Eşqin Mehtili
Eşqin Tərlan oğlu Mehtili (20 oktyabr 2001, Əlinəzərli, Beyləqan rayonu – 14 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
== Həyatı ==
Eşqin Mehtili 2001-ci il oktyabrın 20-də Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. 2008-2019-cu illərdə şəhid Rizvan Nəsirov adına Əlinəzərli kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2012-ci ildə keçirilən bilik yarışmasında Beyləqan rayonu üzrə "İlin ən yaxşı şagirdi" adına layiq görülmüş, xüsusi diplom və mükafatlarla təltif olunmuşdur. Kiçik yaşlarından atasını itirdiyi üçün həyata erkən atılmaq məcburiyyətində qalmışdı. Subay idi.
== Hərbi xidməti ==
2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanmış, 2020-ci ilin yanvar ayından isə, xidmətini Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrində snayper kimi davam etdirmişdir. Xidmət etdiyi dövrdə o, yuxarı komandanlığın və şəxsi heyətin arasında xüsusi hörmət qazanmış, döyüş-hazırlıq təlimlərini dərindən öyrənərək, verilən tapşırıqları vaxtında və nöqsansız yerinə yetirmişdır. Zaman keçdikcə Eşqin Mehtili peşəkar snayper kimi formalaşmışdır. Belə ki, o, hələ təlim atışlarında bir neçə dəfə hərbi hissə rəhbərliyi tərəfindən ən yaxşı atıcı- kəskin nişançı kimi fəxri fərmanla təltif edilmiş və xüsusi təşəkkür almışdır.