Saplaqlı bibər
Saplaqlı bibər (lat. Capsicum annuum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin bibər cinsinə aid bitki növü. Saplaqlı bibər istisevən bitki olduğundan cənub rayonlarında daha çox becərilir.
Bibərin vətəni Meksika və Qvatemaladır. Rusiyanın və Ukraynanın cənub rayonlarında, Moldaviya, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir.
Bibərin tərkibi onun sortundan, yaşıl və ya qırmızı olmasından, yetişmə dərəcəsindən asılı olaraq dəyişir. Şirin bibərin tərkibində orta hesabla 4,8-9,5% quru maddə, o cümlədən 1,0-1,3% zülali maddə, 4,7-7,3% ümumi karbohidratlar, 0,5-0,6% mineral maddə və 90-350 mq% C vitamini vardır.
Acı bibərdə 9-20% quru maddə, o cümlədən 4,5-8,0% şəkər vardır. Bibərin acı dadı onun tərkibindəki kapsaisin qlükozidinin (C18H27NO3) miqdarından (0,02-1,0) asılıdır. Bibər dad xüsusiyyətinə görə acı və şirin növlərinə ayrılır.