Kozı Körpeş və Bayan Sulu dastanı
Kozı Körpeş və Bayan Sulu dastanı — Türk epik ənənəsinin önəmli örnəklərindən sayılan "Kozı Körpeş və Bayan Sulu" dastanının Altay, başqırd, qazax, tatar (Krım-Dobruca, Kazan, Baraba-Sibir) və uyğur türklərinə aid bir çox variantları mövcuddur ki, onlar "Kuzıy Körpeş ilə Bayan Sulu", "Kuzıy Körpes minen Mayanhılıv", "Kuzı Körpe", "Kuzı Körpe bilen Bayansılu", "Kozın Erkeş", "Közüyke", "Boz Körpeş-Qara Göz Ayım" və s. kimi müxtəlif adlarla adlandırılmışdır. Bu mətnlər nəzm, nəzm-nəsr və ya nəsr şəklindədir.
Dastanın ən qədim variantı hesab olunan Altay variantını V. V. Radlov XII–XIII əsrlərə aid edir.
"Kozı Körpeş və Bayan Sulu" bir çox zəngin motivləri ehtiva edir. Məsələn, sonsuzluq, hamilə maral (qurd), beşik kərtməsi, ad qoyma, qərhəmanın silahlarını alması, yaxşı və pis heyvanlar, formul sayları, cilddəyişmə, müxtəlif mükafatlar və cəzalar, köməkçi insanlar, hiylə, at, silah və geyim almaq, müxtəlif heyvanlarla söyləşmək, sehrbaz, yuxu, ölüb-dirilmə və s.
"Türk dünyasının Romeo və Cülyettası" adlandırılan "Kozı Körpeş və Bayan Sulu" böyük bir məhəbbət dastanıdır. Bu dastana görə uşaqları olmayan iki bəy (xan) övladları dünyaya gələndə onları beşikkərtməsi edirlər. Uşaqlara Kozı və Bayan adını verirlər. Bir müddət keçəndən sonra Kozının atası ölür, Bayanın atası da verdiyi sözdən dönüb başqa bir yerə köçür.