Bala Bəhmənli — Azərbaycan Respublikasının Füzuli rayonunun Bala Bəhmənli kənd inzibati ərazi dairəsində kənd.[1]
Bala Bəhmənli | |
---|---|
39°34′ şm. e. 47°35′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 91 m |
Saat qurşağı | |
Bala Bəhmənli kəndi Füzuli rayonunun ən qədim kəndlərindən biridir. Bala Bəhmənli kəndi Böyük Bəhmənli kəndindən ayrılmış bir qol kimi göstərilsə də, Bala Bəhmənli kəndi ərazisi daimi yaşayış məskəni olmuşdur. Bütün bu sübutlar maddi, tarixi eksponatlarlar Bala Bəhmənli kəndinin Tarix-Diyarşünaslıq muzeyində öz əksini tapmışdır. Burada kəndin tarixi ilə bağlı minə yaxın tarixi eksponatlar saxlanılır. Həmin eksponatların ən qədiminin 4500 il yaşı vardır. Orta tunc dövrünü əhatə edən bu eksponatlar müxtəlifliyi ilə seçilir. Kəndin kənarında şum zamanı sahədə aşkar olunmuş kərpic tikili qalıqları Bala Bəhmənli kəndi ərazisinin əsrlərlə daha geniş olduğunu göstərir. Monqollara aid ox ucluqlarının bu ərazilərdən tapılması həmin dövrlərdə bu ərazilərin qanlı-qadasız ötüşmədiyinin sübutlarıdır. Tarixi mənbələrdə Bəhmənli tayfasının Monqol döyüşçülərinin hücumlarından qorunaraq saxlandığı göstərilir. Bala Bəhmənli Tarix-diyarşünaslıq muzeyi çox sayda xarici vətəndaşları qəbul edərək onlara tariximiz haqqında məlumatlar verir. Muzey təkcə 2008-ci ilin yanvar ayı 45-ə yaxın xarici dövlətin nümayəndələrini qəbul etmişdir. Müxtəlif dövlətləri təmsil edən ATƏT-in nümayəndələri maraqlı qonaqlardan olmuşdur. Füzuli rayonunun Bala Bəhmənli kəndi rayon mərkəzindən 36 km cənubda Araz çayı ilə Köndələn çayının birləşdiyi vadi yaxınlığında yerləşir. Kənd bir tərəfdən yüksək Haramı təpəlikləri ilə, o biri tərəfdən isə Cənubi Azərbaycan təpəlikləri ilə mühasirəyə alınmış kimi görünür. Kəndin yaxınlığından Köndələn çayı keçir. Kəndin coğrafi quruluşuna Araz və Köndələn çaylarının çox böyük təsirləri olmuşdur. Əsrlərlə Araz və Köndələn çayları öz sakitliklərini pozmuşlar. Öz məcrasından çıxmış Araz çayı əhatəsində olan yaşayış yerlərini su altında qoymuşdur. Suyu azalan geriyə yatağına doğru çəkilən Araz çayı arxasınca böyük göllər buraxmışdır. Həmin göllərdən ən böyüyü Bala Bəhmənli kəndində Maaf gölü olmuşdur. V–XIII əsrlərdə Bala Bəhmənli kəndi ərazisi böyük və xırda göllərdən ibarət olmuşdur. Ərazinin göl olan yerləri qarğı-qamışa, kol-kosa bürünərək keçilməz yerlərə çevrilmişdir. Subasar və quru sahələri isə hündür yüz illərlə yaşı olan palıd ağacları ilə əhatə olunmuşdur. Yurğun, qarağac, qaratikan, böyürtkən kolları ərazini bürümüşdü. Bataqlıq yerlərdə şoranlaşma baş alıb gedirdi. Köndələn çayının Araz çayına tökülməzdən əvvəl nizamsız axaraq Araz çayı boyunca irəliləməsi Araz qırağı böyük meşə sahələrinin əmələ gəlməsinə səbəb oldu. Bu meşə sahələri 1920-ci ilə qədər qatı sıxlığını qoruyub saxlamışdır. Köndələn çayının birbaşa Araz çayına tökülməsi kənddə kolxoz quruculuğu illərində mümkün olmuşdur. Yararlı əkin sahələrini genişləndirmək üçün Bala Bəhmənli camaatı böyük zəhmət bahasına əl əməyi ilə-düsər və beldən istifadə edərək Köndələn çayının yolunu dəyişərək birbaşa Araz çayına çəkmişlər.
Bala Bəhmənli kəndi əsasən aşağıdakı 7 böyük tayfalardan ibarətdir.
Qarabağ müharibəsi zamanı Bala Bəhmənli kəndi 2 şəhid, onlarla yaralı vermişdir. Bala Bəhmənli kənd orta məktəbi şəhid Tağıyev Əliağa İdris oğlunun, kənd xəstəxanası isə şəhid İsmayılov Şirvan İsmayıl oğlunun adına verilmişdir. Bala Bəhmənli kəndinin ilk ziyalıları Əsədovlar nəslinə məxsusdur. Onlardan Əsədov İbadulla Müseyib oğlu metodist müəllim, Əsədov Şamil Müseyib oğlu (keçmiş) Xalq Təsərrüfatı İnistutunun riyaziyyat müəllimi, elmi monoqrafiyaların müəllifi, Əsədov Sabir Paşa oğlu (keçmiş) Neft və Kimya İnistitutunun riyaziyyat müəllimi olmuşlar. 1993-cü ildə müharibə vəziyyətində olan Bala Bəhmənli kəndində sabitlik yaradılandan sonra təhsilə maraq zəifləmişdi demək olarkı bir neçə il ərzində ali təhsil ocaqlarina qəbul olan olmamışdır. Bala Bəhmənli kəndində yenidən təhsilə maraq yaranmışdır və ali təhsil müəssisələrinə qəbul olanların sayı da çoxalmışdır. Kənd məktəbində müharibədən sonra təhsilin inkişafında xüsusi roluna görə bir neçə müəllimlərin adların vurğulamaq olar:Babayev Eyyub Erşad oğlu, İsmayılov Ramiz Barat oğlu, Hüseyinova Cəmilə Məhərrəm qızı, Rzayev Sulduz Gülməmməd oğlu, Esedov Rüstəməli İbə oğlu, İsmayılova Mehriban Gülməmməd qızı və.s. Bala Bəhmənli kəndinin xarici dövlətdə mühüm vəzifələrdə işləyən adamları vardır. Bu vəzifələri də Əsədovlar nəslindən olan nümayəndələr təmsil edir. Əsədov Əsəd İbadulla oğlu Qırğızıstan Yüngül Atletika Federasiyasının Prezidenti, Azərbaycan diasporunun fəal üzvü, dəfələrlə dünya Azərbaycanlılarının qurultay nümayəndəsi, Əsədov Qoşqar Fəxrəddin oğlu Azərbaycanın Qırğızıstandakı səfirliyinin işçisi, Əsədov İlham İbadulla oğlu Qırğızıstan Gözbağlayıcılar Federasiyasının Prezidenti, Dünya ğözbağlayıcılarının Nobel sarayında keçirilən qurultayının nümayəndəsi, dəfələrlə Birləşmiş Ərəb Əmirlikləri dövlətinin dəvətini almış, layiqli çıxışlar etmiş.
Hazırda Bala Bəhmənli kəndi bir mərkəzi xatırladır. Burada aşağıdakı dövlət və yerli idarələr yerləşir.
Araz çayının sol sahilində, Mil düzündədir. Kənd Bəhmənli adlanan yaşayış məntəqəsinin nisbətən kiçik hissəsini təşkil edir. Oykonim "kiçik Bəhmənli" deməkdir. Etnotoponimdir.[2]
Babalarımızdan bu günümüzə Bala Bəhmənli kəndinin tarixi ilə əlaqədar bir əfsanə gəlib çıxmışdır. Həmin əfsanədə deyilir: Qədim zamanlarda öz ərazilərini genişlədirmək ona sahib olmaq, cavanlara yeni yaşayış məskənləri salmaq üçün Böyük Bəhmənlidən məsləhətli şəkildə bir neçə tayfa nümayəndələri yararlı torpaq axtarışına başlayırlar. Məsafə Böyük Bəhmənlidən uzaqlaşsa da xeyirli yurd axtarışını ulu babalarımız davam etdirirlər. Onlar indiki Bala Bəhmənli kəndi ərazisinə gəlirlər. Buranın təbiəti çox gözəl idi. Yaşamaq üçün o dövrün təlabatına uyğun hər şey vardı. Bir tərəfdən axıb keçən Köndələn çayı kəndin yaşaması üçün tükənməz yaxın su mənbəyi idi. Qarşı tərəfdən axan Araz çayı isə su basar yerlərində heyvanlar üçün bol otlaqlar vəd edirdi. Ov heyvanları ilə zəngin olan bu təbiət fərəsətli ovçuları əliboş qoymazdı. Yorulmuş babalarımız oturub bir az dincəlib, gətirdikləri çörəkdən bir tikə kəsdilər. Hər kəs düşəcəyi yeri müəyyənləşdirmişdi. Ancaq bir şey qalırdı, yeri çörəklə imtahana çəkmək. Ona görə heybələrini açaraq bir parça çörəyi hərə öz düşəcəyi yerdə bir ağacın başına qoydu. Onlar üç gündən sonra təzə yurda qayıtmaq ümüdi ilə evə döndülər. Hər kəs yurdunun xeyirli və bərəkətli olmasını istəyirdi. Üç gündən sonra geri qayıdan babalarımız bir çörəkdən başqa bütün çörəklərin yerində olduğunu görürlər. Babalarımız bu yerdə yaşamağa qərar verirlər. Bir əsr sonra çörəyi yerində olmayan Kərbəlayı İmanın törəmələri qalmayanda bunu insanlar çörəklə əlaqələndirirlər. Həmin yurdun xeyirsiz olduğunu allah qabaqcadan göstərmişdir deyirlər. Bütün bunlar nəsildən nəsilə ötürülərək gələn bir əfsanədir. Ancaq tarix göstərir ki, insanlar azalsa da müvəqqəti köçmələr olsa da Bala Bəhmənli kəndində ta qədimdən dövrün hər əsrində insan yaşayışı olmuşdur.[mənbə göstərin]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2720 nəfər əhali yaşayır.[3]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.