Törəmə kökü dırma sözüdür (müqayisə et: dırman və dırmaş), ilkin kök isə dır kəlməsi olub və dırnaq, dırmıq, daraq sözləri ilə qohumdur. Dır kökü adır (ayır) sözünün ilk saiti itirməsi nəticəsində yaranmışdır, “diş, qol-qanad, şaxə” mənalarını əks etdirib (indi müstəqil işlədilmir). Dırman və dırmaş sözləri bilvasitə dırnaq (caynaq) kəlməsi zəminində yaranıb: qədim mənası “dırnağın (caynağın) köməyi ilə yuxarı qalxmaq” deməkdir, əsasən, pişik və pişiyə bənzər heyvanlarla bağlı işlədilib. İndi mənası bir qədər genişlənib, təkcə dırnaqla yox, eyni zamanla əl və ayaqla iş görməyi də bildirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)