İqbal Əhmədağa oğlu Bayramov (4 iyul 1977, Hirkan, Lənkəran rayonu – 5 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi.
İqbal Bayramov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Hirkan, Lənkəran, Azərbaycan SSR |
Vəfat tarixi | (43 yaşında) |
Vəfat yeri | Cəbrayıl rayonu, Azərbaycan |
Dəfn yeri | Lənkəran, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1998—2020 |
Rütbəsi | Mayor |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi |
Təltifləri | 2020 2020 |
İqbal Bayramov 1977-ci il iyulun 4-də Lənkəran şəhərinin Hirkan qəsəbəsində anadan olub.[1] 1984-1994-cü illərdə Hirkan qəsəbəsində A. Quliyev adına tam orta məktəbdə təhsil alıb. 1994-1998-ci illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) "Energetika" ixtisası üzrə ali təhsil alıb. Kafedra hərbi olduğu üçün 1998-ci ildə "leytenant" hərbi rütbəsi alıb.
İqbal Bayramov 1998-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2004-2005-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində "baş leytenant" hərbi rütbəsində Tağım Komandiri olaraq xidmət edib. 2005-ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qala qəsəbəsində yerləşən TTM-də təlim alıb. 2005-2008-ci illərdə bir sıra xarici dövlətlərdə də təlimlərə qatılıb.
2008-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsinə xidmətini davam edib. 2011-ci ildə "mayor" hərbi rütbəsi alıb və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində Qərargah rəisinin xidmət üzrə müavini vəzifəsində xidmət edib. Daha sonra isə 7 il ərzində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ rayonunda və Şirvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edib.
2018-ci il yanvarın 5-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarından ehtiyata buraxılması barədə müraciət edən İqbal Bayramov, yanvarın 14-də "mayor" hərbi rütbəsi ilə ehtiyata buraxıldı.
Azərbaycan Ordusunun mayoru olan İqbal Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İqbal Bayramov oktyabrın 5-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Lənkəran şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İqbal Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İqbal Bayramov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]