AMEA Naxçıvan bölməsinin Bioresurslar İnstitutu
Bioresurslar İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin strukturuna daxil olan elmi qurum.
== Tarixi ==
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu ümummilli liderimiz Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli "Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında" sərəncamına müvafiq olaraq, Naxçıvan Regional Elm Mərkəzinin biologiya bölməsi və Genetik Ehtiyatlar İnstitutunun Naxçıvan Elmi–Tədqiqat Bazası əsasında yaradılmışdır.
== Əsas fəaliyyət istiqamətləri ==
Azərbaycanda flora, fauna və torpaq örtüyünün biomüxtəlifliyinin öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi.
Bitkilər və heyvanlar aləminin öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsasları.
Naxçıvan MR-in bioresurslarının öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsasları
== Elmi nəticələr ==
Naxçıvan MR-ın bitki örtüyü xəritəsi tərtib olunmuş, ali sporlu, çlpaqtoxumlu və örtülütoxumlu bitkilər üzrə "Qırmızı kitabı"ı II cild hazırlanılmışdır. Naxçıvan MR flora biomüxtəlifliyinə daxil olan ibtidai bitkilər öyrənilmiş, 31 fəsilə və 61 cinsə daxil olan 219 növ şibyə aşkar edilmişdir. Ərazinin alqoflorası tədqiq edilmiş, 4 cinsə aid edilən 18 yosun növü Naxçıvan MR florası üçün ilk dəfə qeyd olunmuşdur. Tədqiqatlar nəticəsində ibtidai bitkilər üzrə Azərbaycan florası üçün 5, Naxçıvan florası üçün 33 yeni papaqlı göbələk növü ilk dəfə verilmişdir. Naxçıvan MR-in flora biomüxtəlifliyinə daxil olan ali bitkilərdən çılpaqtoxumlular, soğankimilər, zanbaqkimilər, zəngçiçəyikimilər, süsənkimilər, qlobulariyakimilər, dalamazkimilər və qırxbuğumkimilər fəsilələrinə daxil olan bitkilərin növ spektri dəqiqləşdirilmiş, ərazinin ali bitkilər florasına 9 yeni növ əlavə edilmiş, nadir növlərin mühafizə yolları müəyyənləşdirilmişdir. Naxçıvan MR-in brioflorası tədqiq edilmiş, ərazidə 31 fəsilə və 70 cinsə aid 114 növ mamır aşkar edilmişdir ki, onlardan da 4 fəsilə, 15 cinsə aid olan 29 mamır növü ərazi florası üçün yenidir.