Keşişkənd (şəhər)
Yeğeqnadzor — Ermənistan Respublikasında, Başkənd çayı yaxınlığında şəhər, 1995-cil ildən Vayoc dzor mərzinin inzibati mərkəzi. Rəsmi olaraq 3 yanvar 1935-ci ilədək "Keşişkənd", 1935–1957-ci illərdə "Mikoyan", 1957-ci ildən (Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 6 dekabr, 1957-ci il tarixli fərmanı ilə) isə "Yeğeqnadzor" (erm. Եղեգնաձոր; erməni dilində mənası: "Qamışlı dərə") adlanır. 7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu"na əsasən "Yeğeqnadzor bələdiyyəsi"ni təşkil edir. Bələdiyyənin ərazisi 2.642 hektar və ya 0.2642 km²-dir.
== Etimologiya ==
Dərələyəz mahalında heç kim bu qəsəbə adına Keşişkənd demirdi, hamı buna "Keşkənd" və ya "Keşkəndi" deyirdi. Toponim qədim türk dilində "keçid, bərə, körpü" mənasında işlənən keçiş (sözün birinci hecasındakı "ç" səsi, "ş" səsi ilə əvəzlənərək söz keşiş formasını alıb. Azərbaycan dilində ç→ş səs əvəzlənməsi qanunauyğun haldır) sözü ilə, türk dilində "şəhər", "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
== Tarixi ==
"Keşişkənd" adı 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində toponim kimi qeyd edilmişdir.