1. Fəaliyyət, çalışma, zəhmət, əmək. Əqli iş. Fiziki iş. İş görmək. Elmi iş. İşlə məşğul olmaq. – İş insanın cövhəridir. ( Ata. sözü ).
// Məşğuliyyət, məşğələ, bir şeylə baş qarışma. Bu saat işim var, gələ bilmərəm. Faydalı bir işlə məşğul olmaq.
// İdarədə, müəssisədə və s.-də işləmək üçün təyin edilmiş vaxt, müddət. İşdən sonra gələrsən. İşdən sonra istirahət. İş qurtardı.
2. Bir şey yaratmaq, hazırlamaq, düzəltmək üçün göstərilən hər cür fəaliyyət, istehsal fəaliyyəti (bu mənada çox vaxt cəm halında işlənir). Suvarma işləri. Yol işləri. Tikinti işləri.
3. Bir idarə və ya müəssisədə çalışma, xidmət etmə, qulluq etmə; xidmət, vəzifə, qulluq. İşə girmək. İşdən çıxarmaq. Müəllimlik işi. Həkimlik işi.
4. Bir şeyin hərəkət halında olması, enerjinin bir haldan başqa hala keçməsi prosesi; fəaliyyət. Maşının fasiləsiz işi.
5. Vəzifə, borc. Vətəni müdafiə etmək bütün vətəndaşların işidir. Sülhü müdafiə etmək bütün dünya xalqlarının işidir.
6. Hər hansı bir hadisə, faktla əlaqədar olan inzibati, məhkəmə təhqiqatı; mühakimə prosesi. Məhkəmədə işə baxmaq. İşə yenidən baxılacaq. Cinayət işi.
// Cəza və ya təsir tədbiri olaraq icbari əmək, məhkəmə cəzası.
□ İş kəsmək (vermək), iş kəsilmək (verilmək) – məhkəmə tərəfindən cəza vermək (verilmək). İslam bu barədə çox düşündü.
7. Bir şəxsə, hadisəyə, məsələyə və s.-yə aid olan sənədlər toplusu. İş qovluğu. Katib işləri açıb baxdı.
8. Adətən cəm şəklində: xidmət, idarə, müəssisə ilə bağlı olan məsələlər, məşğələlər və s. Cari işləri müzakirə etmək. İşləri təhvil vermək. Xidməti işlər.
// Bir sıra mürəkkəb idarə adlarının tərkibində işlənir. Xarici İşlər Nazirliyi.
9. Əsər, əmək məhsulu. Elmi iş yazmaq. Bu kitab şairin son işi oldu. Muzeyin otaqlarının birində rəssamın işləri nümayiş edilirdi.
10. Keyfiyyət, yaxud hazırlanma üsulu, qaydası. Gör, nə qəşəng işdir! Qaba iş. Əla iş. Sifarişlə görülən iş. Atüstü iş.
11. Əməl, hərəkət. Bu onun işidir. Bu, yaxşı iş deyil.
12. Əməli fəaliyyət, feil, hərəkət (fikir, söz müqabili). İndi söz yox, iş lazımdır. Sözdən işə keçmək. Söhbət çoxdur, iş isə az.
13. Fəaliyyətin nəticəsi, səmərəsi. Bu, uzun əsrlərin işidir.
14. Münasibət, əlaqə, aidiyyət, dəxli olma. Onun bizimlə nə işi var?
15. Hadisə, əhvalat, qəziyyə. Bu, keçmişin işidir. Mən dünən maraqlı bir işin şahidi oldum. Başıma dünən bir iş gəlib.
16. Vəziyyət, hal. İşi fəna olmaq. Cəbhədə iş yaxşıdır.
17. Bacarıq, gücü çatma, bacarma, əlindən gəlmə. Bu onun işi deyil (əlindən gəlməz).
18. Şey, hadisə. Bu böyüklükdə daşı qaldırmaq asan iş deyil. Təbii işdir ki… Tərslik pis işdir. Aydın işdir. Belə də iş olar?
19. fiz. Hərəkət edən cismin müqaviməti rəf etməsi. İş vahidi.
20. İşdi(r) şəklində – bəlkə, birdən, əgər, təsadüfən, ola bilsin, ola bilər. İşdir, yolun düşsə, bizə gəl. İşdir, öyrənsən, bizə də bildir.
İşdi, birdən gəlməsə… – Molla fikirləşir ki, bir eşşək yükü xiyar götürüb Teymurləngə aparsın, bəlkə, işdi, rəhmə gəldi, bir yaxşı hədiyyə verdi. “M.N.lətif.”.
◊ İş açmaq – 1) başlamaq, bir işə təşəbbüs etmək, bir iş görmək niyyətində olmaq.
2) zəhmətə salmaq, xoşagəlməz işə salmaq.
İş adamı – vaxtını boş keçirməyən, daim fəaliyyətdə olan, işbacaran, işləməyi sevən adam haqqında.
İş (işi, işimiz, işləri) Allaha qalıb – çətin, ağır, çıxılmaz vəziyyət haqqında.
İş aparmaq – iş görmək, işləmək, çalışmaq, fəaliyyət göstərmək.
İş aşırmaq – düzəltmək, yoluna qoymaq, başa çatdırmaq, öhdəsindən gəlmək.
İş(i) aşmaq – iş(i) yerinə yetmək, düzəlmək, həyata keçmək, baş tutmaq, başa gəlmək. [Məhərrəm:] Canım, güc ilə iş aşmaz.
İş başına keçmək – rəhbər vəzifə tutmaq, rəhbər işə keçmək.
İş başında – vəzifə başında, vəzifəni yerinə yetirərkən.
İş başında olmaq – rəhbərlik etmək, idarə etmək, başçı olmaq, rəhbər vəzifə tutmaq.
İş burasında(dır) ki… – bir şeyin səbəbini, mahiyyətini bildirir.
İş çıxmaq – 1) gözlənilməyən bir iş ortaya çıxmaq, bir hadisə üz vermək. Durduğum yerdə bir iş çıxdı;
2) səmərəsi olmaq, faydası olmaq, kar çıxmaq.
İş düşmək – 1) bir hadisə üz vermək, bir iş çıxmaq.
2) fürsət düşmək.
İş düzəlmək – istənilən, arzu edilən bir şeyin yerinə yetməsi, həyata keçməsi, düzəlməsi, baş tutması haqqında.
İş düzəltmək – adamlara xeyirxahlıq göstərmək, bir işin düzəlməsinə, baş tutmasına kömək etmək, vasitə olmaq.
İş görmək – 1) işləmək, müəyyən bir işlə məşğul olmaq, bir şey üzərində çalışmaq, zəhmətlə məşğul olmaq.
2) hərəkət etmək.
İş günü – idarədə, müəssisədə və s.-də işləmək üçün müəyyən edilmiş vaxt, müddət. Yeddisaatlıq iş günü.
İş içində iş var – şübhəli, müəmmalı iş, hadisə və s. haqqında. Deyəsən, iş içində iş var.
İş işdən keçmək – artıq olub bitmiş, buna görə də düzəlməsinə, islahına vaxt, imkan olmayan iş haqqında.
İş işləmək – iş görmək (ziyan, zərər vurmaq mənasında).
İş keçməmək, işi keçməmək – başqasının köməyi olmadan düzəlməmək, başa gəlməmək, görülə (görə) bilməmək. O olmasa iş keçməz.
İş sahibi – özü üçün başqasına iş gördürən adam.
İş tutmaq – iş görmək, bir işlə məşğul olmaq, işləmək.
İş üstə qoymaq – öyrətmək, təhrik etmək.
İş üstündə – iş görən zaman, iş vaxtı, işlərkən, işdə.
İş var – gizli, müəmmalı, şübhəli, üstüörtülü məsələ, şey haqqında.
İş vurmaq – pislik etmək, ayağından çəkmək.
İşçi qüvvəsi – fəhlə.
İşdən (işindən) qoymaq – işinə mane olmaq, işləməyə qoymamaq, işdən ayırmaq. Gəldim, səni işdən qoydum. – Həm ürəyim yanır, həm də sən məni işimdən qoyursan. “M.N.lətif.”.
…işdən çıxıb – fırıldaqçı, kələkbaz, çox macəralar keçirmiş adam haqqında. O, min işdən çıxıb.
İşdən düşmək – köhnəlmək, dağılmaq, xarab olmaq, daha heç bir şeyə yaramamaq.
İşə (bir işə) yapışmaq – özünə bir məşğuliyyət tapmaq, bir işlə, bir sənətlə məşğul olmaq.
İşə can verməmək – tənbəllik etmək, ürəkdən işləməmək, işə can yandırmamaq.
İşə can yandırmaq – ürəkdən işləmək, qabiliyyətini, bacarığını iş üçün əsirgəməmək.
İşə düşmək – 1) hərəkət etmək, işləməyə başlamaq. Mühərrik işə düşdü. Dəzgah işə düşdü. Stansiya işə düşdü;
2) işə salınmaq.
3) xataya düşmək, çətinliyə düşmək, dolaşmaq, pis nəticələnə biləcək hadisəyə rast gəlmək.
İşə girişmək (girmək, qapılmaq) – həvəslə işə başlamaq, ciddi işləməyə başlamaq.
İşə qarışmaq – müdaxilə etmək, işin gedişinə təsir etmək.
İşə pər qatmaq – bir işin qaydası ilə getməsinə mane olmaq, düzəlmək üzrə olan bir işi cürbəcür yollarla pozmaq, düzəlməyə qoymamaq.
İşə salmaq – 1) hərəkətə gətirmək, işlətməyə başlamaq, işlətmək.
2) dolaşdırmaq, xataya düşməsinə səbəb olmaq.
İşə soyuq baxmaq – işə laqeyd münasibət bəsləmək, məsuliyyətsiz yanaşmaq, səhlənkarlıq etmək.
İşə tul vermək – işi uzatmaq, ləngitmək.
İşə yapışmaq – bax işə girişmək.
İşə yaramaq (keçmək) – bir şeyə gərək olmaq, lazım olmaq, istifadə edilə bilmək; faydası olmaq, xeyri olmaq; kara gəlmək. Alınan şeylər işə yaradı.
İşi axsamaq – geri qalmaq, çatdıra bilməmək, işi yaxşı getməmək. İşimiz hələ də axsayır.
İşi avand olmaq – işi uğurlu olmaq, işi baş tutmaq, arzusuna, məqsədinə çatmaq, işi müvəffəqiyyətli olmaq.
İşi başından aşmaq – həddindən artıq işi olmaq, bərk məşğul olmaq.
İşi bitmək – müvəffəqiyyətsizliyə uğramaq, iflas etmək, uğursuzluqla qurtarmaq, düzəlməsinə heç bir ümid yeri qalmamaq.
İşi dəymək – işə mane olmaq, əngəl törətmək.
İşi düşmək – hər hansı bir münasibətlə müraciət etməli olmaq, birindən bir şey xahiş etmək, birinin köməyinə ehtiyacı olmaq. Adamın adama işi düşər.
İşi düyünə düşmək – çətinlik qarşısında qalmaq, dolaşıb qalmaq, çıxış yolu tapa bilməmək.
İşi düz gətirmək – işi istədiyi kimi getmək, müvəffəqiyyət qazanmaq.
İşi düz gətirməmək – işində müvəffəqiyyətsizliyə, çətinliklərə rast gəlmək, işi istədiyi kimi getməmək.
İşi düz olmaq – heç bir əngəl, maneçilik olmamaq, hər bir şey istənilən qaydada olmaq.
İşi gətirmək – xeyir görmək, qazanmaq, fayda görmək, bəxti gətirmək, işi uğurlu olmaq.
İşi qatışmaq (pırtlaşmaq) – bax işi düyünə düşmək.
İşi müşkülə düşmək – bax işi düyünə düşmək.
İşi olmamaq – 1) dəyməmək, toxunmamaq, qarışmamaq, heç bir münasibət göstərməmək. Uşaqda işin olmasın. Onda işin olmasın;
2) əlaqəsi olmamaq, xoşu gəlməmək, xoşlamamaq, sevməmək.
İşi sahmanlamaq – yerbəyer etmək, qaydaya salmaq, düzəltmək.
İşi şuluq (fırıq) olmaq – 1) işinin üstü açıldığı üçün təhlükə, ağır məsuliyyət, cəza gözləmək.
2) ümumiyyətlə, ağır vəziyyətdə olmaq, həyatı təhlükə qarşısında olmaq.
İşi tutmaq – bax işi gətirmək. Sizə rast gəldiyim üçün işim tutmadı. “M.N.lətif.
İşi yaş olmaq – vəziyyəti pis olmaq, uğursuzluğa, müvəffəqiyyətsizliyə uğramaq; qorxulu vəziyyət içərisində olmaq.
İşi yeritmək – məqsədə çatana kimi əl çəkməmək, fəaliyyətini davam etdirmək.
İşim (işin) yoxdur – qarışmıram (qarışma), mənə (sənə) dəxli yoxdur.
İşin içindən çıxmaq – hər hansı bir yolla çətin, mürəkkəb vəziyyətdən çıxmaq. Ər-arvad çənə-boğazda, mollanı fikir götürür ki, işin içindən necə çıxsın. “M.N.lətif.
İşin (işlərin) başı – əsas səbəbkar.
İşin qabağına kötük itələmək – bir işə mane olmağa, əngəl törətməyə, qarşısını almağa çalışmaq.
İşin olanı – həqiqət, gerçək, fakt. İşin olanı budur ki, söylədim.
İşin(iz) olmasın – toxunma(yın), qarışma(yın), baş qoşma(yın).
İşin ucunu (çəmini) tapmaq – işin yolunu tapmaq, işə öyrəşmək, çətinlikləri aradan qaldırmağı öyrənmək.
İşin üstündə olmaq – idarə etmək, rəhbərlik etmək, dolandırmaq (toyda, yasda, məclisdə və s.-də).
İşini bilən – öz xeyrini, mənfəətini güdən, tədbirli adam haqqında.
İşini bitirmək məc. – öldürmək.
İşini gör! İşinə var! İşində ol! – əhəmiyyət vermə, fikir vermə, işin yoxdur.
İşini görmək – öz təsirini göstərmək.
İşini qatmaq – bax işini bitirmək.
İşini möhkəm tutmaq – görəcəyi işin nəticəsini göz qabağına alaraq tədbirli hərəkət etmək, hərtərəfli düşünüb hərəkət etmək.
İş(lər)i yoluna qoymaq – işi qaydaya salmaq, yerbəyer etmək, nizama salmaq.
Özünə iş açmaq, özünü işə salmaq – düşünməməzlik nəticəsində özünü çıxılmaz vəziyyətə, dolaşığa, xatalı işə sövq etmək.