Heyva
Heyva (lat. Cydonia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
== Təsviri ==
Kiçik ağac və ya koldur, hündürlüyü 1,5-5 m-dir. Yarpaqları yumurtavari-oval və ya oval, tam kənarlı, üst tərəfdən tünd yaşıl, (2) 4-5 (14) sm uzunluğunda, (2) 3-5 (11) sm enində, qısa saplaqlıdır. Kasayarpaqları oval, sıx tükcüklüdür. Çiçəkləri iri, tək, diametri 5 sm-ə qədərdir. Ləçəkləri çəhrayı, və ya demək olar ki, ağ rəngli, tərsyumurtavari, uzunluğu 2-3 sm-dir. Yetişməmiş meyvələri sıx keçə tükcüklü, yetişmiş meyvələr çılpaq, sarı rəngli, ətirli, armudvari və ya yumurtavari-şarvaridir.
== Tarixi ==
Meyvə onu "supurgillu" adlandıran akkadlılara məlum idi. Heyva almanın yetişmədiyi Mesopotamiya düzənliyində çiçəkləyir, Aralıq dənizi ətrafında qədim dövrlərdən becərilirdi.