Naxçıvanın heyvanat aləmi
Naxçıvan faunası — Naxçıvan Muxtar Respublikasının heyvanlar aləmi.
Naxçıvan Muxtar Respublikasının ərazisinin kiçik olmasına baxmayaraq özünəməxsus iqlim, relyef və digər fiziki coğrafi xüsusiyyətlərə malik olması burada fauna və floranın formalaşması üçün xüsusi ekoloji şərait yaratmışdır. Onun təbii şəraiti burada müxtəlif növ heyvanların, o cümlədən endemik növlərin əmələ gəlməsinə imkan verir. Naxçıvan Muxtar Respublikasında yaşayan 350 növ onurğalı heyvandan yalnız 45 növü, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən öyrənilərək, adları "Qırmızı kitab"a daxil edilmişdir. 18 növ nadir heyvan, quş və suda-quruda yaşayanların təsnifatı aşağıdakı kimidir;
Bəbir (Qaplan) (Felis Pardus) — Pişikkimilər fəsiləsindən olan vəhşi yırtıcı heyvan, əsasən Culfa rayonu ərazilərində Araz boyu qayalıqlarda yaşayaraq dovşan, kəklik və dağ keçisi ilə qidalanır.
Canavar (Canis lupus) — İtlər fəsiləsindən vəhşi yırtıcı heyvan əsasən Şahbuz, Culfa və Ordubad rayonlarındakı kolluqlarda yaşayır.
Qonur ayı (Ursus arctos) — Yırtıcı məməli əyripəncə tüklü heyvan Şahbuz rayonundakı Biçənək meşə-kolluqlarında yaşayır.
Meşə (çöl) donuzu (Sus scrofa) — Qaban fəsiləsindən cüt dırnaq məməli heyvan əsasən Şahbuz rayonundakı Biçənək kəndindəki meşə-kolluqlarda yaşayır.
Vaşaq (Felis lynx) — Pişikkimilər fəsiləsindən olan məməli heyvandır. Əsasən Şərur, Şahbuz, Ordubad, Culfa rayonlarındakı düzənlik və kolluq ərazilərdə yayılmışlar.