Harvi Vaynşteynin cinsi təcavüz iddiası
Harvi Vaynşteynin cinsi təcavüz iddiası - 2017-ci ilin oktyabrında The New York Times və The New Yorker tərəfindən nəşr edilmiş məqalələrdə səsləndirilən, Miramax və The Weinstein Company film şirkətlərinin yaradıcısı olan Oskar mükafatlı film prodüseri Harvi Vaynşteynin onlarla Hollivud aktrisasına qarşı cinsi təcavüz, hücum və ya zorlama törətdiyini bildirən iddiadır. Kino sənayesində çalışan bir neçə qadın sonradan verdikləri açıqlamada Vaynşteynlə oxşar təcrübə yaşadıqlarını bildirmişlər. Məlumatların yayılmasından qısa müddət sonra, "The Weinstein Company" direktorlar şurasının qərarı ilə Harvi Vaynşteyn şirkətin direktoru vəzifəsindən azad edilmiş, Vaynşteynin həyat yoldaşı olan aktrisa və dəb dizayneri Corciya Çepmen boşanmaq üçün məhkəməyə müraciət etmiş, bir çox nüfuzlu sənət xadimləri və siyasətçilər Vaynşteyni tənqid edən fikirlər səsləndirmişlər.
== Zəmin ==
Harvi və Bob Vaynşeyn qardaşları yaratdıqları Miramax film şirkətinə 1979-2005-ci illərdə rəhbərlik etmişlər. 2005-ci ilin martında "The Weinstein Company" şirkətinin əsasını qoyan qardaşlar elə həmin ilin sentyabrında "Miramax"dan uzaqlaşmışlar.
== İlk məlumatlar ==
İlk məlumatlar, "The New York Times" müxbirləri olan Codi Kantor və Meqan Touhinin 5 oktyabr 2017-ci ildə nəşr edilmiş araşdırma məqaləsində verilmişdir. Məlumatda Vaynşteyn otuz illik bir müddətdə bir neçə aktrisaya, o cümlədən "Miramax" və "The Weinstein Company" ilə əməkdaşlıq etmiş köməkçi, müvəqqəti əməkdaş və digər vəzifələrdə çalışmış bir neçə qadına qarşı cinsi təcavüz etməkdə günahlandırılır.
10 oktyabr 2017-ci ildə "NBC News" müxbiri Ronan Farrou "The New Yorker"ə verdiyi məlumatda bildirir ki, ən azı 13 qadın Vaynşteyn tərəfindən cinsi təcavüzə məruz qalmış və ya təqib edilmiş, üçü isə zorlanmışdır. Farrou bildirir ki, bir neçə ay əvvəl bu haqda NBC-də məlumat yaymaq istəsə də, telekanal ola bilsin ki, təzyiq altında qalaraq buna icazə verməmişdir; NBC isə bu məlumatı təkzib edir. Farrounun sözlərinə görə, Vaynşteynlə birlikdə çalışmış 16 işçi və ya köməkçi onun qadınlara qarşı seksual hərəkətlərinin şahidi olmuş və ya bu haqda məlumatlı olduqlarını bildirmişlər.