İqbal (qəzet)
İqbal — gündəlik qəzet.
== Tarixi ==
1912–1915-ci illərdə Bakıda, Azərbaycan dilində nəşr edilmişdir. 1023 nömrəsi çıxmışdır. Onlardan 459-u Sənətulla Eynullayev-İbrahimovun (6.3.1912–20.9.1913), 299-u Seyid Hüseyn Sadıqzadənin (22.9.1913–8.10.1914), 265-i isə Məhəmmədəli Əbdüləziz və Məhəmməd Əmin Rəsulzadələrin (9.10.1914–27.4.1915) naşirliyi və baş müəllifliyi ilə buraxılmışdır. "İqbal"ın əsas müəllifləri Sənətulla Eynullayev-İbrahimov, Seyid Hüseyn, Məhəmməd Əmin Rəsulzadə, Hacı İbrahim Qasımov, Nəriman Nərimanov, Məhəmməd Hadi, Abdulla Şaiq, Abbas Səhhət, Əli Nəzmi, Xəlil İbrahim, Əkbər Əkbərov və b. idi.
== Fəaliyyəti ==
Qəzetin məqsəd və məramı onun birinci sayında dərc edilmiş baş məqalədə şərh olunmuşdur: ""İqbal" qəzetəsi millətimizin maddi və mənəvi səadətinə,
iqbalına xidmət arzusu ilə nəşrə başlamışdır". Müstəmləkəçi imperialist dövlətlərin Yaxın və Orta Şərqdə törətdikləri təxribatların, Rusiya İmperiyasının müstəmləkəçilik və ruslaşdırma siyasətinin tənqidi, milli dirçəliş ideyalarının təbliği, milli ədəbiyyatın inkişafı, ana dilinin müstəqilliyi və yad təsirlərdən təmizlənməsi, qadın azadlığı, maarifin xalqa yaxınlaşması və milliləşməsi ― "İqbal"ın toxunduğu əsas mövzular idi. Qəzet müxtəlif problemləri ivahid məqsəd ətrafında birləşdirir, milli müstəqillik ideyalarının təbliğinə xidmət göstərirdi.