Bri kilsəsi
Bri kilsəsi — Xocavənd rayonunun Çörəkli kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Abidə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.
Dövrümüzə xarabaqlıq və yarıdağılmış vəziyyətdə çatmış tikililərin inşaat tarixi kitabələr əsasında XII-XIII əsrlərə aid edilir. Lakin, ərazidə aşkarlanmış daha qədim dövrlərə aid tikililərin qalıqları, həmçinin yerli əhali arasındakı inanclar monastır kompleksinin erkən orta əsrlərə aid xristian, hətta bütpərəst dini kompleksinin yerində inşa edildiyini deməyə əsas verir.
Qədim monastır kompleksindən dövrümüzə çatmış kilsə tikililərinin qalıqları nadir yaşıl kollara malik bozumtul təpəlik ərazidə yerləşir. Bri kompleksi dörd kilsə, narteks, xaçdaşlarla bəzədilmiş üç niş sovməə xarabalığı, mülki tikililərin xarabalıqları və inkişaf etmiş orta əsrlər dövrünə aid geniş nekropoldan ibarətdir.
== Tarixi ==
Dövrümüzə xarabaqlıq və yarıdağılmış vəziyyətdə çatmış tikililərin inşaat tarixi kitabələr əsasında XII-XIII əsrlərə aid edilir. Lakin, ərazidə aşkarlanmış daha qədim dövrlərə aid tikililərin qalıqları, həmçinin yerli əhali arasındakı inanclar monastır kompleksinin erkən orta əsrlərə aid xristian, hətta bütpərəst dini kompleksinin yerində inşa edildiyini deməyə əsas verir.
Kompleks ərazisi boyunca qədim tikililərin qalıqları – dördguşəli stellalar, V-VII əsrlərə aid ornamentli plitələr, karnizlər, kapitellər, erkən orta əsrlər memarlığının forma və xüsusiyyətlərini daşıyan sütun altlıqları səpələnmişdir. Abidəni tədqiq etmiş K. Mkrtçyan Dağlıq Qarabağın memarlıq abidələrinə həsr olunmuş əsərində qeyd edir ki, “...şübhə ola bilməz ki, dini tikilinin qalıqları olan bu memarlıq elementləri, Aluankda sayı ilin günlərinə bərabər olan və inşası Aluank çarı Mömin Vaçaqanın adı ilə bağlı olan kilsələrdən birinə aiddir.”
Burada tədqiqatçı Moisey Kalankatlının “Alban ölkəsinin tarixi” adlı əsərində verdiyi məlumata əsaslanır.