1. is. Övlad, uşaq, oğul. Ana və bala. Balalara hədiyyə. – Bala baldan şirindir. (
Ata. sözü ).
Biçarə Məşədi Əsgər indi üç gün idi ki, gözüyaşlı ac-acına balalarının əhvalına alışırdı. S.M.Qənizadə.
[Ana:] Qulaq asın, mənim balalarım, ürəyimə damıb ki, mən bu yataqdan durmayacağam. M.İbrahimov.
// Məc. mənada.
[Baş leytenant:] Qafqaz balası, bu körpü cəbhənin mühüm keçidlərindəndir. Mir Cəlal.
2. Kiçik, körpə heyvan, quş. Pişik balası. Tülkü balası. Qarğa balası.
– Gah yetişmiş meyvələri dərib yeyərdik, gah quş yuvalarından bala düşürüb oynardıq. S.S.Axundov.
□ Bala vermə – heyvanların bala doğma qabiliyyəti.
Bala salma – balanın vaxtından əvvəl doğulması, abort.
3. Xitab yerində (çox vaxt “a balam”, “ay balam”, “balam” şəklində də işlənir).
Papaqçı dedi: – Bala, mənə şəyird durarsanmı? Rəsul dedi: – Nə üçün durmaram. “Aşıq Qərib”.
Ay balam, eybini qan; Bir həya eylə, utan! M.Ə.Sabir.
[İsmayıl ağa:] Balam, nə olar bizləri də yada salasan! Üç gündür eşitmişəm buradasan, di gəl, tapa bilmirəm. Mir Cəlal.
[Xeyransa:] A balam, deyirəm bir kişiyə məsləhət eləyim, sonra gedək. H.Sarabski.
4. sif. Kiçik, balaca, xırda, körpə.
Tamam ağ bədənin güldən əladır; Qamətindir sənubərdən, bala qız. M.P.Vaqif.
Aristokratiya xanımları, yenə də gözəl bala dərvişin şəklini … öpür. M.S.Ordubadi.
Xan Sultan qoyunu gözləmək üçün bala çobanı dik qayanın başına qaldırmışdı. S.Rəhimov.