Cəfər Cabbarlı
Cəfər Qafar oğlu Cabbarlı (20 mart 1899, Xızı, Quba qəzası – 31 dekabr 1934, Bakı, SSRİ) — Azərbaycanlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1933)*.
Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakı quberniyasının 110 km-də yerləşən Xızı kəndində (hazırda rayon mərkəzidir) yoxsul kəndli ailəsində anadan olub. Kömürçü işləyən atası (Qafar Cabbarlı) görmə qabiliyyətini itirdikdən sonra ailə məcburiyyət qarşısında Bakıya köçərək, "dağlı məhəlləsi" adlanan yerdə yaşamağa başlayıb. Cəfərin 3 yaşı olanda atası vəfat edib. Evin yükü anası Şahbikə xanımın üzərinə düşüb. O, imkanlı ailələrin paltarlarını yuyub, çörək bişirərək Cəfəri dini məktəblərə qoyub. Cəfər arasıra Xızıya gedir, orada aşıqsayağı şeirlər yazan bibisi Zərnişanla, dağ kəndlərindəki qohumları ilə görüşürdü.
1924-cü ildə Cəfərin böyük qardaşı Hüseynqulu öldü. Bu ölüm Cəfəri çox sarsıtdı, çünki Hüseynqulu ona qardaşlıqla yanaşı atalıq etmişdi. Cəfər ailənin ən kiçik uşağı idi.