Əmr cümləsi
Əmr cümləsi – əmr, xahiş, təkid, tələb, məsləhət, nəsihət, çağırış və s. bildirən cümlələrə deyilir.
Cümlənin bu növü danışan şəxsin fikirlərini, arzu və istəyini, işə, hərəkətə münasibətini müxtəlif çalarda ifadə edir; məs.: İlahi, yandıq! Yaratdıqlarına rəhmin gəlsin! (Ə.Haqverdiyev) Çəkil get, dinməz otur yerində. Get öz mənzilində otur. Get, bala, ağlını başına cəm elə və otur yerində. (Ə.Haqverdiyev) Ey bu axşamın sahibi, oğlumu sənə tapşırıram. Sən onun ağlını qılıncı, qılıncını ağlı kimi iti, baxtını atı kimi yüyrək, taleyini göylər çırağı kimi işıqlı elə. (F.Kərimzadə) Dayı, mənim də bir məsləhətimə qulaq asın də.