir. Səbəbi: iyul Yuli Sezarın adı ilə bağlıdır və 31 gündür, Avqust cənabları da fevralın bir gününü kəsib avqust ayına calayır ki, Yulidən geri qalmasın. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
E.ə. I əsrdə Roma Aralıq dənizi ətrafında bütün torpaqları öz nəzarətinə götürmüşdü. Xarici düşmənlər imperiyanın ərazilərinə qəsd etməyə cürət eləmirdilər. Amma Roma dövlətinin daxilində tez-tez vətəndaş müharibələri baş verir, bu üzdən də hərc-mərclik hökm sürürdü.
E.ə. 44-cü ildə bir neçə respublikaçı Romanın vahid hökmdarına çevrilmiş Yuli Sezara qarşı sui-qəsd təşkil etdi. Yenidən vətəndaş müharibəsi alovlandı və sonda hakimiyyət Sezarın bacısı nəvəsi Oktavianın əlinə keçdi və vətəndaş müharibəsi, nəhayət ki, başa çatdı.
Oktavian Roma imperiyasının əsasını qoydu. E.ə. 27-ci ildə qədirbilən romalılar Oktaviana yeni ad verdilər. Onu Avqust adlandırmağa başladılar, yəni avqurlar tərəfindən xeyir-duası verilmiş. Avqurlar gələcəkdən xəbər verməyi bacardıqları üçün bu ad uğurlu və xoşbəxt ad hesab olunurdu. Məhz bu adı ilə Oktavian insanların yaddaşında qaldı.
Avqust vaxtilə Yuli Sezarın düşündüyü bir çox islahatları gerçəkləşdirdi; məsələn, o, Sezar tərəfindən təklif olunan və hər dörd ildən bir, ildə 365 yox, 366 günün olmasını nəzərdə tutan, uzun il adlandırılan təqvim islahatını həyata keçirdi. O vaxtdan da Oktavianın anadan olduğu sekstili ayını onun şərəfinə avqust adlandırmağa başladılar. (Ayzek Azimov. Sözlərin tarixi)