Avuar
Avuar (fransız dilində “avoir” – sahib olmaq, əmlak, aktiv sözündən yaranmışdır) geniş mənada sahibinin öhdəliklərini ödəmək imkanı verən müxtəlif aktivlərdir (pul vəsaitləri, çeklər, veksellerlər, akkreditivlər). Dar mənada isə avuar dedikdə bankların xarici ölkələrdə yerləşən banklardakı hesablarında əcnəbi valyuta ilə sahib olduqları vəsait başa düşülür. Hər hansı bir ölkəyə məxsus olan həmin vəsaitlərin toplusu onun əcnəbi avuarı adlanır. Həmin avuarların hesabına ödənişlər edilir, borc öhdəlikləri bağlanır, ölkələr arasında ödəniş dövriyyəsi həyata keçirilir. Dünya iqtisadiyyatında ödəniş dövriyyəsinin əhəmiyyətli hissəsi ABŞ dolları, avro, yapon yeni, ingilis funt sterlinqi ilə həyata keçirildiyindən, avuarların ən geniş olaraq bu valyutalarda yayılmışdır.
== Növləri ==
Sərbəst;
Dondurulmuş;
Xüsusi rejimlə istifadə olunan;
Əməliyyat avuarı (cari ödənişlər üçün);
Sığorta avuarı (ehtiyat);
İnvestisiya avuarı;
Təzminat avuarı.
Aydın olduğu kimi, avuarlar sahibinin borc öhdəliyini ödəmək üçün nəzərdə tutulmuş aktivlərdir. Bundan əlavə, onlar vasitəsilə təsərrüfat fəaliyyəti aparılır. Çünki mahiyyət etibarilə şirkətə “su üzərində qalmağa” kömək edir və hətta gəlir qazandırır. Yox əgər, məhz bank avuarlarından danışmalı olsaq, deməliyik ki, bu zaman avuarlar beynəlxalq əməliyyatlar və hesablamalaq üçün istifadə olunur.