Bəsirət (qəzet)
"Bəsirət" qəzeti — 1914-cü ildən 1920-ci ilə qədər Bakıda Azərbaycan dilində çap olunan siyasi-ictimai, ədəbi həftəlik qəzet.
Qəzetinin ümumilikdə 286 sayı işıq üzü görüb. Baş redaktoru Hacı İbrahim Qasımov, naşiri isə Qulamrza Şəfizadə olub.
== Haqqında ==
Bəsirət qəzetinin ilk sayı 1914-cü il aprelin 12-də Bakıda çap edilib. Baş redaktoru Hacı İbrahim Qasımov, naşiri isə Qulamrza Şəfizadə olub.Həftəlik qəzet olan Bəsirətin bayram günlərində xüsusi sayları çap edilirdi. Qəzetə bir müddət müvəqqəti olaraq Mirzə Bala Məmmədzadə redaktorluq edib. Hacı İbrahim Qasımov qəzetdə Həftəbecər rubrikasında "Kəlniyyət" imzası ilə yazılar yazıb. Qəzet müxtəlif dövrlərdə Orucov Qardaşları, Turan, Novruz və Səda mətbəələrində nəşr olunub.
Qəzetdə yazıları çıxan insanlar arasında - Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Seyid Cəfər Pişəvəri, Mirzə Bala Məmmədzadə, Məmməd Səid Ordubadi, Məhəmməd Hadi, Səməd Mənsur, Mustafa bəy Əlibəyov, Əbdül Rəhman Dai, Əliabbas Müznib, Abbas Səhhət, Mirzə Əbdülqədir Vüsaqi, Cəfər Cabbarlı və başqaları da var.
1918-ci il Mart soyqırımdan sonra Bəsirət qəzetinin çapı qadağan edilir.