Böyükağa Məmmədov (rejissor)
Böyükağa Zeynal oğlu Məmmədov — "Salnamə" sənədli filmlər studiyasının sabiq direktoru (2009–2014), Prezident təqaüdçüsü (2018-ci ildən).
== Həyatı ==
Böyükağa Məmmədov 3 iyul 1951-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə 150 saylı Bakı şəhər orta məktəbini bitirib. Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakültəsinə daxil olub. İnstitutu bitirəndən sonra öz arzusu ilə Qərbi Sibirə, Rusiya Federasiyasının Omsk vilayətinə təyinat götürür. Bir-neçə il Omsk şəhərinin televiziyasında rejissor işlədikdən sonra, 1976-cı ildə vətənə dönüb Azərbaycan Dövlət Teleradio Komitəsində rejissor vəzifəsində çalışmağa başlayıb. Bu zaman B.Məmmədov SSRİ Mərkəzi Dövlət Teleradio Komitəsinin sifarişi ilə çəkilən "Novatorlar", "Çətin əlaqələr", "Ordubad", "Qobustan", "Kəlbəcər", "Ardıc kolu", "Arif Məlikov", "Məhəbbət əfsanəsi", "Bu Cavaddır", "Rüstəm İbrahimbəyov - xülasə, yaxud başlanğıc", "Naxçıvan" adlı sənədli filmlərin rejissoru olub.
B.Məmmədov respublikada birinci müstəqil studiyalardan sayılan, 1991-ci ildə təsis edilmiş "215 KL" eksperimental studiyasının yaradıcılarından biri olmuşdur. Burada çəkilən "Qayıdış" çoxseriyalı sənədli filmindəki rejissor işinə görə o, Azərbaycan Respublikası "Araz" Dövlət mükafatına layiq görülmüşdür. 1994-cü ildə B.Məmmədov müstəqil "215 KL" studiyasının idarə heyətinin sədri seçilir.