Halit
Halit (daş duz) NaCl — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
== Xassələri ==
Rəng – rəngsiz, ağ, sarı, qırmızımtıl, qara, rəngi çox vaxt qarışıqlardan asılı olub, qeyri-müntəzəm, bəzən zonal xarakter daşıyır; Güclü deformasiyaya uğramış, yaxud silvinlə (KCl) sıx assosiasiya təşkil edən halit çox vaxt xal-xal rəngə boyanır. Bu, güman ki, K40-un və adətən onunla bağlı olan Rb87-un radioaktivliyi ilə əlaqədardır; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə (təzə sınıqlarda), yağlı, ipəyi; Şəffaflıq – şəffaf, yaxud yarımşəffaf; Sıxlıq – 2,1-2,2; Sərtlik – 2; Kövrəkdir; Ayrılma – kub {100} üzrə mükəmməl, {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvarı; Başqa xassələr – çox yüksək istilikkeçirmə; zəif elektrikkeçirmə; suda asan həllolma; hidroskopiklik; şor dad; Morfologiya – kristallar: heksaedrik, bəzən oktaedrik, nisbətən az hallarda – sütunvari, tez-tez kristallik «qayıqcıq»lar; kub üzlərində çox vaxt qıfaoxşar pilləli oyuqlar olur; İkiləşmə: {111} üzrə nadir rast gəlir; Mineral aqreqatları: xırda dənəlidən nəhəngdənəliyədək massiv əmələgəlmələr, sıx lifli, ovuntulu kütlələr, bəzən stalaktit və stalaqmitlər, sızmalar, druzalar, nazik təbəqəçiklər.
== Mənşəyi və yayılması ==
Tipik xemogen mineral olub, dəniz və şor göl sularının buxarlanması nəticəsində doymuş məhlullardan çökür. Çox vaxt əhəngdaşlarının, dolomitlərin və başqa çökmə süxurların içərisində qalın laylar təşkil edir. Duz laylarının böyük dərinliklərdə plastik deformasiyası və onların tez-tez üstdə yatan süxurlara daxil olması ilə duz günbəzlərinin əmələ gəlməsi əlaqədardır. İsti, quru iqlim şəraitində qapalı duzlu hövzələrin dibində özüçökən ovuntulu duz əmələgəlmələrinin kristalları toplanır. Bəzən halit sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında müşahidə edilir. Mineralın nazik təbəqəcikləri başqa duzlarla birlikdə səhra və çöl rayonlarında torpaq səthində şoranlıq əmələ gətirir.