Saqqallı qızılağac
Saqqallı qızılağac (lat. Alnus glutinosa subsp. barbata) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinin adi qızılağac növünə aid bitki yarımnövü.
== Qısa morfoloji təsviri ==
Hündürlüyü 20 (25) m olan ağacdır. Cavan budaqları yapışqanlıdır, çılpaq və ya bəzən yumşaq tüklüdür. Yarpaqları enli-əksinə yumurtaşəkilli,dəyirmi, bəzən ovaldır, uzunluğu 6-15 sm, qaidə hissəsində enli-pazşəkillidir, uc hissədə az uzanmışdır, kənarları ikiqat-dişlidir, 8-10 cüt damarları vardır, alt tərəfdən damarların küncləri sarı rəngli sıx keçə kimi saqallıdır və üst səthi qismən tüklüdür. Saplaqlarının uzunluğu 5 sm-ə qədərdir. Bar verən salxımları uzunsov olub,uzunluğu 16-20 mm-dir, 3-5 ədəd olmaqla meyvə saplağında yerləşmişdir, uzunluğuna görə onlara bərabər və ya biraz daha qısadır. Fındıqcalar yastıdır, dar qanadlı və ya qanadsızdırlar. Aprel ayında yarpaqların açılması ilə bir vaxtda çiçəkləyir.